Dünya

ABŞ Rusiyaya qarşı müqavimət üçün Ukraynaya “sürətli dəstək” vəd edir

Çərşənbə günü Bayden Administrasiyası “Ukraynanı müharibədə qələbə üçün zəruri olan alətlərlə dəstəkləmək” üçün “sürətli hərəkət etməyi” vəd edib. Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Rusiyanın Ukraynaya hücumu 10 aydır davam edir və bu qış biz Putinin dinc sakinlərə yönəlmiş yeni yanaşmasını müşahidə edirik”, deyə Jan-Pyer çərşənbə günü keçirilən brifinqdə bildirib. “ABŞ bundan sonra da Ukraynanı lazım olduğu qədər dəstəkləyəcək”, deyə o əlavə edib.

Ötən həftə Vaşinqton Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun başlanğıcından etibarən ən böyük hərbi yardım paketini elan edib.

Gələn həftə müdafiə naziri Lloyd Ostin və Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri, ordu generalı Mark Milli “Ukraynanın gələcəkdə uğur əldə etmək üçün ehtiyaclarını müzakirə etmək məqsədilə” Almaniyada Ukraynanın müdafiəsi üzrə əlaqə qrupu ilə görüş keçirəcək, deyə Ostin Dövlət Departamentində keçirilən Amerika-Yaponiya mətbuat konfransında bildirib.

“Siz eşitmisiniz ki, biz dəfələrlə Ukraynanı lazım olduğu qədər dəstəkləyəcəyimizi demişik, müttəfiqlərimiz və tərəfdaşlarımız da eyni hissi bölüşür”, deyə Ostin bildirib.

Dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton G7-dən olan tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı əlaqələndirilmiş sanksiyaların tətbiq edilməsi və Ukraynaya enerji sistemlərinin bərpasında və qorunmasında köməklik göstərilməsi üzərində işləyir.

“Biz Yaponiyanın bu il G7-yə sədrliyi zamanı bu və digər prioritetlər üzrə iddialı gündəlik irəli sürülməsinə liderlik edəcəyinə ümid edirik”, deyə o bildirib.

Blinken deyib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü Avropada baş versə də, bunun bütün dünya ölkələri, o cümlədən Asiya ölkələri üçün ciddi nəticələri var, “çünki bu, təkcə Ukraynaya deyil, suverenlik, müstəqillik, ərazi bütövlüyü, öz gələcəyini müəyyən etmək hüququ kimi prinsiplərə əsaslanan beynəlxalq nizam-intizama meydan oxumaqdır”.

Bənzər yazılar

Back to top button