Siyasət

İƏT qlobal gərginlik şəraitində səyləri birləşdirir

Yanvarın 24-də Daşkənddə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) iki günlük 26-cı iclası başa çatıb.

XİNŞ iclasının yekunlarına görə Daşkənd Kommünikesi qəbul edilib. Qazaxıstanın təklifi ilə sənəddə İƏT və Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsi (AƏETM) arasında qarşılıqlı fəaliyyətin inkişafı nəzərdə tutulur. AƏETM-nin sədri olaraq Qazaxıstan bu təklifin təcrübədə həyata keçirilməsinə yardım etməyə hazır olduğunu bildirib.

İclas iştirakçıları İƏT üzvlərinin ticarət, investisiyalar, ərzaq təhlükəsizliyi, ekologiya, kənd təsərrüfatı, nəqliyyat dəhlizləri və digər sahələrdə qarşılıqlı fəaliyyətinin səmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər, habelə İƏT məkanında iqtisadi əlaqələrin gələcək inkişafına dair təkliflər irəli sürüblər.

Şura bu il Azərbaycanın sədrliyi ilə həyata keçiriləcək İƏT-in 2023-cü il üçün İş Proqramını və Tədbirlər Təqvimini təsdiq edib.

Yekun kommünikedə həmçinin Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı olaraq tanınması və onlara hörmət əsasında həllinə dəstək ifadə olunub. Eyni zamanda Azərbaycanın Şərqi Zəngəzur iqtisadi bölgəsi və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya ələqələrinin qurulmasına dəstək ifadə olunub.

Azərbaycanın XİN başçısı Ceyhun Bayramov bildirib ki, 2023-cü ildə Azərbaycanın sədrliyi dövründə iqtisadiyyat, energetika, nəqliyyat, gömrük, sərhəd keçidi, ədliyyə, turizm və səhiyyə sahəsində yüksək səviyyədə bir sıra görüşlər keçiriləcək.

İclasa sədrlik edən Özbəkistan xarici işlər naziri səlahiyyətlərini icra edən Baxtier Saidov qeyd edib ki, qlobal gərginlik və resurslar, investisiyalar, texnologiyalar və xarici bazarlara çıxış uğrunda artan rəqabət şəraitində İƏT üzvlərinin səylərinin birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edib.

“İqtisadi Əməkdaşlıq Təşkilatının bütün iştirakçılarının yüksək səviyyədə təmsil olunması təşkilatımız çərçivəsində sıx əməkdaşlığa diqqətin artdığını göstərir və onun artan potensialına dəlalət edir”, deyə Saidov bildirib.

Bənzər yazılar

Back to top button