İdman

Rəşad Sadıqov nüfuzdan salınır: Günahkar kimdir?

Ötən gün – martın 2-də “Zirə” klubunun “Facebook” səhifəsindəki paylaşımı diqqəti cəlb etdi. Postda cəmi bir cümlə yazılmışdı: “Nemanya Andelkoviç cari mövsümün sonuna qədər komandamızıda çıxışını davam etdirəcək”. Deyəcəksiniz ki, burda qeyri-adi nə var? Səbirli olun, indi məsələyə aydınlıq gətirəcəyik.

“Zirə” hələ yanvarda serbiyalı futbolçuyla yollarını qarşılıqlı razılaşma əsasında ayırmışdı. Üstündən 1 aydan bir az çox vaxt keçdikdən sonra isə qəsəbə komandası onu geri qaytarıb.

Əslində əsas hadisələr qış fasiləsi zamanı baş verdi. Komandanın baş məşqçisi Rəşad Sadıqov Nemanyanı Türkiyədəki təlim-məşq toplanışına aparmadı. O, Bakıda qalıb, əvəzedicilərlə məşq etməli, həm də özünə yeni komanda tapmalı idi. Ancaq yanvarın sonlarında qərara alındı ki, futbolçuyla yollar ayrılsın. Bəs səbəb nə idi? Həmin vaxt Futbolinfo.az saytına açıqlama verən Nemanya da bunu bilmədiyini demişdi:

“Məşq etmək üçün ikinci komandaya göndərildim. Əsas komanda ilə Türkiyəyə yollana bilmədim. Nə baş verdiyini bilmirəm. Açığı, bunu gözləmirdim. Səmimi deyirəm ki, nələr olduğunu, “Zirə”də nələrin baş verdiyini bilmirəm”.

1 ay sonra isə Andelkoviç heç nə olmamış kimi geri qayıdır. Rəşad Sadıqov qovduğu, komandasında görmək istəmədiyi futbolçunu niyə geri qaytarsın ki? Məqsəd nədir? Bunun bir adı var – qeyri-peşəkarlıq. Amma bu qeyri-peşəkarlıq kimdən qaynaqlanır? 40 yaşlı məşqçidən, yoxsa klub rəhbərliyindən? Göründüyü kimi, müəmmalı məsələlər çoxdur.

Amma bir məsələ tam dəqiqdir. Rəşad Sadıqov futbolçu kimi qazandığı nüfuzu məşqçi kimi xərcləyir. Günahkar kimdir: özü, yoxsa “Zirə”ni idarə edənlər?  Əgər günahkar “Zirə” rəhbərliyidirsə, onda yaxın vaxtlarda Rəşad Sadıqov oradan uzaqlaşacaq, əks təqdirdə…

Qeyd edək ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin məlumatına görə, “Zirə” son 5 ildə 104 futbolçunun xidmətindən yararlanıb. Müqayisə üçün deyək ki, “Qarabağ”da bu rəqəm 67-dir. Məsələ aydındır?

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button