Dünya

“The Economist”: “Əks halda bu müharibə Kremlin qələbəsinə bərabər olacaq”

“Ukrayna Rusiya qoşunlarını öz torpaqlarından çıxarmaq üçün kifayət qədər tank və digər ağır texnika əldə etməlidir, əks halda qeyri-müəyyən demarkasiya xətti ilə uzun sürən müharibə Kremlin qələbəsinə bərabər olacaq”.

Bu, “The Economist” qəzetinin redaksiya məqaləsində Qərb ölkələrinə edilən çağırışdır.

Qaynarinfo, “Qərb Ukraynanı tanklarla təmin etməlidir” başlıqlı məqalənin tərcüməsini təqdim edir.

Rusiyanın Ukraynaya səbəbsiz işğalına başlamasından təxminən 11 ay sonra müharibə statik xarakter alır. İki ay əvvəl Xersonun azad edilməsindən sonra cəbhə xətti çox da dəyişməyib. Döyüşlər ölkənin şərqində, rusiyalıların avqust ayından dəhşətli qiymətə ələ keçirməyə çalışdıqları Bahmut şəhəri ərazisində, cəbhənin qısa bir hissəsində əsasən qanlı döyüşlərlə məhdudlaşır (yanvarın 10-da onlar yaxınlıqdakı Soledar şəhərini ələ keçirdiklərini iddia ediblər, lakin hətta bu iddia belə mübahisələndirilir). İrəliləyə bilməyən Rusiya Ukraynanın mülki infrastrukturuna zərbələr endirir. Ukrayna, bununla belə, get-gedə raketləri və dronları məhv etməkdə daha yaxşı nəticə göstərir, həmçinin sürətli təmir və çoxlu ehtiyat generatorlar sayəsində zərərləri minimuma endirir.

Bununla belə, dondurulmuş münaqişə işğalçıya sərf edir, Ukraynanı zəif və həssas, şikəst iqtisadiyyatını xarici yardımdan asılı qoyur, Rusiya isə Ukraynanın dənizə və dünyaya çıxışını təmin edən həyati əhəmiyyət kəsb edən sahil xətti boyunca yerləşib. Dondurulmuş münaqişə Rusiyaya oturuşmaq, mövqelərini möhkəmləndirmək və yeni hücuma hazırlaşmaq üçün vaxt verir. Buna görə də, Ukrayna cavab zərbələrini davam etdirməli və üçüncü böyük əks-hücum əməliyyatına başlamağı planlaşdırmalıdır.

Yaxşı xəbərdir ki, Amerika, Almaniya və Fransa nəhayət daha güclü silahlar – “Bradley” döyüş maşınları, buna oxşar fransız AMX-ləri və alman “Marder”ləri göndərirlər. Lakin bu kifayət deyil; bunlar daha möhkəm zirehlərə və daha güclü silahlara malik real tanklar deyil, topları olan BTR-lərdir. Rusiyanı işğal edilmiş torpaqlardan çıxarmaq üçün Ukraynanın daha çox silahlara ehtiyacı olacaq: ağır tanklara və daha uzun mənzilli raketlərə.

Böyük Britaniyanın təxminən 10 ədəd “Challenger-2” döyüş tankının göndərilməsini təsdiqləməyə yaxın olduğu bildirilir. Ukraynanın digər müttəfiqləri də bundan nümunə götürməlidir; Polşa artıq hazır olduğunu nümayiş etdirib. ABŞ-ın “Abrams” tankları və alman “Leopard”ları – Ukraynanın artıq şərqi avropalı müttəfiqlərindən aldığı Sovet istehsalı olan maşınlardan qat-qat yaxşıdır, onlar Ukraynaya işğal olunmuş Krımı Rusiya ilə birləşdirən Rusiyanın nəzarətində olan quru körpünü nəzarətə götürmək və Rusiyanı ən azı keçən ilin fevralında işğal ərəfəsində olan sərhədə geri atmaq şansı verəcək. Ukraynanın HIMARS raket sistemləri üçün Qərb tərəfindən tədarük edilən daha uzun mənzilli döyüş sursatları öz logistik qovşaqlarını və komanda-nəzarət mərkəzlərini Ukrayna qoşunlarının əli çatmayan mövqelərə geri çəkən işğalçılara təzyiq göstərəcək.

Müharibə başlayandan bəri hər belə qərar kimi, silah tədarükündə belə bir eskalasiya riski mübahisəlidir. Ukraynanın bəzi Qərb müttəfiqləri qorxurlar ki, o, Kremlin Rusiya kimi tanıdığı Ukraynanın bəzi bölgələrindəki rus qoşunlarına deyil, Rusiyanın özünə hücum edərək Qərbi birbaşa münaqişəyə cəlb etməyə çalışa bilər. Başqa bir narahatlıq odur ki, Rusiya çox uzağa və ya çox tez geri atılarsa, Vladimir Putin eskalasiyaya gedə bilər və ən pis halda hətta nüvə müharibəsinə səbəb ola bilər.

Bu qorxular əsassız deyil. Bununla belə, Ukraynanın sponsoru və əsas silah tədarükçüsü kimi Qərb öz silahlarının Rusiyaya hücum üçün istifadə edilməməsində israr etmək imkanına malikdir. Üstəlik, Putin müharibənin əvvəlindən cəhənnəm alovu ilə hədələyib. Artıq işğalın birinci günündə o, bunları deyib: “Baş verən hadisələrə müdaxilə etmək istəyənlər […] bilməlidirlər ki, Rusiyanın cavabı dərhal olacaq və sizi tarixinizdə heç görüşmədiyiniz nəticələrə gətirib çıxaracaq…” Bu təhdidlərə baxmayaraq, Qərbin davamlı müdaxiləsinin heç bir aşkar nəticələri olmayıb. Heç İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətindən sonra da heç nə olmadı, halbuki, bu, Rusiya üçün qırmızı xətt olmalı idi.

Mübahisə etmək olar ki, bu, Qərb qradualizminə (səylərin tədricən artması) bəraət qazandırır. Amma vaxt azdır. Baxmayaraq ki, bu gün Xarkovda termometr -10°C göstərir, bu, çətin ki, hiss olunsun, ancaq yaza bir neçə həftə qalıb. Əgər Ukrayna dalandan çıxa bilməsə, 2014-cü ildə Rusiya və onun marionetləri Ukraynanın şərqində ərazilərin bir hissəsini ələ keçirəndə və şiddətli döyüşlər səngiyəndə iki tərəf arasında təmas xətti bir növ sərhədə çevrilən senarini təkrarlamaq riski daşıyır. Əgər belə olsa, Putin Ukrayna üzərində nəzarəti ələ keçirmək kimi ilkin məqsədinə çatmayacaq, lakin o, hələ də Ukraynanın çiçəklənən, demokratik, müstəqil ölkə kimi inkişafına mane ola bilər və bu, bir növ Rusiyanın qələbəsi sayılacaq.

Əgər Putin nüvə təhdidlərinin onun qələbəsini təmin etdiyi qənaətinə gəlsə, bu, dəhşətli presedent yaradacaq. Birincisi, bu, ona növbəti macərasında nüvə silahı ilə daha çox təzyiq göstərməli olduğunu bildirəcək. İkincisi, bu, hər bir potensial təcavüzkarı adi silahlar uğursuz olduqda qalib gəlmək üçün uran döyüş başlıqlarına diqqət yetirməyə təşviq edəcək. Əgər bu gün biz Putinin nüvə təhdidlərinə boyun əysək, sabah daha təhlükəli qarşıdurmalar yaranacaq.

Ukraynanı “Marder”lə təmin etməyin “Leopard” göndərməkdən qat-qat təhlükəsiz olması fikri yanlışdır. Müharibə təhlükəlidir, lakin Ukrayna bu işi sona qədər görməlidir. O, lazımi alətlərlə təmin edilməlidir.

Bənzər yazılar

Back to top button