DünyaManşet

Bayden Buçada kütləvi qətllərə görə Putini mühakimə etməyə çağırıb

Ukrayna paytaxtı yaxınlığındakı Buça şəhərində baş verən hadisələri şərh edən ABŞ prezidenti Co Bayden bazar ertəsi Rusiyanın hərbi cinayətlər törətdiyini bildirib və Moskvaya qarşı sanksiyaları davam etdirməyi vəd edib, bu barədə TURAN-ın Vaşinqtondakı müxbiri xəbər verib.

Ötən həftəsonu küçələrdə və kütləvi məzarlıqlarda yatan ölü insanların əksini tapdığı görüntülər yayılıb, bu da Kremlin hərəkətlərinin geniş şəkildə qınanmasına səbəb olub.

“Buçada baş verənlər dəhşətlidir, bu, hərbi cinayətdir”, deyə Bayden bildirib.

O, həmçinin Rusiyanın Ukraynada törətdiyi zorakılıq aktlarına görə Putini “hərbi cinayətkar” kimi məhkəməyə verməyə çağırıb. Bayden Rusiyaya qarşı yeni sanksiyaların bu həftə qüvvəyə minəcəyini açıqlayıb, bu barədə TURAN-a Vaşinqtondakı rəsmi mənbələr bildirib.

ABŞ Ukraynanın xahişi ilə “təqsirkarları məsuliyyətə cəlb etmək məqsədilə vəhşiliklərin dəlillərini yığmağa və təhlil etməyə kömək etmək üçün çoxmillətli beynəlxalq prokurorlar komandasını dəstəkləyir”, deyə bazar ertəsi Dövlət Departamenti bildirib.

Öz növbəsində, müdafiə naziri Lloyd Ostin rus qoşunlarının Buçada və bütün Ukraynada törətdiyi açıq-aşkar vəhşiliklərə qəzəbini ifadə etmək üçün Ukraynanın müdafiə naziri Aleksey Reznikovla danışıb, deyə Pentaqonun hesabatında bildirilir.

Ostin “ABŞ-ın təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün bütün mümkün sənədləşdirmə və məlumat mübadiləsi alətlərindən istifadə etmək öhdəliklərini təsdiq edib”, deyə ABŞ Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfildin sözlərinə görə, Vaşinqton həmçinin Buça hadisələrindən sonra Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasından çıxarılmasına nail olmağa çalışacaq.

“Rusiyanın İnsan Hüquqları Şurasında iştirakı məzhəkədir”, deyə o, bazar ertəsi bildirib. “Bu, Şuraya və bütünlükdə BMT-yə qarşı etibarı sarsıdır və bu, yolverilməzdir”.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlər qarşısında çıxış edərkən Bayden Administrasiyasının Rusiyanın yaxın günlərdə və yaxın həftələrdə necə hərəkət edəcəyi ilə bağlı təxminlərini açıqlayıb. Onun sözlərinə görə, Kreml qarşıya qoyulmuş məqsədlərə nail olunması kimi qələmə verilə biləcək zəfərlər əldə etmək üçün hücumlarını Donbasa yönəldəcək. “Rusiya öz qüvvələrini Ukraynanın şərqində və cənubunda hücumlar zamanı cəmləşdirmək üçün onların yerlərini dəyişdirir”.

Vaşinqton hesab edir ki, Rusiya qarşısına Ukraynanın Donetsk və Luqansk vilayətlərindəki qoşunlarını mühasirəyə almaq və talan etmək, Kiyev, Odessa, Xarkov və Lvov da daxil olmaqla, Ukraynanın qalan hissəsinə hava və raket zərbələrini davam etdirmək məqsədi qoyub, deyə Sallivan bildirib.

Bənzər yazılar

Back to top button