GündəmManşetSiyasət

Lavrov danışır, Bakı susur…

Bugünlərdə Azərbaycan nümayəndəsi ilə Qarabağ nümayəndələri arasında görüş olduğu bildirilir. Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov yanvarın 18-də mətbuat konfransında Laçın dəhlizində yaranmış vəziyyət barədə danışarkən bəhs edib: “Dünən, ya da srağagün Rusiya kontingenti komandanının iştirakı ilə Azərbaycan nümayəndəsi ilə Qarabağ nümayəndələri arasında görüş olub. Düşünürəm ki, bu məsələ ən yaxın vaxtda tənzimlənəcək”.

Lavrov bu görüşün təfərrüatlarına toxunmayıb. Rəsmi Bakı da görüş barədə, hələlik, heç bir məlumat vermir…

Amma deputat Elman Məmmədov həmin açıqlamanı “Turan”a belə şərh edib: “Təbii ki, Sergey Lavrov Rusiya kimi nəhəng imperiyanın xarici işlər naziridir və, yəqin ki, o, yalan danışmaz və məlumatlıdır. Yəqin ki, nəsə var, proses gedir, ancaq bu barədə ictimaiyyətə heç bir məlumat verilməyib”.

Bununla belə, deputat qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə separatçılarla heç bir danışıq mümkün olmadığını bildirib: “Çünki Ermənistan tərəfi bu məsələni hələ ATƏT-in Minsk qrupu fəaliyyətdə olan dövrlərdə ortaya atmışdı ki, Azərbaycan bu separatçı qurumla danışıqlar aparmalıdır. Ancaq biz o qurumu tanımırıq. Ona görə də inanmıram ki, bu separatçı qurumla biz rəsmi qaydada bir danışıq aparaq”.

Siyasi şərhçi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan tərəfi ilə Qarabağın erməni icması arasında söhbətlərin getməsi barədə əvvəl də danışılıb: “Təbii ki, “Rusiya sülhməramlıları” deyilən hərbi kontingentin və yaxud da Rusiya xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirakı olmadan bu, mümkün deyil”.

Onun fikrincə, burada məqsəd yalnız Azərbaycanın son nəticədə nüfuzdan salınması ola bilər. Ekspertin sözlərinə görə, ikinci məsələ isə baxır orada kimlərlə danışıqlara gediblər: “Məsələn, orda hansısa real liderlə, yəni, xalqın içindən çıxmış nüfuzlu insanla danışığa gedilibsə, onu anlamaq olar. Amma separatçı rejimin nümayəndələri ilə danışıqlara gedirlərsə, bu, yanlışdır. Düşünürəm ki, böyük ehtimalla elə də var”.

Ə.Oruclu Rusiya tərəfinin vasitəçiliyi ilə gedən bütün danışıqlardan heç bir müsbət nəticə gözləmir: “Rusiya tərəfi bu münaqişənin nizamlanmasında maraqlı deyil. İstər Qarabağ ermənilərinin Azərbaycana mövqeyi məsələsində, istər Ermənistan-Azərbaycan sülh prosesində Rusiya maraqlı olmadığı üçün o, yalnız prosesləri pozmaqla məşğul olacaq”.

O hesab edir ki, vasitəçilərsiz görüş ən optimal variantdır: “İstər Ermənistanla, istər Qarabağdakı icmanın ağsaqqalları-separatçılarla yox – ilə birbaşa danışıqlar daha səmərəli olar. Amma, görünür, Azərbaycan tərəfi daha çox Rusiya vasitəçiliyinə üstünlük verir”.

Prezident İlham Əliyev bundan əvvəl, ötən ilin noyabrında isə demişdi ki, əgər Ermənistan Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirsə, bu, alınmayacaq: “Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”.

Separatçı “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” Ruben Vardanyan isə, öz növbəsində, Əliyevin Qarabağ erməniləri ilə danışmağa hazır olması ilə bağlı bəyanatını alqışladığını açıqlamışdı. “Artsax (Qarabağ) bu prosesdə subyekt kimi çıxış etməlidir”, – Vardanyan öz “Telegram” kanalında yazmışdı.

Ötən il dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar. Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər. Rəsmi Bakı Qarabağdakı separatçı rejimi və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırıb.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir. Vardanyan da deyib ki, “bu, ekoloji yox, siyasi məsələdir”.(Turan)

Bənzər yazılar

Back to top button