“Səbail”in Antalyaya apardığı fanat: “Diniyev komandaya bu keyfiyyətləri gətirib”

Yanvarın 3-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail”in hazırlığını azarkeşləri də izləyib.
Fanat.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi bir neçə fanatın qardaş ölkəyə səfərini təşkil edib.
“Dənizçilər”in fanklubunun rəhbəri Atif Rüstəmli saytımıza açıqlamasında səfər təəssüratlarını bölüşüb: “Antalya məşq toplanışına fankulub olaraq qatılmağımız tamamilə klub rəhbərliyinin təşəbbüsü idi. Mən və fanklubun seçilmiş köhnə azərkeşlərindən iki nəfər komandanın təlim-məşq toplanışını və bir yoldaşlıq oyununu izləmək üçün dəvət olunmuşduq. Fürsətdən istifadə edib “Səbail” rəhbərliyinə minnətdarlığımızı bildiririk.
Bildiyiniz kimi, komanda Lara bölgəsində yerləşən “Miracle” otelində məskunlaşıb. Təəssüratlarımız çox əladır. Bizim üçün də bir dəyişiklik oldu. Üç günlük səfər çərçivəsində komandanın düşərgəsində olduq, hər şeyi yaxından izlədik. Yeni baş məşqçimiz Şahin Diniyev maraqlı, əyləncəli məşqlər keçir. Şahin müəllim istəkli mütəxəssisdir. Onun gəlişi ilə komandada da istək, yüksək motivasiya və əzmkarlıq müşahidə etdik. İnanırıq ki, onun aşıladığı bu keyfiyyətlər komandanın kubokun finalına yüksəlməsinə şərait yaradacaq. Liqa da üst sıralarda yer alacağımıza inanırıq. Çempionatın sonuna hələ çox var. “Dənizçilər” fanklubu olaraq, bu yolda komandamızın yanında olacağıq və əlimizdən gələndən daha artığını edəcəyik”.