İqtisadiyyat

Azərbaycan orbitə yeni peyk çıxaracaq

Azərbaycanın yeni peykinin orbitə çıxarılması üçün nüfuzlu peyk istehsalçısı olan şirkətlərlə danışıqlar aparılır. Bu barədə Turan-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik – “Azərkosmos”dan bildiriblər.

Qurum qeyd edib ki, danışıqlar Azərbaycan və müştərilər üçün ən uyğun seçim edilənə qədər davam edəcək. “Ümumiyyətlə, yeni peykin hazırlanması və istismara verilməsi prosesindən əvvəl əsaslı şəkildə araşdırma tələb olunur. Peyk xidmətlərində müştərinin yenilik, dəyişiklik, uyğun qiymət, satış sonrası dəstək, innovativlik kimi tələblər var”.

Vurğulanıb ki, bununla yanaşı, peykin orbitə buraxılmasından əvvəl yeni peyk layihəsindən Azərbqycanın əldə edə biləcəyi iqtisadi və qeyri-iqtisadi faydaları və səmərələri öyrənilir.

“Azərkosmos”dan xatırladırlar ki, hazırda Azərbaycanın “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri fəaliyyət göstərir. “”Azərkosmos” kommersiya fəaliyyətinə başladığı bu 10 il ərzində “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peyklərimizin xidmətlərindən 500 milyon manat gəlir əldə edib”.

“Azersky” peyki istismar müddətindən bir il tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb. “Peyk ilə məlumat mübadiləsinin dayanmasına səbəb kimi kosmik tullantı və ya meteorit ilə toqquşma nəticəsində sıradan çıxmış olması ehtimal olunur.

“Azersky” peyki 45 milyon manat məbləğində sığortalanıb və artıq sığorta məbləğinin alınması işlərinə başlanılıb. Peykin kommersiya fəaliyyətinə başladığı tarixdən indiyə qədər 105 milyon manat gəlir əldə olunub. Həmçinin, müxtəlif dövlət orqan və qurumlarına əlavə olaraq 150 milyon manat dəyərində peyk təsvirləri verilib. Beləliklə, peykdən əldə edilən iqtisadi fayda qoyulmuş investisiyadan 1,5 dəfə çox olub”.

Azerspace-1-2 Amerikanın Orbital Sciences Corporation (OSC) və Space Systems Loral (SSL) şirkətləri, Azersaky isə Fransanın Airbus S. A. S şirkəti tərəfindən istehsal edilib.

Peyklər Fransanın Arianespace şirkətinin Ariane gücləndiricisi vasitəsi ilə Fransız Qvianasındakı Kuru kosmodromundan orbitə çıxarılıb.

Bənzər yazılar

Back to top button