ManşetSiyasət

BMT-də islahatlar aparılmalı, Ermənistanla Azərbaycan sülh müqaviləsi bağlamalıdırlar – İ.Əliyev

BMT-də islahatlar aparılmalı, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bunu şənbə günü Misir prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

“BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir.

Biz bu gün regional təhlükəsizlik məsələlərini müzakirə etdik və eyni zamanda, gələcəkdə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək üçün fikir mübadiləsi apardıq. Beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəmizi gücləndirmək qərarına gəldik, buna böyük ehtiyac var. Çünki beynəlxalq terrorçuluq bütün dünya üçün böyük təhdiddir və bu təhlükəyə qarşı ancaq səylərin birləşdirilməsi nəticəsində uğurla mübarizə aparmaq mümkün olacaqdır.

Bu gün mən hörmətli qonağımı bizim bölgəmizdə gedən proseslər barədə məlumatlandırdım. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Artıq bu münaqişə həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaqdır. Biz işğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Hələ ki, sülh əldə edilməyib. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzalanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər”, – İlham Əliyev deyib.

“Biz, eyni zamanda, bu gün ticari-iqtisadi məsələləri geniş müzakirə etdik. Ötən il Azərbaycanda Hökumətlərarası Müştərək Komissiyanın iclası keçirilmişdi və komissiyanın növbəti iclası ərəfəsində bu gün hörmətli qonağımla əldə edilmiş razılaşmaları biz həyata keçirməliyik ki, növbəti iclasda artıq konkret addımlar atılsın. Sahələr də müəyyən edilmişdir – əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi. Burada da böyük imkanlar var”, – İlham Əliyev qeyd edib.

Öz bəyaninda Misir prezidenti Əbdülfəttah Əs-Sisi deyibki, tərəflər arasında danışıqlar “çox gözəl və müsbət mühitdə keçmişdir”.

“İstərdim ki, ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı səylərimizi daha da gücləndirək. Ölkələrimiz arasında siyasi dialoqun hər iki xalqın mənafeyi naminə davam etdirilməsini istəyirik və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında maraqlıyıq. Xalqlarımızın dini, tarixi yaxınlıqlarını nəzərə alaraq, iqtisadi, ticari və mədəni sahələrdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik”.

Onu da deyim ki, danışıqlar zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına dair razılıq əldə olunmuşdu. Əlbəttə ki, bütün bunlar mövcud siyasi iradənin fonunda əlçatandır və inkişaf etdirilməsi mümkündür. Həmçinin Hökumətlərarası Müştərək Komissiyanın altıncı iclasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı və komissiyanın növbəti iclasının gündəliyinə salınacaq məsələləri müzakirə etdik. Misirdə əczaçılıq sahəsində əldə olunmuş nailiyyətləri vurğuladıq, mövcud infrastrukturdan Azərbaycanın dərman ehtiyaclarının ödənilməsi üçün hazır olduğumuzu bir daha bildirdik.

Müzakirələr zamanı Misirdə elektrik enerjisi istehsalı sahəsində həyata keçirilən islahatları, yaradılmış infrastrukturu bir daha qeyd etdim. Son doqquz il ərzində əldə edilmiş bütün təcrübəmizi Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduğumuzu bildirdim.

Görüşlərdə Misirin xarici investorlar qarşısında mövcud maneələrin aradan qaldırılması, onlar üçün şəraitin yaradılması və hüquqi prosedurların daha da asanlaşdırılması istiqamətində görülən tədbirlər barədə danışdıq. Misirin Afrika qitəsinə qapı rolunu oynadığını nəzərə alaraq, ölkələrimiz arasında azad ticarət sahəsində imzalanmış sazişlərin vacib əhəmiyyət kəsb etdiyini vurğuladıq. Eyni zamanda, Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa hava əlaqəsinin olmasını xüsusi qeyd edərək, iki ölkə arasında birbaşa reyslərin sayının çoxaldılmasının vacibliyini, bunun iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımıza töhfə verəcəyini bildirdim.

Cənab İlham Əliyevlə danışıqlar zamanı ümumi maraq kəsb edən bir çox regional və beynəlxalq məsələlərə dair müzakirələr apardıq. Görüş zamanı, həmçinin bütün dünyada siyasi dialoqun davam etdirilməsinin vacib olduğunu və məsələlərin hərbi güc yolu ilə həllinin heç də labüd olmadığını bildirdik. Bütün dünya COVID-19 pandemiyasından xilas olmamış Rusiya-Ukrayna böhranı beynəlxalq iqtisadiyyata və ticarətə daha bir zərbə vurdu, istər ərzaq təhlükəsizliyi, istər energetika, istər dənizçilik, istərsə də turizm və əczaçılıq sahələrinə çox mənfi təsir göstərdi”.

Bununlada Əbdülfəttah əs-Sisinin Azərbaycana rəsmi səfəri başa çatıb və o, Ermənistana gedib.

Bənzər yazılar

Back to top button