Hadisə

Narkotik vasitələri uçuş aparatı vasitəsilə Azərbaycana keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıb

Azərbaycana narkotikləri uçuş aparatı ilə keçirən İran vətəndaşı saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda deyilir.

Məlumata görə, DİN və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının birgə keçirilən növbəti əməliyyatı nəticəsində qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Məlumatda vurğulanır ki, Füzuli rayonunun Qaradağlı kəndi ərazisində keçirilən tədbirlərlə İran vətəndaşı, 1980-cı il təvəllüdlü Fərhadi Hosein Qulaməhməd oğlu narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Ondan 35 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana, metamfetamin və 360 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Hosein Fərhadi onda aşkar olunmuş narkotik vasitələri həmyerlisi “Nadir” adı şəxslə öncədən razılaşmaqla sərhəd bölgəsində yerləşən Füzuli rayonuna çatdırdığını bildirib.

Məlumatda qeyd edilir ki, saxlanılan şəxs narkotik vasitələri bu məqsəd üçün xüsusi hazırlanmış motoparaplan (uçuş aparatı) vasitəsilə keçirməyə cəhd göstərib.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bənzər yazılar

Back to top button