Siyasət

Dövlət Departamenti: ABŞ siyasi məhbusların azad olunmasına yardım etməkdən ötrü “mümkün olan hər şeyi edəcək”

Cümə axşamı Dövlət Departamenti bildirib ki, Birləşmiş Ştatlar bütün dünyada üzrlü səbəb olmadan saxlanılan siyasi məhbusların azad edilməsinə kömək etmək üçün “mümkün olan hər şeyi” edəcək, Turan-ın Vaşinqton müxbiri məlumat verib.

“Biz həmin şəxslərin azadlığa buraxılmasını istəyirik”, – mətbuat katibi Ned Prays mətbuat brifinqində ABŞ-ın siyasi məhbusların, o cümlədən azərbaycanlı Elçin Məmmədin azad edilməsi üçün ABŞ-ın son təşəbbüsü ilə bağlı Turan-ın sualının cavabında deyib.

“Biz dünyada bütün siyasi məhbusların üzrlü səbəb olmadan saxlanılmadığına əmin olmaq üçün bu səyləri davam etdirəcəyik”, – o deyib.

Çərşənbə günü ABŞ “Ədalətli səbəb olmadan” təşəbbüsünün başladığını elan edib. Məqsəd dünyada haqsız yerə həbs edilmiş siyasi məhbuslar barədə beynəlxalq birliyin məlumatlandırılmasını artırmaq və onların azad edilməsinə çağırmaqdır.

“Bu, siyasi məhbusların, üzrlü səbəb olmadan həbs edilənlərin, öz əqidəsinə, hüquq-müdafiə fəaliyyətinə, hökumətə və ya rejimə təhlükə törətdiklərinə görə saxlanılanların işlərində üzləşdiyimiz problemi işıqlandırmaq, diqqəti cəlb etmək cəhdidir. Təkcə bu kampaniya çərçivəsində adları çəkilən adamlar siyasi məhbuslar deyil, onların sayı minlərlədir”, – Prays deyib.

Azərbaycanlı jurnalist və hüquqşünas, hüquq müdafiəçisi Elçin Məmməd ABŞ Dövlət Departamenti tərəfindən qeyd olunan 16 nəfərdən biridir. O 2020-ci ilin martında ölkədə insan hüquqlarının vəziyyətini tənqid edən hesabatın dərcindən qısa müddət sonra həbs olunub və 4 il müddətinə azadlıqdan məhrum edilib.

“Ədliyyə sistemindən ədalətə nail olmaq üçün istifadə edilməlidir, insan hüquqlarını müdafiə edənləri cəzalandırmaq üçün yox”, – Departamentdə bildiriblər. “Elçin Məmməd və digər siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilməlidir”.

Bənzər yazılar

Back to top button