İqtisadiyyat

Kəmaləddin Heydərova bağlı şirkətlər bu dəfə “Paşa Holdinq”ə yox, “Libraff”a qoşuldular

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan 2 şirkət – “Azbookgroup” MMC (VÖEN -1702073941) və “Azhobco” MMC (VÖEN – 1701992931) fəaliyyətinə xitam verilərək “Libraff” MMC-yə (VÖEN -1702192791) qoşulduqlarını elan ediblər.

Yeniavaz.com xəbər verir ki, hər 3 şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, ev 31” ünvanında yerləşir.

Qeyd edək ki, “Libraff” MMC-nin sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. Ləğv olunan “Azhobco” MMC və “Libraff” MMC-nin qanuni təmsilçiləri eyni şəxsdir. Hər iki şirkətə İbrahimov Nicat Rüstəm oğlu rəhbərlik edir. Ləğv olunan digər şirkətin qanuni təmsilçisi isə Muradov Cəmil Tahir oğludur. Cəmil Muradov “Gilan Holdinq”ə bağlı onlarla şirkətə rəhbərlik edib. Eyni zamanda Muradovun Kəmaləddin Heydərovun xalası oğlu olduğu barədə mətbuatda çoxsaylı məlumatlar yayılıb və bu günə kimi təkzib olunmayıb.

Onu da bildirək ki, son zamanlar Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan onlarla şirkət ləğv olunaraq digər şirkətlərə qoşulublar. Ləğv olunan şirkətlərin əksəriyyəti “Paşa Holdinq”ə bağlı olan şirkətlərə birləşib. Lakin, göründüyü kimi bu gün ləğv olunduqlarını açıqlayan “Azbookgroup” MMC və “Azhobco” MMC “Paşa Holdinq”ə deyil “Libraff” MMC-yə qoşulduqlarını bəyan ediblər.

Bənzər yazılar

Back to top button