İqtisadiyyatManşet

AQTA-nın 600 minlik tenderini bir ay əvvəl yaranan şirkət uddu

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Plastprof” MMC (VÖEN – 1308539401) olub.

Qida Təhlükəsizliyi İnstitutu “Plastprof” MMC-dən heyvanların identifikasiyası üçün istifadə olunan birkaları satın alacaq.

“Plastprof” MMC iribuynuzlu heyvanlar üçün nömrələnmiş 500 min cüt vizual birka, atlar və dəvələrin identifikasiyası üçün istifadə olunan 3 min ədəd radiotezlikli nişanlanma vasitələri üçün Qida Təhlükəsizliyi İnstitutundan 589 min 964 manat 60 qəpik alacaq.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Plastprof” MMC müsabiqə elanından cəmi bir ay əvvəl – 3 oktyabr 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsi isə 7 noyabr 2023-cü il tarixində elan olunub.
Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Nazim Hikmət, ev 26/76, m. 30-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əmirov Elməddin Zahir oğludur.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Cəmi bir ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə malik olacağı aydın deyil.

Qalib şirkət haqqında yeganə məlumat oldur ki, MMC-nin qanuni təmsilçisi Əmirov Elməddin Zahir oğlu 20 Noyabr 2023-cü il tarixində Nərimanov rayonu, Ələsgər Qaibov ev 12, m. 1222 ünvanında dövlət qeydiyyatına alınan “Optimus Auto” MMC (VÖEN -1506599781) adlı şirkətin də qanuni təmsilçisidir.

Onu da bildirək ki, Qida Təhlükəsizliyi İnstitutu tərəfindən daha əvvəl də şübhəli tender müsabiqələri keçirilib.

Bənzər yazılar

Back to top button