Mədəniyyət

45 minə toya gedən Natiq Şirinov: “Əllərimdə çürümə gedir, 20 min dollar xərcləyirəm”

“45 min manat çox kiçik rəqəmdir. Elə məclis olub ki, 150-220 min manat qazanmışam”.

Bunu Qaynarinfo-ya Xalq artisti Natiq Şirinov rəhbərlik etdiyi “Natiq” ritm qrupunun toy qiymətləri ilə bağlı danışarkən deyib.

O, sənətinin bu səviyyəyə gəlib çatmasına görə sağlamlığını itirdiyini bildirib:

“Vaxt var idi Natiq toya 10 manata gedirdi. Niyə ondan yazan yox idi? Mən nağaranın qiymətini 10 manatdan 220 min manata qaldıran sənətkaram. Nağara yox idi, amma mən onu əllərimlə dünyaya tanıtdım. Türkiyə sənətçisi Murat Boz Azərbaycana 400 min dollara gələndə heç bunu yazan olmadı, mənim toy qiymətimi elə tez yazırlar ki… Ledi Qaqa 2 milyona Azərbaycana gəlmişdi. Yaxşı ediblər, qiymətləri də odur və bu pulu onlara verənlər də sağ olsunlar. Nəyisə biz istəməklə deyil, gərək onu Allah versin. Amma mənim bu yolda sağlamlığım gedib”.

Natiq Şirinov 200-220 min manatı konsertlərdən, tədbirlərdən götürdüyünü açıqlayıb:

“Bu boyda pulu toyda verməzlər. Biz məclisə 80 nəfərlə giririk və 45 min manat alırıq. Həmin tədbirlərdə Xalq artisti Alim Qasımov və “Mirvari” rəqs qrupunun üzləri də bizimlə birlikdə olur. Proqramımızda 10 yuxarı nömrə nümayiş etdiririk. Axırda aldığımız pulu 85 nəfərin arasında bölürük. Ondan mənə 1500 manat çata, ya çatmaya. Mən rəhbər olmadım ki, musiqiçimə 20 manat verəm. Bu gün musiqiçim bir tədbirə 300 manatdan aşağı getmir. Düz də edir. Mən düz adamam. Qazancımı niyə tək yeyim? Onlar da mənimlə əziyyət çəkir. Sağ olsunlar, bizdən yazanlar reklam edirlər”.

Natiq Şirinov bir il əllərinə çəkdiyi müalicənin də məbləğini açıqlayıb:

“Gəlin, mənim əlimə baxın. 2004-cü ilə bu günə kimi hər il əlimdən müalicə alıram. Hər il mən 20 min dollardan çox əlimə müalicəyə pul verirəm. Niyə bunu yazmırsınız? Beynəlxalq festivallarda yer tutmaq, Azərbaycan nağarasını dünyaya tanıtmaq üçün əllərimi bu yolda qoydum. Festivallarda qələbə qazanmaq üçün əlllərimi nağaraya vurmaqdan çürümə getməyə başladı. Natiq ermənin əlindən nağaranı alan adamdır. Siz bunu görmürsünüz? Xalqıma canım qurban, dünyada mənim xalqımdan yoxdur. Mənim xalqım məni çox istəyir. Əllərimin qabarı ilə xalqıma xidmət edib, ailəmə çörək qazanmışam. Yüzlərlə Azərbaycan gənçini yetişdirib dünyaya yaymışam. Sənətkarın dəyəri öpüşlə, əl çalmaqla deyil ey, onun qiymətini maddiyatla ortaya qoyarlar. 200 min nədir ki? Bu nağara musiqi sənətinə verilən qiymətdir”.

Bənzər yazılar

Back to top button