Dünya

“Ermənistan Aİ-yə daxil olmaq ideyasını müzakirə edir” – Mirzoyan

“Aİ-yə daxil olmaq ideyası Ermənistanda fəal müzakirə olunan bir sıra məsələlərdən biridir”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Türkiyənin “TRT World” telekanalına müsahibəsində bildirib.

“Son üç-dörd il ərzində üzləşdiyimiz bütün çətinlikləri nəzərə alaraq, Ermənistanda yeni imkanlar fəal şəkildə müzakirə olunur. Bu silsilədə Aİ-yə üzvlük ideyasının da olduğunu desəm, yəqin ki, yeni bir sirr açmış olmayacağam. Ermənistan xalqının Avropa istəkləri var.. Biz bir prosesdən keçirik və görək, bu prosesin sonu nə olacaq”, – deyə Mirzoyan mətni Xarici İşlər Nazirliyinin saytında dərc olunan müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanın Fransa və ABŞ ilə əməkdaşlıq üçün yeni imkanları var, Vaşinqtonla strateji dialoq qurulub, onun çərçivəsində yeni istiqamətlər nəzərdən keçirilir.

“Avropa İttifaqı haqqında da eyni şeyi deyə bilərəm. Bizim Aİ ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişimiz var. Biz viza rejiminin liberallaşdırılmasını, münasibətlərimizdə istifadə oluna biləcək bəzi yeni mexanizmlərin həyata keçirilməsini müzakirə edirik”, – Mirzoyan bildirib.

Qeyd edək ki, fevralda Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanın Aİ ilə münasibətləri dərinləşdirməyə və Aİ-yə üzvlüyə namizəd statusu almağa hazır olub-olmaması ilə bağlı sualı cavablandırmış və Ermənistanın onu maksimum təhlükəsizliklə təmin edəcək istiqamətdə hərəkət edəcəyini bəyan etmişdi.

Bənzər yazılar

Back to top button