İdman

Şahruddinin zədələnməsi Qurban Qurbanovu çətin duruma saldı

Fevralın 16-da “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Bakı Belçika “Gent”i ilk oyununa çıxacaq. Bir həftə sonra bu komandalar səfərdə yenidən qarşılaşacaqlar. Buna qədər isə Ağdam təmsilçisi Premyer Liqada “Turan Tovuz”, “Şamaxı”, “Kəpəz” və “Sabah”la matçla daxil olmaqla 4 oyun keçirəcək.

Bu qış transfer pəncərəsi dövründə hələlik istədiyi transferləri reallaşdırmaqda çətinlik çəkən “Qarabağ” əsas oyunçularından Kadinin gedişi azmış kimi daha bir ciddi itki ilə üzləşib. Dünən məşq zamanı Şahruddin Məhəmmədəliyevin qolu qırılıb. Klubdan Qol.az-a verilən açıqlamaya görə, o, 2 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq. Bu, Şahruddinin “Gent”lə hər iki matçı buraxacağı mənasına gəlir. Bundan başqa, ehtiyat oyunçulardan müdafiəçi Abbas Hüseynov da zədə alıb. O isə ən azı 6 ay oynamayacaq.
Kadinin gedişi, Şahruddinin isə zədəsi baş məşqçi Qurban Qurbanovu çətin duruma salıb. Orta xətdə Filip Ozobiçin Kadinin yerini lazımında doldura biləcəyi sual altındadır. Həmçinin bu ilin ilk və hələlik sonuncu transferi olan vinger Adama Diakabinin “Gent”lə matçlara hazır olacağı ehtimalı da yüksək deyil. Məlumdur ki, o, 7 aydır futbol oynamır və forma yığması üçün müəyyən zaman və oyun praktikasına ehtiyacı var.

Şahruddinin zədələnməsi isə qapıda əlavə problemlər yarada bilər. Məhəmmədəliyev bu mövsüm avrokubok matçlarında bəzi matçlarda ciddi səhvlərə yol versə də, Q.Qurbanov “çərçivə”ni ona etibar edir və “bir nömrə”si sayır. Amma indi baş məşqçinin ixtiyarında iki qapıçı qalıb (Peşəkar Futbol Liqasına bu mövsüm üçün sifariş edilmiş). Bunlar gürcüstanlı Luka Quqeşaşvili və 20 yaşlı gənc qapıçı Amin Ramazanovdur. Hazırkı durumda Q.Qurbanovun Lukaya əsas heyətdə yer verəcəyi gözlənilsə də, komandaya təcili əlavə qapıçı da alınmalıdır. Çünki təminat yoxdur ki, bu iki qapıçıdan biri də zədələnməsin.

Lakin indiki fors-major durumda klub kimi alacaq? “Qarabağ” onsuz da istədiyi əcnəbi futbolçunu gətirmək sarıdan problem yaşayır. Əcnəbi qapıçı transferi baş tutmasa, mümkündür ki, digər klublarımızda çıxış edən yerli qapıçılardan biri ən azı icarə qaydasında, yaya qədər komandaya cəlb olunsun. Bu, “Səbail”dən Emil Balayev də ola bilər, “Zirə”dən Mehdi Cənnətov da.

Qurban Qurbanov ötən ayın sonları qol.az-a müsahibəsində bildirmişdi ki, qışda orta xətdə və hücuma yeni oyunçu cəlb etmək istəyir və bununla əlaqədar aktiv danışıqlar gedir. Yəni qapıçı transferi prioritet məsələsi deyildi. İndi isə vəziyyət dəyişib. O, həmin vaxt Kadinin mümkün gedişinin (braziliyalı hələ “Krasnodar”la danışıqlar aparırdı) komandaya əlavə problem yaradacağını və bundan narahat olduğunu söyləmişdi. Budur, Kadi “Qarabağ”dan gedib. Klub bunun üçün Azərbaycan reallığında yaxşı maddi qazanc əldə etsə də, fakt budur ki, önəmli oyunçusunu da itirib və onun yerini hələ doldura bilməyib. Üstəgəl Şahruddinin də zədələnməsi əlavə problem yaradır.

Beləliklə, qarşıdan “Gent”lə matçlar gəlir. “Qarabağ” isə vacib oyunçularını itirə-itirə gedir. Bu isə narahatlığa səbəb olmaya bilməz və avrokubok matçında komandaya baha başa gələ bilər…(qol.az)

Bənzər yazılar

Back to top button