CəmiyyətManşet

Hakimlərin “ABU sevgisi” – İki hakim Konstitusiyaya zidd olaraq fəaliyyətə başlayıb (FOTO)

Azərbaycanın məhkəmə sistemində Konstitusiyaya və “Məhkəmələr və hakimlər haqqında” Qanuna zidd olaraq fəaliyyət göstərən kifayət qədər hakim var. Onların bəziləri haqqında mediada informasiyalar dərc olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I bəndinə əsasən, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər. “Məhkəmlər və hakimlər haqqinda” Qanunun 93-cü – “Hakim vəzifəsinə namizədlərə aid tələblər” maddəsində isə yazılıb: “Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər”. Amma hazırda hakim mantiyası geyinmiş, məhkəmə sistemində kifayət qədər yüksək postlar tutan bəzi hakimlərin Konstitusiyanın və qanunun bu tələbinə əməl etmədikləri üzə çıxır. Onların bu sistemə necə keçməsi gizli deyil, bu “sirr” elə Azərbaycan Respublikası Vahid Məhkəmə Portalında yerləşdirilən avtobioqrafik məlumatlarda yer alıb.

Məsələn, sözügedən portalda Bakı Apellyasiya Məhkəməsinin hakimi Sarıyev Xəyal Əjdər oğlu haqqında bu məlumatlar yerləşdirilib:

1973-cü ildə anadan olub.1995-ci ildə Azərbaycan Texniki Universitetini bitirib. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsinin məzunu olub. 1997–2007-ci illərdə Bakı Şəhəri Əzizbəyov (indi Xəzər) Rayon Məhkəməsində iclas katibi, 2007–2008-ci illərdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində iclas katibi, 2008–2017-ci illərdə isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi, 2017-ci ildən bu günə qədər isə Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi çalışır. Qanunun tələbinə görə, hakim hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş stajına malik olmalıdır, amma Xəyal Sarıyevin bioqrafiyasından görünür ki, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsinin məzunu olduqdan cəmi 3 il sonra – 2008-ci ildə Nizami Rayon Məhkəməsinin hakimi təyin olunub.

Maraqlıdır, açıq-aşkar Konstitusiyanın pozulması faktı olsa da, X.Sarıyev karyera pillərində irəliləyərək Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə irəli çəkilib.

Bundan başqa Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Hacıyev Sənan Firudin oğlunun Vahid Məhkəmə Portalında yerləşdirilmiş bioqrafik məlumatları da Konstitusiyanın pozulduğunu göstərir. Belə ki, Sənan Hacıyev 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsini, cəmi 1 il sonra – 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini bitirib. Mövcud qanunvericiliyə görə, tələbə eyni vaxtda iki ali məktəbdə təhsil ala bilməz. Amma məlumatlardan görünür ki, Sənan müəllim Tibb Universiteti ilə Beynəlxalq Universiteti paralel oxuyub. O, daha sonra – 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin magistratura pilləsini başa vurub.

Karyerasına gəlincə, Sənan Hacıyev Beynəlxalq Universiteti bitirdiyi 2001-ci ildə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində kiçik elmi işçi kimi işə düzəlib, 2006-ci ilə qədər burada çalışıb və elmi işçi pilləsinə yüksəlib. Daha sonra:

2006–2010-ci illərdə Ədliyyə Nazirliyi Beynəlxalq hüquq əməkdaşlığı idarəsində məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, baş məsləhətçi;

2010–2013-cu illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi;

2013–2018-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi;

2018–2020-ci illərdə Ali Məhkəmənin hakimi;

2020-ci ildən indiyə qədər isə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri kimi çalışır.

AzPolitika.info

Bənzər yazılar

Back to top button