Mədəniyyət

Şuşa şəhərinin abidələri beş il ərzində bərpa olunacaq

Şuşa şəhərinin erməni işğalı illərində dağıdılmış mədəni irsinin beş il ərzində bərpa edilməsi nəzərdə tutulur. Bu barədə Turan-ın müxbiri ilə söhbətində Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin Tarixi-Mədəni İrsin Qorunması Şöbəsinin müdiri Elmira Fərzəliyeva bildirib.

O xatırladıb ki, işğal dövründə şəhərin tarix və mədəniyyət abidələrinin 90%-ə qədəri dağıdılıb və ya zədələnib.

Şəhərin azad edilməsindən sonra iki il ərzində Bülbülün ev muzeyi, Köçərli və Mamay məhəllərində bulaqlar, Xan qızı bulağı bərpa edilib.

Üzeyir Hacıbəyovun ev-muzeyi və Mehmandarovların evinin bərpası yekunlaşmaq üzrədir. Musiqiçi Sadıxcanın evinin və Natəvanın evinin bərpasına başlanılır.

Digər abidələrin bərpasına hazırlıq gedir.

Fərzəliyevanın sözlərinə görə, beş il sonra şəhərin mədəniyyət abidələri 1992-ci ilin mayında işğaldan əvvəlki görünüşlərini alacaqlar.

2023-cü ilin sonuna qədər şuşalıların doğma şəhərlərinə qayıdışının başlayacağı gözlənilir. Bu məqsədlə 23 yaşayış binası, 960 şagird üçün məktəblər tikilir, xəstəxana tikintisinə başlanılır. Ümumilikdə şəhərə 25 min nəfərin qaytarılması nəzərdə tutulur, deyə Fərzəliyeva bildirib.

Öz növbəsində, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov öncə bildirmişdir ki, işğal dövründə 300-ə yaxın tarix və mədəniyyət abidəsi, 550 qədim yaşayış binası dağıdılıb.

7 may 2021-ci il tarixində Şuşa şəhəri rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtı elan olunub.

Bənzər yazılar

Back to top button