ManşetSiyasət

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktına beynəlxalq reaksiya

“Bu gün səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumu pisləyirik”, – Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Türkiyə özü də oxşar hücumlara məruz qalıb, Azərbaycan xalqının ağrısını anlayır və bölüşür.

“Bu alçaq hücuma görə məsuliyyət daşıyanların dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir. Qardaş Azərbaycan heç vaxt tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi, kəsintisiz olaraq davam edəcək”, – bəyanatda deyilir.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Olek Nikolenko Twitter səhifəsində yazıb: “Ukrayna bu gün Azərbaycanın Tehrandakı səfirliyinə bir nəfərin ölümü və bir neçə təhlükəsizlik əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir. Qurbanın yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Telegram- kanalda yazıb: “ Azərbaycanın İrandakı səfirliyinə edilən ölümcül hücum xəbərindən sarsıldıq və hər cür zorakılığı pisləyirik”. O qeyd edib ki, “Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşüb”.

İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lior Hayat Twitter-də yazıb: “Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş və təhlükəsizlik xidməti rəisinin qətlə yetirilməsi ilə nəticələnən xain hücum bizi sarsıdıb və kədərləndirib. Azərbaycan xalqına və hökumətinə, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”.

Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ferqus Old Twitter-də yazıb: “Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı. Qətlə yetirilən şəxsin ailəsinə baş sağlığı verir, yaralılara şəfa diləyirəm”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Twitter-də yazıb: “Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər məni dəhşətə gətirdi. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

“Biz Azərbaycanın İrandakı səfirliyinə edilən ölümcül hücum xəbərindən sarsıldıq və hər cür zorakılığı pisləyirik”, – Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman Twitter-də yazıb.

ABŞ səfirliyi öz Facebook səhifəsində yazıb: “İnsident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verir və yaralılara şəfa diləyirik”.

Fransanın Azərbaycandakı səfiri Ann Buyon Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib. “Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum bizi dərindən kədərləndirir. Fransanın Azərbaycandakı səfirliyi adından Azərbaycan Xarici İşlər Nazirliyindəki həmkarlarıma və Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verirəm”, – o, Twitter-də yazıb.(Turan)

Bənzər yazılar

Back to top button