Hadisə

Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi təşkilat ofisdən çıxarılıb

İctimai fəal Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi İctimai-Siyasi İnstitut 2015-ci ildən qərarlaşdığı ofisdən çıxarılıb.

Bu barədə Müdafiə Xətti hüquq müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, həmçinin ofisdə qərarlaşan Ziya Quliyevin rəhbərlik etdiyi Hüquqi Təşəbbüslər Mərkəzi və Müdafiə Xətti hüquq müdafiə təşkilatı da çıxarılıb.

“Biz ofisin yerləşdiyi Caspian Plaza biznes mərkəzinin rəhbərliyində hər hansı bir günah görmürük. Bu hakimiyyətin repressiv siyasətinin nəticəsidir. Hakimiyyət zaman-zaman Caspian Plazanın rəhbərliyinə təzyiq edib ki, bizim təşkilatları bu ofisdən uzaqlaşdırsınlar. Bəxtiyar Hacıyevin həbsindən sonra bu təzyiqlər daha da ciddiləşdi və dekabrın 9-da ofisdə Hacıyevin hüquqlarını ictimai müdafiə komitəsinin mətbuat konfransı keçirməsinə imkan verilmədi. Nəhayətdə yanvarın sonunadək ofisi tərk etməmizi istədilər”, o qeyd edib.

Hüquq müdafiəçisi hesab edir ki, Caspian Plazanın rəhbərliyinə daha yüksək səviyyədə təzyiqlər olub.

“Bizə Caspian Plazanın rəhbərliyi adından yanvarın 11-də bizə bildirildi ki, problem yaşamaq iatəmirlər və yanvarın sonunadək ofisi tərk etməliyik”.

Zaur Əkbərin sözlərinə görə, qeyri-hökumət təşkilatlarının ofisdən çıxarılması yalnız Bəxtiyar Hacıyevə deyil, bütövlükdə vətəndaş cəmiyyətinə qarşı təzyiqdir.

“Burada Bəxtiyar Hacıyevin təşəbbüsü ilə Caspian Platforum fəaliyyət göstərirdi. Bu platforma çərçivəsində vətəndaş cəmiyyətləri, ekspertlər, ictimai-siyasi xadimlər burada mətbuat konfransları keçirirdi, müxtəlif mövzularda müzakirələr təşkil edilirdi. Bu repressiv siyasət yalnız Bəxtiyar Hacıyevə, bizə qarşı deyil bütövlükdə müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətinə zərbədir“, o qeyd edib.

Azərbaycan rəsmiləri bu məlumata hələ münasibət bildirməyib. Bununla yanaşı, rəsmi bir qayda olaraq insanların əqidələribnə görə təqib olunmadığını bildirir.

Bənzər yazılar

Back to top button