İdman

Azərbaycan futbolunda kütləvi həbslər olacaq

Fransa Futbol Federasiyasının sabiq prezidenti Noel Le Qre niyə istefa verdi?

Adam Zinəddin Zidan haqda başından yekə kəlmə işlətmişdi. Bağışlamadı Fransa cəmiyyəti bunu ona. İctimai qınaq qarşısında tab gətirə bilməyən Qre istefa verməyə məcbur oldu.

Amma… Amma Noel Le Qre bir azca gönü qalın olsaydı, indi onun haqda “sabiq” ifadəsini işlətməyə də bilərdik. Bizdə “gönü qalın adam” kimə deyirlər? Söz batmayan, heç bir ictimai qınağı qəbul etməyən, bacarmadığı işin qulpundan yapışıb bütün ölkəni özünü söydürməyə vadar edən adamlara.

Yəni bizim AFFA-nın rəhbər şəxslərini bu qəbildən hesab etmək olar. Gör neçə illərdir ki, bacarmadıqları işin qulpundan yapışıblar. El-aləm bunları söyür, qarğış edir, heç dəriləri də titrəmir. Gön, yəni dəri ki, qalın oldu, nə istəyirsən edəcəksən, heç nə də eşitməycəksən.

Amma əminliklə deyə bilmərəm ki, gönün qalın olması üstünlükdür. Məsələn, mən belə başa düşürəm ki, adam bacarmadığı işin qulpundan yapışdığını qanırsa, ictimai qınağı nəzərə alıb vaxtında gedirsə, onun abırlı adam obrazı formalaşır cəmiyyətdə. Yəni belə adamların gönü qalın olmur.

Gön qalın oldusa, arxayın olun, o adamın axırı yoxdur. Azərbaycanda o qədər vəzifə sahibi olub ki, yeyib-dağıdıb, ictimai qınağı nəzərə almayıb, amma axırda səsi haradan gəlib? Həbsxanadan.

Əmin olun, Azərbaycan futbolundakı gönü qalınların da həbs olunacağı gün uzaqda deyil. Artıq proses buna doğru gedir. Azərbaycan futbol təsərrüfatında o qədər adamlar həbs olunacaq ki…

Natiq Muxtarlı

aut.az

Bənzər yazılar

Back to top button