ManşetSiyasət

“Azərbaycan ehtiyatlanır ki, biz məsələni həll edib onların ərazi bütövlüyünə qarşı yeni proseslərə başlayarıq”

Ermənistanın Baş naziri Nikol Paşinyan BBC News Azərbaycancanın suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:

– Azərbaycanla Ermənistanın sülh müqaviləsi üçün təkliflərində bir-birinə ziddiyyət təşkil edən məqamlar varmı və nədir? Ehtimal olunurdu ki, keçən ilin sonuna kimi sülh müqaviləsi imzalanar. İmzalanmadı. Bunun baş tutmamasının əsas səbəbi nədir?

– Əslində ziddiyyət təşkil edən məqamlar bunlardır. Birincisi, ərazi bütövlüyü deyərkən, nə nəzərdə tutulur. … Bəli ziddiyyətlər olub, lakin mən sizə təklif mətnindəki cümlələri təqdim etmək istəmirəm, məzmunu təqdim etmək istəyirəm.

– Bir-birinə ziddiyyət təşkil edən bəndlər varmı və varsa, hansılardır?

– Elə onu təqdim etməyə çalışıram, çünki əslində ziddiyyət təşkil edənləri də var, etməyənləri də. Dediyim kimi, həmin mətndə olmalıdır ki, Ermənistan Respublikası və Azərbaycan Respublikası bir-birinin ərazi bütövlüyünü tanıyır.

Prinsipcə, biz də Azərbaycan da buna razıyıq. Ziddiyyət ondadır ki, Azərbaycan “Ermənistan Respublikasının ərazisi” deyəndə, nə nəzərdə tutur. Ermənistan “Azərbaycan Respublikasının ərazi bütövlüyü” deyəndə, nə nəzərdə tutur.

Daha açıq deyim. Məsələ ondadır ki, bizim şübhələrimiz vardır ki, Azərbaycan bizimlə qarşılıqlı surətdə ərazi bütövlüyünün tanınması haqqında əraziləri təsbit etməyən müddəa imzalamağa çalışır. İmzaladıqdan sonra isə demarkasiya və delimitasiya prosesi əsnasında yeni ərazi iddiaları irəli sürməyə başlayar. Məsələn, deyək ki, Sünik və ya hər hansı başqa ərazi Ermənistan ərazi bütövlüyünə daxil deyil.

Azərbaycan isə öz növbəsində ondan ehtiyatlanır ki, Ermənistan Respublikası öz 29,8 kvadrat kilometr ərazisinə zaminlik verən sənəd imzalayaraq, bu məsələni həll edib bir yana qoyar və Azərbaycanın dövlətçiliyi və ərazi bütövlüyünün parçalanmasına yönəlmiş yeni hərəkət və proseslərə başlayar.

Belə ki, bizim ehtiyatlanmalarımız güzgüvaridir.

Niyə? Ona görə ki, qarşılıqlı etimad yoxdur. Ona görə ki, tərəflər düşünürlər ki, tərəf müqabili sülh istəyir, lakin onun maraqları, dövlətçiliyi, müstəqilliyi, suverenliyi hesabına.

Çünki biz düşünürük ki, onlar bizim dövlətçiliyimizi ləğv etmək istəyirlər, onlar da düşünürlər ki, ola bilsin, biz hazırda o qədər güclü deyilik ki, onların dövlətçiliyini ləğv edək, ancaq vaxt uzadırıq ki, güc toplayıb onların dövlətçiliyini ləğv edək.

Fundamental problemdir… Odur ki, deyirəm: bunun mətnə aidiyyəti yoxdur, bu, psixoloji, tarixi, sosial-psixoloji problemdir…

O cümlələr bu problemi həll etməsə, heç nə olmayacaq…

Mən bunları nə çox yaxşı, nə də çox pis şey kimi demirəm. Mən istəyirəm ki, həmçinin sizin vasitənizlə bizim ictimaiyyət və müəyyən mənada Azərbaycan ictimaiyyəti problemin mahiyyətini anlasın.

Ona görə ki, Azərbaycan… Baxın, biz nə qədər də desək ki, Dağlıq Qarabağ (qondarma Dağlıq Qarabağ Respublikası – red.) problemi bizim üçün ərazi məsələsi deyil, insan haqları məsələsidir, Azərbaycan elə dərk etmir. Azərbaycan belə anlayır ki, biz Dağlıq Qarabağ problemi deyərkən, hətta Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi deyərkən, Azərbaycana dair ərazi iddiaları formalaşdırırıq.

Sual olunur: Bəs Azərbaycan nə istəyir? Azərbaycanın anlayışı nədir? Əlaqələrimiz əsnasında məlum etmişik ki, dırnaqarası nikbin və bədbin variantlar mövcuddur.

Azərbaycanlılar nə deyir? Deyir ki, odur, Gürcüstanda ermənilər gürcülərlə heç bir status olmadan yanaşı yaşayırlar. Siz niyə bu modelə razı deyilsiniz?

Bizim anlayışımızda bu model o deməkdir ki, azərbaycanlılar elə etmək istəyirlər ki, Dağlıq Qarabağ erməniləri oradan çıxsınlar və onlar ermənilər olmayan Qarabağ əldə etsinlər.

– Necə şərait yaranmalıdır ki, Ermənistan inansın ki, Azərbaycanla sənəd imzalamaq olar?

– Bunun mexanizmləri var. Onlardan biri, məsələn, sülh sazişi kontekstində konkret sərhədlər təsbit etməkdir. Məsələn, sülh müqaviləsinə xəritə qoşmaq ki, Ermənistan Respublikası bu qədərdir. Budur Ermənistan Respublikasının ərazisi və Azərbaycan bu ərazini tanıyır. Eyniliklə Ermənistan da Azərbaycan Respublikasının ərazisini tanıyır.

Bənzər yazılar

Back to top button