ManşetSiyasət

“Siyasi partiyalar haqqında” Qanunu pozsan…

Yanvarın 11-də Prezident İlham Əliyev mübahisəli “Siyasi partiyalar haqqında” Qanunu təsdiqlədi. Bununla bağlı fərmanın bir bəndində prezident Nazirlər Kabinetinə tapşırır ki, “Siyasi partiyalar haqqında” Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyənləşdirən qanun layihəsini iki aya hazırlayıb ona təqdim etsin.

Bu tapşırıqla bağlı Nazirlər Kabineti ilə danışmaq mümkün olmayıb. Amma Milli Məclisin deputatı Fazil Mustafa “Turan”a bildirib ki, “Siyasi partiyalar haqqında” Qanunun özündə məsuliyyət yaradan məsələləri müvafiq icra hakimiyyəti orqanı qaldırır: “Məsələn, konkret olaraq Mərkəzi Seçki Komissiyası partiyaların maliyyə fəaliyyətinə nəzarət edir, partiyalar onunla bağlı hesabat verir. Vermədikdə onlarla bağlı məhkəmədə məsələ qaldırılır. Bütün məsələlər məhkəmədən keçir”.

Onun sözlərinə görə, konkret Nazirlər Kabinetinə verilən bu tapşırıq da bilavasitə məhkəməyə qədərki məsuliyyət prosedurunun hazırlanması ilə bağlıdır: “Yəni ki, hansı qurum hansı məsələləri qaldıra bilər. Məsələn, Ədliyyə Nazirliyi partiyalar qanunvericiliyin tələblərinə əməl etmirsə, məsələ qaldıra bilər və s.”.

Müsavat başqanı Arif Hacılı isə AzadlıqRadiosuna bildirib ki, yeni “Siyasi partiyalar haqqında” Qanunun qəbulu və bundan sonra atılan addımlar ölkədə siyasi partiyaların fəaliyyətini daha da məhdudlaşdırmaq məqsədi daşıyır: “Ölkədə normal siyasi rəqabət üçün şərait yoxdur. Sadəcə indi hakimiyyət partiyaların fəaliyyətini məhdudlaşdırmaq, partiyaların ləğvi, partiyaların qeydiyyata alınmasından imtina və bu tipli məsələləri qanuniləşdirməyə çalışır”.

Onun sözlərinə görə, baş verənlər bir planın tərkib hissəsidir: “Uzun illərdir ki, ölkədə faktiki olaraq birpartiyalı sistem yaratmaq məqsədini həyata keçirmək planı reallaşdırılır”.

A.Hacılının fikrincə, partiyaların qeydiyyatının ləğvi ilə yanaşı, yeni qanunla partiya rəhbərlərinin da inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi gündəmə gələ bilər.

Hüquqşünas Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, bu, əslində qanunvericilik baxımından normal bir prosedurdur: “Çünki yeni qanun qəbul olunduqdan sonra bu qanunla müəyyən edilən məhdudiyyətlərlə əlaqədar İnzibati Xətalar Məcəlləsində, yaxud Cinayət Məcəlləsində hansı sanksiyalar olmalıdır, ona uyğun təkliflər hazırlanmalıdır. Bu da Nazirlər Kabinetinin vəzifəsidir”.

Ekspertin sözlərinə görə, bu, sıradan qanunvericilik yaradıcılığı məsələsidir: “Hazırkı İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində də “Siyasi partiyalar haqqında” Qanunun tələblərinin pozulmasına görə məsuliyyət var və böyük ehtimalla bu qanunun yeni müddəaları bir daha nəzərdən keçiriləcək”.

Bənzər yazılar

Back to top button