Bizim seçimGündəmSiyasət

Prokuror “AXCP-nin qanunsuz maliyyələşdirilməsi haqqında” iş üzrə fiqurant üçün 8 il həbs istəyir

Çərşənbə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində “AXCP-nin qanunsuz maliyyələşdirilməsi haqqında” iş üzrə prosesdə dövlət ittihamçısının yekun çıxışı olub.

Xatırladaq ki, üç fəal: partiyanın Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Nərimanov rayon təşkilatının sədri Babək Həsənov, Gənclər Komitəsinin fəalı Ruslan Nəsirli, habelə sahibkar Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli məhkəmə qarşısına çıxarılıb.

2018-ci il mayın 26-da ölkənin Baş Prokurorluğu onların AXCP-nin “qanunsuz maliyyələşdirilməsi” ittihamı ilə həbs edildiyini bildirib. Həbs edilən şəxslər qanunsuz sahibkarlıqda, cinayət yolu ilə əldə edilmiş pulları yumaqda və s. ittiham olunublar.

AXCP qanunsuz maliyyələşdirilmə ittihamını təkzib edib. Bütün həbs edilənlər hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

İki aya yaxındır davam edən proses zamanı təqsirləndirilən şəxslər DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində məruz qaldıqları işgəncələrdən danışıblar.

Bu gün məhkəmədə prokuror yekun nitqlə çıxış edib.

O, Saleh Rüstəmlini 8 il, Babək Həsənov və AqilMəhərrəmlinin hər birini 7 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum etməyi təklif edib.

Eyni zamanda, prokuror Ruslan Nəsirli və Vidadi Rüstəmli üçün 3,5 il şərti azadlıqdan məhrumetmə cəzası istəyib.

Məhkəmə prosesi fevralın 27-də davam etdiriləcək. (Turan.az)

Bənzər yazılar

Back to top button