Dünya

ABŞ insan hüquqlarının “kobud” pozuntularına görə İran rejimini məsuliyyətə cəlb edəcəyinə söz verir

Cümə günü Bayden Administrasiyası insan hüquqlarının “kobud” pozuntularına görə İranı məsuliyyətə cəlb edəcəyinə söz verib, belə ki, Tehran beynəlxalq etirazlara baxmayaraq, İran-Britaniya vətəndaşını edam cəzasına məhkum edib, ümummilli etirazlar zamanı digər şəxslər barəsində də ölüm hökmləri çıxarıb.

“Əli Rza Əkbəriyə qarşı ittihamlar siyasi motivli idi. Onun edamı vicdansızlıq olardı”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel gündəlik brifinqdə bildirib.

“Cənab Əkbəriyə narkotik vurulması, həbsdə saxlanıldığı zaman işgəncələrə məruz qalması, min saat ərzində dindirilməsi və yalan ifadə verməyə məcbur edilməsi haqqında məlumatlar bizi narahat edir”, deyə o bildirib.

“Geniş mənada İranın özbaşına və ədalətsiz həbslər, məcburi ifadə almaq və siyasi motivli edamlar təcrübəsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır”.

Turan-ın Vaşinqtonun İran rejiminin bu hərəkətlərini dayandırmaq üçün hər hansı alətə malik olub olmadığı haqqında sualına cavabda Patel deyib ki, Administrasiya İran rejimini məsuliyyətə cəlb etmək üçün addımlar atıb və “biz müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx əməkdaşlıq edərək bunu davam etdirəcəyik”.

İnsan hüquqlarının kobud pozuntularına görə İslam Respublikasının ali liderini cəzalandırmağa dəyər? Bu suala Patel birbaşa cavab verməyib, Vaşinqtonun “İran rejimini insan hüquqlarının kobud pozuntularına, öz xalqını qətl etdiyinə görə məsuliyyətə cəlb etmək üçün əlindən gələni etməyə davam edəcəyini” təkrar edib.(Turan)

Bənzər yazılar

Back to top button