Siyasət

Azərbaycan və İtaliya hərbi əməkdaşlığı möhkəmləndirir

Azərbaycanın müdafiə naziri Zakir Həsənov yanvarın 12-də İtaliyanın müdafiə naziri Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

Həsənov nümayəndə heyətini Vətən müharibəsindən (2020-ci il 27 sentyabr-10 noyabr – red.) sonra bölgədə yaranan hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb.

Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində, eləcə də NATO çərçivəsində əməkdaşlığın sürətlə davam etdiyi və bu münasibətlərin yüksək qiymətləndirildiyi vurğulanıb. “Bu səfər Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq sahəsində yeni inkişaf mərhələsinin başlanğıcıdır”, deyə Həsənov səfəri dəyərləndirib.

Krosetto isə öz növbəsində hər iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

İtaliya müdafiə naziri iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Sonda hər iki ölkənin müdafiə nazirləri təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolunu imzalayıblar.

Bənzər yazılar

Back to top button