AnalitikaDünya

Pekin Brüsselə hansı mesaj göndərib?

“Financial Times” dərgisində yayımlanan məqaləyə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibə barədə vaxtilə dostu Çin lideri Si Tsinpinin əvvəlcədən məlumatlandırmayıb. Dərgiyə bu haqda məlumatı Pekindəki rəsmi mənbələr veriblər. Rusiya və Çin liderləri müharibədən 20 gün əvvəl 2022-ci ilin fevralın 4-də bir araya gəliblər. Bundan sonra Moskvadan Pekinə mesajlar göndərilib ki, Ukrayna hakimiyyətini cəzalandırmaq istəyirlər. Pekində düşünüblər ki, Rusiya müharibəyə başlayarsa bu qısamüddətli və məhdud miqyaslı qarşıdurma olacaq. Dərginin yazdığına görə, Pekin ilkin ehtimalının yanlış olduğunu anlayıb.

Pekin işğalçı müharibə dövründə Moskva ilə ittifaqı daha da gücləndirib, iki dövlət arasında ticarət mübadiləsi əvvəlki illərlə müqayisədə artıb. Bu o deməkdirmi ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Pekinə mane olmur? Pekin ərazi bütövlüyü məsələsinə həssas yanaşmalıdır. Çünki özünün də oxşar problemləri var. Digər tərəfdən Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəi davam etdirməsi Pekinin Qərlə münasibətlərinin normallaşmasına əngəldir.

Müharibənin uzanması Pekinə Avropa ölkələri ilə münasibətlərdə əlavə problemlər yaradıb. Pekinin Kremli dəstəkləməsi Qərb ölkələrində neqativ qarşılanıb və bu amil Çinin bu ölkələrlə iqtisadi münasibətlərinə və yeni layihələrin reallaşmasına maneə yaradır. Pekin Kremlin siyasətinin qurbanı olmaq istəmir. “Financial Times” dərgisində yayımlanan məqalədə bir qrup çinli rəsminin Rusiya prezidenti Vladimir Putinin siyasətindən narazı qaldığı göstərilib. Misal üçün Çinin xarici işlər naziri vəzifəsinə bu ölkənin ABŞ-dakı səfiri təyin olunub. Halbuki, nazir vəzifəsinə Rusiya ilə əlaqələrə cavabdeh olan bir başqa diplomatın təyinatı gözlənilirdi. Nazir vəzifəsinə elə bir diplomat təyin edilib ki, o Qərblə münasibətləri yenidən normmalşdırmağa çalışmalıdır.
Pekin iki istiqamətdə xarici siyasət fəaliyyətini genişləndirməlidir. Birinci istiqamət Vaşinqtonla münasibətlərin normallaşdırılmasıdır. Bu çətin vəzifədir. Çünki iki ölkə arasındakı münasibətlər yalnız Çin-Rusiya ittifaqına görə mürəkkəbləşməyib. Çinin Tayvan adasıyla bağlı siyasəti Vaşinqtonun narazılığına səbəb olub. Ona görə də münasibətlərin normallaşması üçün Pekin ilk növbədə Tayvan siyasətinə yenidən baxmalıdır. İkinci istiqamət Avropadır. Pekin Avropa dövlətləri ilə ortaq iqtisadi layihələr reallaşdırmaq istəyir. Pekindən Brüsselə belə bir messj göndərilib ki, Çin hakimiyyəti Rusiya-Ukrayna müharibəsinin əleyhinədir. Ancaq bu azdır. Brüsselin Pekindən əsas istəyi Çin hakimiyyətinin Kremlin siyasətinə təsis etməsidir. Bu baş verməyincə, Pekinin Brüssellə münasibətlərini normallaşdırmaq çətin olacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button