Cəmiyyət

“Oğruya haqq qazandıran toplum adil olmağı təsəvvürünə gətirə bilməz”

“Sosial şəbəkədəki bəzi dostlarımdan tez-tez topluma yönəlmiş belə qınaq eşidirəm ki, böyük miqyasda korrupsiya faktlarına inanılmaz bir dözümlü yanaşma var”.

Bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.

Ekspert qeyd edib ki, yola saldığımız həftədə baş nazirin müavinin ailə üzvlərinə məxsus böyük məbləğdə vəsaitin xarici banklardan birində dondurulması ilə bağlı xəbərə susqun münasibət fonunda bu qınaqlar yenə də səslənməyə başladı: “Qınaqların haqlı olmasına sözüm yoxdu. Amma cəmiyyətin korrupsiya faktları ilə bağlı sakit davranışı maraqlı məsələdir. Əslində sosioloqların daha dəqiq qiymətləndirəcəyi bir fenomendir. Mənim çıxardığım nəticə budur: davamlı olaraq əzilən, amma əzənə haqq qazandıran, oğurluğa məruz qalan, lakin oğruya haqq qazandıran fərd (toplum) adil olmağı təsəvvürünə gətirə bilməz. Çünki onun təsəvvüründə heç “ədalət”in nə olduğu barədə təsəvvür yoxdur”.

Rövşən Ağayev yazır ki, biz son 30 ildə ədalətin, azadlığın nə olduğuna bilən və onlar uğrunda mübarizə aparan yeni və yetkin bir nəslin yetişdirilməsi fürsətini əldən vermişik: “Baxdığını görən, eşitdiyin duyan gənclər yetişdrimək gücündə olmayan təhsil sisteminə malik toplumun öncəlikləri də tamam fərqli olur. Öncəliyi yüksək və dayanıqlı rifah, səsi eşidilən və özünü idarə edən bir siyasi sistem, azad və ədalətli ölkə qurmaq olmayan cəmiyyətin ictimai yük daşıyan bütün ədalətsizliklərə və çatışmazlıqlara dözümlü münasibətinə təəccüblənmək lazım deyil – təəssüf ki, onlar insanlar üçün adiləşir…

Xüsusilə də 44 günlük müharibədən sonra Azərbaycan toplumunun gündəliyi təzədən formatlanıb. Cəmiyyətin öncəliklərinin ön sırasına dolanışıq və eşidilmək kimi vacib məsələlər çıxana qədər ən böyük korrupsiya faktlarına, siyasi həbs və təzyiqlərə susqun münasibət davam edəcək. Əgər biz cəmiyyətimizin prioritetlərini sıralasaq, ilk 3 yerdə Qarabağ və Zəngəzur gəlir. Rifah, təhsil kimi məsələlər həmin yerə keçəndə əvvəlki siyasi aktivlik və baş verənlərə daha dözümsüz münasibət, eşidilmək, seçmək-seçilmək tələbləri də bərpa olunacaq”.

Bənzər yazılar

Back to top button