Hadisə

Polisin 8 yaşlı uşağı döyməsi yenidən araşdırılacaq

Yevlaxda 8 yaşlı uşağı döyməkdə ittiham olunan sabiq polis əməkdaşı Vüsal Hüseynov məhkəməyə çıxarılıb.

AzToday.az APA-ya istinadla xəbər verir ki, Yevlax Rayon Məhkəməsində keçirilən birinci iclasda onun barəsində inzibati icraata xitam verilib.

Hakim sənədlərə baxış keçirdikdən sonra işdə cinayət əlamətləri olduğu qənaətinə gəlib. Bu əsasla iş yenidən araşdırılması üçün istintaq orqanına qaytarılıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Yevlax rayonunda yaşayan bir nəfər rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı övladının sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib. Rayon sakini olan qarşı tərəf də polisə azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət ünvanlayıb. Müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub.

Yevlax şəhəri Sahib Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdinin Yevlax rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynovun xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin etməsi faktı ilə bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma başlayıb.

Baş Prokurorluğun təqdimatı əsasında daxili işlər nazirinin müvafiq əmri ilə Vüsal Hüseynov tutduğu vəzifədən azad edilib, həmçinin, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinə əsasən inzibati icraat açılaraq toplanmış materialar baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilib.

Bənzər yazılar

Back to top button