Dünya

Ukraynada hücum necə olacaq və onu kim başlayacaq? – BBC-nin analizi

Qışın gəlişi ilə Ukraynada döyüşlər səngimədi. Görünür, Rusiya məhdud hədəflərlə olsa belə irəliləməyə qərar verib, Baxmutu mühasirəyə almağa, Soledar şəhərini nəzarətə götürməyə, indi isə Zaporojye istiqamətində hücuma keçməyə çalışır. Cəbhədə vəziyyət sakit deyil, amma mətbuatda və sosial şəbəkələrdə hər iki tərəfdən yeni, artıq daha böyük hücumların başlanmasının mümkünlüyü barədə çoxsaylı müzakirələr gedir.

Qaynarinfo BBC-nin analitik məqaləsini təqdim edir.
…Hər iki tərəfin yaxşı təlim keçmiş düşmənə qarşı genişmiqyaslı ümumqoşun əməliyyatları keçirməyə çalışacağı Ukraynada müharibənin yeni mərhələsinin başlaması ərəfəsində cəbhə “donub”.
Rusiya və Ukraynanın gələcək hücumlarına inam artıq o qədər böyükdür ki, söhbət bu cür əməliyyatların mümkünlüyündən yox, onların nə vaxt başlayacağından və zərbələrin istiqamətindən gedir.
Məsələn, şənbə günü “Reuters” yüksək rütbəli ABŞ rəsmisinə istinadən məqalə dərc edib və o, kiçik bir qrup jurnalistə deyib ki, Vaşinqton Kiyevə Ukrayna ən son paketdəki bütün silahları qəbul edib mənimsəyənə qədər yeni böyük hücumu təxirə salmağı məsləhət görür.
Bu məmurun sözlərinə görə, amerikalılar Ukrayna hərbçilərinin aldıqları və yaxın gələcəkdə alacaqları bütün texnika və silahları lazımi qaydada mənimsəməsini istəyirlər.
Almaniyanın Ramşteyn şəhərində Ukraynanın silah tədarükündə 54 tərəfdaş ölkənin iştirak etdiyi görüşdən sonra keçirilən mətbuat konfransında ABŞ-ın yüksək səviyyəli hərbi rəsmiləri Ukrayna Silahlı Qüvvələrinin gələcək hücumu barədə açıq şəkildə danışıblar, onların arasında Birləşmiş Rəislər Komitəsinin rəhbəri Mark Milli də yer alıb.
Milli əmin nikbinliklə bildirib ki, Ukrayna üçün 2023-cü ildə işğal olunmuş əraziləri tam azad etmək çox çətin olsa da, yaxın aylarda müvafiq vəsaiti alarsa, əməliyyatı uğurla həyata keçirə bilər.
Bir çox insanlar Rusiya qoşunlarının böyük bir hücumunun mümkünlüyündən qaçınılmaz bir şey kimi danışırlar və buna hazırlaşmaq lazım olduğunu bildirirlər.
Yanvarın 20-də BBC Ukrayna xidməti Polşa ordusunun quru qoşunlarının keçmiş komandanı Valdemar Skşipçak ilə müsahibəni dərc edib, o, həm də İraqda Ukrayna hərbçilərinin də xidmət etdiyi çoxmillətli diviziyaya komandanlıq edib.
Generalın sözlərinə görə, Rusiya Bryansk, Kursk və Voronej vilayətlərində qoşun toplayır və hücum əməliyyatları bu istiqamətlərdən başlaya bilər. O, hücum ehtimalını yüksək adlandırır: hərbçinin fikrincə, bu, yaxın iki-üç ay ərzində başlaya bilər.
İki ölkənin Baş qərargahlarının əsl niyyətləri, təbii ki, açıqlanmır, amma niyyətləri dolayı əlamətlərlə müəyyən etmək olar. Bu cür əlamətlər çoxdur – bunlar siyasətçilərin açıq şəkildə bəyan etdikləri niyyətlər və konkret əməliyyatlar üçün uyğun silahların tədarükü və hərbi kadrların hazırlanmasıdır.
Lakin hərbi əməliyyatlar və onların uğuru təkcə siyasətçilərin və hərbi liderlərin niyyətlərindən asılı deyil – reallıq onları öz planlarına düzəliş etməyə məcbur edir.
BBC-nin rus xidməti hər iki tərəfdə hücuma hazırlığın hansı əlamətlərinin olduğunu, gələcək kampaniyanın xarakteri haqqında nə deyə biləcəyini və onun həyata keçirilməsində hansı çətinliklərin olduğunu araşdırmağa çalışıb.
Tərəflərin müharibədə siyasi məqsədi varmı?
Siyasi məqsəd istənilən münaqişənin hazırlanmasının ilk mərhələsidir. Bu, Baş Qərargahın qarşısına hansı hərbi məqsədlərin qoyulacağını, müharibə üçün hansı vəsaitin ayrılacağını, hərbi sənayenin necə təşkil olunacağını və s. müəyyənləşdirir.
İngilis hərbi nəzəriyyəçisi Bezil Henri Liddell Hartın yazdığı kimi, “hərbi məqsəd siyasi məqsədlə müəyyən edilməlidir”.
“Müharibənin məqsədi – ən azı sizin nöqteyi-nəzərinizdən, daha yaxşı bir vəziyyətə, müharibədən sonrakı daha yaxşı sülhə nail olmaqdır. Ona görə də müharibə apararkən, daima xatırlamaq vacibdir ki, sizə necə sülh lazımdır”, – onun “Dolayısı fəaliyyət strategiyası” kitabında deyilir.
Siyasi məqsədin ikinci, çox mühüm mənası qoşunların və bütövlükdə xalqın əhval-ruhiyyəsidir. Hərbçilər, eləcə də arxa cəbhədə olan mülki şəxslər üçün müharibənin nə vaxt və harada bitəcəyini anlamaq vacibdir.
Bu kontekstdə məqsəd mümkün qədər sadə formalaşdırılmalıdır – məsələn, öz ərazisinin azad edilməsi (yaxud düşmənin ərazisinin işğalı), ordunun məğlubiyyəti, paytaxtın tutulması və s. Məsələn, SSRİ-nin Böyük vətən müharibəsindəki siyasi məqsədi – alman ordusunun məğlubiyyəti və Berlini tutması heç kimdə sual yaratmırdı.
Əgər Rusiya işğalının lap əvvəlində Rusiyanın siyasi məqsədləri aydın şəkildə ifadə edilməmişdisə, sonralar müharibənin ilk “blitskriq” mərhələsinin uğursuzluğundan sonra Rusiya rəhbərliyi Donbas və Ukraynanın cənubuna nəzarəti ələ almağa çalışdığını elan etdi.
Bu məqsədlər hələ də qəti şəkildə müəyyən edilməyib. Ukraynanın Donetsk və Luqansk vilayətləri ilə yanaşı, Rusiya Xerson və Zaporojye vilayətlərini də öz subyektləri elan edib və təbliğat kanallarında ölkənin bütün ərazisinin ələ keçirilməsinə qədər digər məqsədlər də görünür.
Rusiyanın Ukraynada nəyə can atdığı cəmiyyətə açıq-aydın açıqlanmayıb və cəbhədəki Rusiya ordusunun uğursuzluqları ilə hədəflər dəfələrlə dəyişib. Yel Universitetindən tarixçi Timoti Snayder hesab edir ki, Ukraynada müharibə daha çox Rusiyanın özünün taleyinin qeyri-müəyyənliyi və xüsusən də orada hakimiyyətin ötürülməsi prosesi səbəbindən baş verir.
Ukraynanın siyasi məqsədi kifayət qədər aydın şəkildə ifadə olunub – Rusiyanın 2014-cü ildən bəri mənimsədiyi ərazilərin tam azad edilməsi. Ancaq məqsəd başa düşülən olsa da, bu məqsədə çatmaq üçün vasitələr hələ aydın deyil. Ukrayna Silahlı Qüvvələrinin böyük dağlıq hissəsi olan böyük Krım yarımadasını, eləcədə səkkiz ildən artıqdır ki, müharibənin davam etdiyi və səngərlər və istehkamlarla dolu olan Donbası azad etmək gücündə olub-olmadığını söyləmək çətindir…
Əslində, həmin Liddell Hart öz kitabında xəbərdarlıq edir: “Əsas şərtə əməl edilməlidir – həyata keçirilə bilməyən hərbi məqsədlər qoyulmamalıdır”.
Buna baxmayaraq, hətta Rusiyanın qeyri-müəyyən və ya Ukraynanın iddialı siyasi məqsədləri olsa belə, hər iki tərəfin müharibəni davam etdirmək istədiyi aydındır.
Avtoritar Rusiyada qərarlar müharibəyə başlayan Vladimir Putin tərəfindən verilir, müharibənin davam etdirməsi isə qələbəyə (bunu nədən ibarət olmasını necə başa düşməsindən asılı olmayaraq) qədər dayanmağa hazır olmayan Rusiya ordusunun mühafizəkar qanadından çox asılıdır. Problem ondadır ki, Rusiyada qələbə obrazı müəyyən edilməyib və bu senarilərin çoxunun reallaşması artıq qeyri-mümkündür.
Ukraynada, çox çətin vəziyyətə baxmayaraq, əhali, təbii ki, ərazilərin itirilməsi ilə barışa bilmir, amma əsas odur ki, bu müharibədə çox sayda ukraynalı həlak olub, təkcə hərbçilər deyil, mülki şəxslər də həlak olub, bütöv şəhərlər məhv edilib. Buçadan başlayaraq, işğaldan azad edildikdən sonra tapılan rus hərbçilərinin işğal olunmuş ərazilərdəki hərəkətlərinin sübutu, yaşayış binalarına hər raket hücumu yalnız müharibəni davam etdirmək və qalib gəlmək istəyini gücləndirir.
Konkret olaraq yeni kampaniyadan, bu müharibənin yeni mərhələsindən danışarkən, hazırkı mərhələdəki siyasi məqsəd Ukrayna üçün daha aydındır: Rusiyanın işğal etdiyi ərazilər aydın şəkildə müəyyən edilib.
Rusiyaya gəlincə isə, onun Zaporojye vilayətində aktiv hücuma keçmək gücündə olması aydın deyil, onun Xerson istiqamətində bunu necə edə biləcəyi ümumiyyətlə, aydın deyil və Belarusdan Kiyevə hücumla bağlı şayiələr artıq elan edilmiş “yeni subyektləri azad etmək” niyyətlərinə heç uyğun gəlmir.
Motivasiya
Müharibənin sadə formalaşdırılmış məqsədi ona gətirib çıxarır ki, bu məqsəd uzaqda görünsə belə, cəbhədəki ukraynalı əsgərə müharibənin nə vaxt bitəcəyini və evə nə vaxt qayıdacağını izah etmək eyni dərəcədə asandır.
Rusiyalı üçün daha çətindir – o bilmir ki, şərti olaraq Donbasın ələ keçirilməsindən sonra prezidenti nə istəyə bilər. Bundan sonra evə gedəcək, yoxsa döyüşə davam edəcək? Bu qeyri-müəyyənlik, bu müharibənin nə üçün lazım olduğu sualına cavabın olmaması ilə birlikdə Rusiya ordusunu ruhdan salır.
Motivasiya ilə bağlı bu problem hətta cəbhədəki vəziyyətlə tanış olan rusiyapərəst hərbi bloggerlər tərəfindən də etiraf edilir.
“Rusiya Silahlı Qüvvələrinin döyüş effektivliyini (təkcə hücumda deyil, həm də müdafiədə) çox ciddi şəkildə zəiflədən səbəblər kompleksindən mən yenə də mənəvi amili əsas hesab edirəm. Səfərbər olunanların (helə RF Silahlı Qüvvələrinin kadr heyətinin də) əksəriyyətinin Ukrayna Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda qurban olmaq motivi yoxdur, çünki müharibənin məqsədləri nəinki hakimiyyət tərəfindən izah edilməyib, hətta rəsmi olaraq müəyyən edilməyib”, – Malayziya Boeing MH17-nin məhv edilməsində beynəlxalq tribunal tərəfindən təqsirli bilinən, həmçinin 2014-cü ildə Donbasda müharibənin başlanmasına görə məsuliyyəti öz üzərinə götürən “Strelkov” təxəllüsü ilə tanınan İqor Girkin yazır.
Eyni zamanda, indiki müharibədə təkcə hərbçilərin öz məqsədlərini nə dərəcədə yaxşı başa düşməsi deyil, həm də bu məqsədlərin bütün əhali tərəfindən necə qəbul edilməsi vacibdir. Rusiya ordusunda səfərbər olunanların sayı artır. Sovet hərbi nəzəriyyəçisi Aleksandr Sveçin “Strategiya” kitabında yazırdı ki, müharibəyə çağırılan mülki şəxslərin döyüş ruhu adi hərbi qulluqçulardan həmişə aşağı olur.
“Şüurlu və təlim keçmiş ordu tədricən səfərbər olunmuşlarla qarışır, onların sonuncuların hazırlanması üçün sadəcə kifayət qədər vaxt və ya fürsət olmur. Və buna görə də uzun sürən münaqişədə yüksək əhval-ruhiyyəni yalnız bütün əhalinin müharibənin məqsəd və vəzifələrini başa düşməsi əsasında saxlamaq olar”, – kitabda deyilir.
Öz ərazisində xarici orduya qarşı döyüşən Ukrayna hərbçiləri üçün motivasiya məsələsi daha az əhəmiyyət kəsb edir, onlara bu müharibənin niyə getdiyini izah etmək daha asandır. İnsanların olduğu yaşayış binasına düşən hər bir rus raketi hər hansı şüardan daha yaxşı motivasiya verir. Və bunu təkcə hərbçilər deyil, mülki şəxslər də başa düşür, çünki  Rusiya ordusu təkcə cəbhə xəttində fəaliyyət göstərmir, onların raketləri Ukraynanın bütün şəhərlərinə uçur.
Hücumun hansı hərbi-siyasi mənası ola bilər?
Ukrayna Silahlı Qüvvələri qış kampaniyasına strateji təşəbbüslə yaxınlaşıb. Onlar Xarkov vilayətində və Xerson yaxınlığında Rusiya ordusuna qarşı uğurlu hərbi əməliyyatlar keçirə biliblər.
Rusiyada elan edilən səfərbərlikdən sonra cəbhə az-çox sabitləşib, lakin təşəbbüsü rusiyalıların ələ keçirməsindən söhbət getmir, indiyədək rus ordusu öz mövqelərinin dərinliklərində intensiv müdafiə xətləri qurur, Rusiya hərbi liderlərinin fikrincə, ən çox təhdid edilən istiqamətlərdə özünü müdafiə etməyə hazırlaşır.
Baxmut bölgəsində irəliləyiş təşəbbüsü ələ keçirmək, Ukrayna Silahlı Qüvvələrini reaksiya verməyə məcbur etmək və bu istiqamətdə ehtiyatlar yaratmaq, onları başqa istiqamətlərdə aktiv əməliyyatlara hazırlaşmaqdan yayındırmaq cəhdidir.
Eyni zamanda, ABŞ-ın Müharibənin Tədqiqi İnstitutunun (ISW) qeyd etdiyi kimi, Baxmutun özü Rusiya ordusu üçün deyil, Ukrayna Silahlı Qüvvələri üçün böyük əməliyyat və ya strateji əhəmiyyət kəsb edir, ISW qeyd edir ki, düşmən onun hücumuna çox sayda qüvvə və vasitə sərf edir.
Hərbi baxımdan indi hər bir tərəf təşəbbüsü bərpa etməyə çalışır. Bu, sonrakı hərəkətləri xeyli asanlaşdıracaq və düşməni aktiv hərəkətlərə deyil, təhdidlərin qarşısını almaq üçün daha çox səy sərf etməyə məcbur edəcək.
Məsələn, təşəbbüs əlində olmayan tərəflərdən biri müdafiəyə hazırlaşırsa, o zaman arxada bütün cəbhə xətti boyunca böyük ehtiyatlar saxlamalıdır, çünki onların harda lazım olacağını bilmir.
Təşəbbüs sahibi olan tərəf kiçik ərazidə qüvvələr toplayaraq, lokal say üstünlüyü yaradaraq və düşməni ehtiyatları əks tərəfə keçirməyə məcbur edərək zərbələr hazırlayır. Bir hücum dayanana qədər, növbətini yeni istiqamətdə hazırlamaq mümkündür.
Bu arada, Ukraynada davam edən hərbi münaqişənin mahiyyətini “tükəndirmə müharibəsi” və ya “yorucu” kimi qiymətləndirmək olar. Belə bir münaqişədə əsas məqsəd düşməni müharibəni davam etdirmək imkanından məhrum etmək, onun resurslarını tükəndirməkdir.
Belə müharibənin ikinci dərəcəli, aralıq məqsədləri ərazilər, coğrafi nöqtələr, şəhərlər, düşmən qoşunlarının birləşmələri və s. ola bilər. Lakin əsas vəzifə düşmənin müharibəni davam etdirmək qabiliyyətini itirməsinə nail olmaqdır.
Ona görə də hərbi baxımdan, Rusiya üçün qarşısına iddialı məqsədlər qoymaq və qəti qələbə qazanmaq o qədər də vacib deyil, Kreml hesab edir ki, Ukrayna daha az insan resursuna malikdir, Qərbin dəstəyi isə tükənəcək.
Ukrayna üçün, əksinə, həlledici qələbələr əldə etmək vacibdir – bir çox ekspertlərin fikrincə, Qərbin dəstəyi bundan asılıdır.
Bundan əlavə, əzmkar qələbələr ordunun əhval-ruhiyyəsi, döyüş ruhu baxımından önəmlidir. Nəhayət, Qərb dövlətlərinin dəstəyinə baxmayaraq, Ukrayna dövlətinin resursları, o cümlədən əhalisi Rusiyadan daha az və iqtisadiyyatı daha zəifdir.
Rusiya üçün də uğur vacibdir, amma hərbi baxımdan deyil, mənəvi-psixoloji baxımdan. Bu cür uğur əhali üçün başa düşülən aydın siyasi məqsədin olmamasını müəyyən dərəcədə kompensasiya edə bilərdi: “Siz bu müharibənin nəyə görə lazım olduğunu başa düşmürsünüz? Bu, belə qələbələr naminə vacibdir”.
Rusiyada qoşunlarını Ukraynaya gətirən siyasi iradə bir adamdan gəlir – Vladimir Putindən. Baxmayaraq ki, hazırda “xüsusi əməliyyat”a Baş qərargah rəisi Valeri Gerasimov rəhbərlik edir, o, Ali baş komandana tabedir və sonda kampaniyanın bütün hərbi məqsədləri Putinin siyasi göstərişlərinə tam uyğun olacaq.
Bir çox rusiyalı hərbi bloqçular ölkə rəhbərliyini Baxmutun uzun sürən hücumlarına görə tənqid edir, onların fikrincə, bu hücumlar yalnız cəbhənin ayrı-ayrı sektorunda vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır, lakin eyni zamanda böyük itkilərə səbəb olur. Onlar hesab edirlər ki, bu hücum hər hansı ciddi əməliyyat məqsədi daşıdığı üçün deyil, siyasi motivlərlə diktə olunduğu üçün vacibdir.
Sözdə həlledici məqsədlər Rusiya üçün birmənalı olaraq lazımlı görünməsə də, bu, həqiqətən də ölkə rəhbərliyinin siyasi iradəsi ola bilər. 2022-ci ilin fevralında Rusiya müharibəyə məhz belə başladı, halbukı görünürdü ki, ona bu müharibə heç bir fayda vəd etmir.
Tərəflərin hücum etmək üçün resursları varmı?
Hesab edilir ki, hücum edən qüvvələrin müdafiə qüvvələrinə nisbətdə üç dəfə çox olmalıdır. Bununla belə, bu, müxtəlif vəziyyətlərdə yuxarı və ya aşağı dəyişə bilən kifayət qədər ümumi qiymətləndirmədir.
Hücumun müvəffəqiyyəti və ya uğursuzluğu qoşunların hazırlığından, kəşfiyyat məlumatlarının mövcudluğundan və onun işlənməsindən, dəstək vasitələrindən, o cümlədən aviasiyadan, artilleriyadan, mühəndis bölmələrindən (bura yolların, körpülərin vəziyyətinin kəşfiyyatı, minalanmış sahələrin mövcudluğu daxildir) asılı ola bilər.
Məsələn, Ukrayna Silahlı Qüvvələrinin İzyum yaxınlığındakı hücumundan əvvəl minatəmizləmə maşınlarının tədarükü həyata keçirilib.
Ehtiyacların bütün uzun siyahısından əsas şeyi ayırmaq çətindir, çünki hər bir detal bir rol oynaya bilər.
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı daha əvvəl demişdi ki, o, “düşməni məğlub edə bilər”, lakin bunun üçün ona “daha 300 tank, 600-700 piyada döyüş maşını, 500 haubitsa lazımdır”. General Skşiçak BBC-yə deyib ki, Ukraynaya 350-400 tank lazımdır.
Şəxsi heyətin sayına gəlincə, Rusiyada ilk səfərbərlik dalğasından sonra komandanlıq cəbhədəki hərbi hissələri insanlarla doldurmağı bacardı, bu insanlar  hücumlar üçün yaxşı təlim keçməsə də, cəbhə xəttində boşluqların olmaması üçün olduqca uyğun idi.
Açıq mənbələrdəki məlumatlara əsasən, səfərbər olunanların yalnız bir hissəsi cəbhəyə gedib, qalanları ya düşərgələrdə, poliqonlarda təlim keçir, ya da ehtiyatda saxlanılır. Bu ehtiyatların sayının təxminləri çox fərqlidir – 150 ilə 300 min nəfər arasında. Müstəqil mənbələrdən alınan səfərbərlərin ümumi sayı barədə də dəqiq məlumat yoxdur.
Ukraynanın da ehtiyatları var, lakin USQ Rusiya ordusundan kiçikdir. Rusiya təkcə şəxsi heyətlə deyil, həm də hərbi texnikada, xüsusilə aviasiya, artilleriya, zirehli texnikada üstünlüyə malikdir.
Digər tərəfdən, Ukrayna Silahlı Qüvvələri rabitə, taktiki və operativ səviyyədə kəşfiyyat, hədəf təyinat vasitələri ilə daha yaxşı təchiz olunub, onlar daha yüksək dəqiqlikli silahlara, müasir tank əleyhinə sistemlərə malikdirlər ki, bu da bir çox hallarda ukraynalılara taktiki səviyyədə Rusiya bölmələrinə effektiv müqavimət göstərməyə imkan verir.
Ukrayna ordusu Qərbin kəşfiyyat məlumatlarından, o cümlədən Qərbdə Rusiyadan daha çox olan peyklərdən, eləcə də Ukrayna sərhədləri yaxınlığında havada daim növbətçilik edən müxtəlif kəşfiyyat təyyarələrinin məlumatlarından istifadə edir.
Nəhayət, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusundan daha yaxşı təşkil olunub – İnternetdən istifadə edən komanda-nəzarət sistemi müxtəlif səviyyələrdəki komandanlığa tez qərarlar qəbul etməyə, əmrlər verməyə imkan verir, eyni zamanda Rusiya qoşunlarında şaquli iyerarxik struktur təhdidlərə cavab müddətini ləngidir.
“Döyüşən Pişik Murz” təxəllüsü ilə tanınan “Bizə Yaninadan yazırlar” teleqram kanalının müəllifi, özünü “DXR”in bölmələrindən birinin hərbçisi kimi təqdim edən şəxs döyüşdə rabitənin vacibliyindən yazır. Onun sözlərinə görə, etibarlı təhlükəsiz rabitə kanallarının olmaması rus əsgərlərini öz hərəkətlərini tanklarla əlaqələndirmək imkanından məhrum edir, Ukrayna Silahlı Qüvvələri isə bu problemi həll edib.
“Hücumlarımızın bir çoxunun uğursuzluğunun səbəblərindən biri texnikanın üstünlüyündən istifadə edə bilməməkdir. Çox vaxt piyadalar heç bir zireh müdafiəsi olmadan, yaxşı möhkəmləndirilmiş düşmən mövqelərinə hücuma keçir. Mən dəfələrlə görmüşəm ki, tanklar necə boşluğa atəş açır və sadəcə olaraq döyüş meydanını tərk edir. Sursat doldurma yeri çox uzaqda olduğundan tanklar hücumu dəstəkləmək üçün geri qayıtmırlar”, – o yazır və bu koordinasiyasızlığın məhz rabitənin olmaması ilə izah edir.
Ukrayna ordusu müharibənin ilk aylarından döyüş meydanında komanda idarəetmə sistemindən istifadə edir. İlon Maskın SpaceX şirkəti Starlink peyk interneti üçün yüzlərlə terminalı Ukraynaya verdikdən sonra belə bir şəbəkənin qurulması mümkün olub.
Bütün bu amillər Ukraynaya az-çox uğurla rus qoşunlarının qarşısını almağa imkan verir – hətta Baxmut bölgəsindəki hücum, Soledarın tutulmasına və daha da irəliləməsinə baxmayaraq, kifayət qədər ləng gedir.
Bununla belə, yüksək keyfiyyətli rabitə ilə belə, həlledici məqsədləri olan böyük bir hücum və cəbhənin böyük bir dərinliyə keçməsi halında, Ukrayna Silahlı Qüvvələrinə ağır zirehli texnika, çox sayda artilleriya, hava hücumundan müdafiə sistemi və radion-elektron mübarizə vasitələri lazımdır. Ən əsası isə böyük miqdarda sursat.
Bu arada, artilleriyadan istifadənin intensivliyinə görə “mərmi aclığı” indi hər iki tərəfdə yaşanır. Onlar, həqiqətən, kifayət deyil, lakin ola bilər ki, onlar böyük əməliyyatlar üçün sursata qənaət edirlər.
Taktika
Zirehli texnika, döyüş sursatı və şəxsi heyətin sayı həqiqətən də müharibədə, xüsusən hücumda çox vacib amildir. Bununla belə, keyfiyyət də az rol oynamır. Ukrayna Silahlı Qüvvələrinin İzyum və Xerson yaxınlığındakı hücumları, əsasən, Rusiyanın bu ərazilərdə müdafiəsinin çox zəif olması səbəbindən uğurlu oldu – ya Xarkov vilayətində olduğu kimi canlı qüvvənin çatışmazlığı, ya da Xerson vilayətində olduğu kimi təchizat problemləri səbəbindən.
Ancaq indi Ukrayna Silahlı Qüvvələri, çox güman ki, daha güclü müdafiəni keçməli olacaq – Rusiya son vaxtlar onun hazırlığı ilə fəal məşğul olub. Bu, təkcə keyfiyyəti çox vaxt şübhə doğuran istehkamlara aid deyil. Rusiya arxa cəbhədə dərin sıçrayışların qarşısını almaq üçün istifadə edilə bilən ehtiyatlar yaratmağa çalışıb.
Döyüş qruplarının manevrinə əsaslanan belə çevik müdafiə çox yaxşı koordinasiya, kəşfiyyat, komandanlığın situasiya məlumatlılığı və yüksək səviyyəli komandanlıq və idarəetmə tələb edir. Ümumiyyətlə, qəbul edilir ki, bütün bunlar Ukrayna Silahlı Qüvvələrində daha yaxşı inkişaf etdirilib, lakin burada ümumiləşdirmək çətindir, çünki Rusiya tərəfində təkcə səfərbər edilmiş deyil, həm də peşəkar heyət ehtiyatda saxlanılır.
Rusiya hücuma başlayarsa, müharibənin birinci mərhələsinin uğurları da çətin ki, təkrarlansın – Ukrayna ordusu o vaxtdan daha yaxşı silahlanıb və daha hazırlıqlı olub.
Əgər proqnozlar özünü doğrultsa və tərəflərdən biri hücuma başlasa, o zaman ona müdafiədə lazım olduğundan daha hazırlıqlı qüvvələr lazımdır. Buraya təkcə silah və ya texnikada bacarıqlar deyil, həm də tağımdan tutmuş briqadaya və ya diviziyaya qədər bütün səviyyələrdə döyüş koordinasiyası daxildir.
İndi hər iki tərəf bununla məşğuldur – Rusiya səfərbər olunanların yalnız bir hissəsini cəbhəyə göndərib, bəzi mənbələrə görə, yarısı göndərilib – qalanları təlim keçir. Ukrayna xaricdəki poliqonlarında və təlim bazalarında fəal şəkildə əsgər və zabitlər hazırlayır.
Rusiya üçün hərbçilərə təlim keçmək daha çətindir – təlimatçılar bu hərbi münaqişədə döyüş təcrübəsi olan zabitlər olmalıdır, lakin belə insanlar indi cəbhədə lazımdır. Ona görə də səfərbər olunanların təlim keyfiyyəti ən yüksək səviyyədə olmaya bilər. Bununla belə, çox güman ki, onlar daha az təhlükə altında olan ərazilərdə səngərləri doldurmaq üçün təlim keçə bilərlər ki, daha çox döyüşə hazır bölmələri başqa yerlərə yönəltsinlər.
Ukrayna da ehtiyatlar hazırlayır və açıq mənbələrə daxil olan məlumatlara əsasən, Qərbdə hərbçilərin təlimi zirehli texnika təchizatı ilə bağlıdır.
Ukraynanın Londondakı səfiri Vadim Pristayko bildirib ki, Böyük Britaniya tezliklə Ukrayna ordusuna Böyük Britaniyanın vəd etdiyi yeni texnika ilə bağlı təlimlərə başlayacaq. “Ağır artilleriya sistemlərinin ekipajları artıq təlim keçir, tezliklə tankçılar da gələcəklər”, – Ukrayna səfiri bildirib. Pristayko onu da aydınlaşdırıb ki, Britaniyada artıq 10 min piyada təlim keçib, yanvarın əvvəlindən isə daha 20 min piyada təlimə başlayıb. Təlim kursu təxminən beş həftə davam edir.
Ümumilikdə, internetdə tapılan ən minimal hesablamalara görə, 50.000 Ukrayna hərbçisi xaricdə təlim keçə bilər.
Yanvarın 9-da keçirilən brifinqdə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, yeni silah Ukrayna Silahlı Qüvvələrinə ümumqoşun döyüşlərin aparması üçün bölmələrin təlimini davam etdirməyə imkan verəcək. Onun sözlərinə görə, hazırlıq ABŞ və onun tərəfdaşları tərəfindən həyata keçiriləcək. “Avadanlıq başqa şeydir, ondan istifadə etmək başqa şeydir”, – o deyib.
“Ümumqoşun döyüş” hərbi termindir və zirehli texnika, piyada, yardımçı texnika, artilleriya və hava dəstəyindən istifadə etməklə quruda döyüş əməliyyatlarını bildirir. Müasir ümumqoşun döyüşü döyüş meydanında müxtəlif bölmələr arasında ən yüksək səviyyədə qarşılıqlı əlaqəni, kəşfiyyat, rabitə və bir çox digər amillərdən asılı olan komandanlıq, idarəetmə tələb edir.
ABŞ-ın son yardım paketi, eləcə də digər ölkələrdən texnikanın tədarükü göstərir ki, Ukrayna ordusu məhz ümumqoşun əməliyyatlar çərçivəsində yaxşı silahlanmış düşmənə qarşı müharibə aparmaq üçün hazırlanır.
Son həftələrdə Ukraynaya ağır piyada döyüş maşınlarının  çatdırılması vəd edilib: 50 ədəd İsveç CV90-nı, 40 ədəd alman “Marder”i, 59 ədəd ABŞ “Bradley”si. Bu texnika özlüyündə Ukrayna bölmələrinin döyüş qabiliyyətini xeyli artıracaq, lakin Ukrayna əsas döyüş tanklarını aldıqda sonra daha da effektiv olacaq.
Uzun müzakirələrdən sonra Vaşinqton və Berlin Kiyevə tanklar göndərməyi bəyan edib. Britaniya bundan əvvəl öz istehsalı olan tankları tədarük edəcəyinə söz verib.
Amerikalılar piyadaların döyüş maşınları (PDM) ilə birlikdə Kiyevə komanda maşınları, sursat daşıyıcıları, MRAP zirehli avtomobilləri və HMMWV cipləri tədarük edəcəklər. Digər ölkələr təkərli özüyeriyən sistemlər və digər silahlar söz veriblər.
Amerika “tortunun” ən şirin yeri ABŞ Ordusunun orta mobil briqadalarının əsasını təşkil edən 90 ədəd “Stryker” ağır səkkiz təkərli zirehli maşınlar oldu.  Bu maşınların müxtəlif versiyaları var, o cümlədən piyadaların döyüş maşınları, pulemyotlu zirehli transportyorlar, özüyeriyən minaatanlar, kəşfiyyat, komanda məntəqəsi, təcili yardım və digər maşınlar. Modifikasiyalardan biri 105 mm-lik tank topu ilə silahlanıb.
Bir tərəfdən, “Stryker”lər tanklar və ya ağır piyada döyüş maşınları ilə eyni müdafiəyə malik deyil və döyüş meydanında daha həssasdır. Ancaq digər tərəfdən, bu təkərli nəqliyyat vasitələridir, tırtıllı avtomobillərdən fərqli olaraq, platformalı avtomobillərə müraciət etmədən uzun yürüşlər edə bilər.
Fransanın vəd etdiyi AMX-10 RC zirehli maşınları ilə birlikdə onlar hücumda qruplaşmanı sürətlə gücləndirə və ya müdafiə üçün təhdid edilən əraziyə qoşun daşıya bilən çevik reaksiya bölmələrinin əsasına çevrilə bilər.
Bundan əlavə, Ukrayna çox sayda özüyeriyən artilleriya alacaq: Danimarka – 19 ədəd “Sezar” özüyeriyən silah, İsveç – 12 ədəd “Archer”, Çexiya – 26-30 ədəd “Dana-M2”, Britaniya – 18 ədəd M109А6 təhvil verəcək. Özüyeriyən artilleriya – hücumda qoşunları müşayiət edə bilən ağır mobil artilleriyadır.
Bununla belə, bütün bu alətlər dəsti çox ciddi hazırlıq tələb edir. Hətta nəzərə alsaq ki, bu halda bəzi super-mürəkkəb sistemlərdən, məsələn, hava hücumundan müdafiə sistemlərindən söhbət getmir, yeni silahların hazırlanması elə bir səviyyədə olmalıdır ki, ekipaj döyüş şəraitində avtomatik hərəkət etsin, axı döyüşdə çox vaxt hər şey saniyələrlə həll olunur.
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli hesab edir ki, Ukraynanın yaxın aylarda yeni hücuma hazırlaşması çox çətin olacaq, lakin Milli əmindir ki, bunu etmək olar.
“Kadrlar hazırlanmalı, texnikaya yiyələnməli. Bu tapşırıqların yerinə yetirilməsi üçün vaxt pəncərəsi çox kiçikdir, bunu etmək çox çətindir”, – general Milli Ukraynanın müttəfiqlərinin Ramşteyndəki görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin isə aydınlıq gətirib ki, söhbət bir neçə həftədən gedir: “Ukraynanın əks-hücum əməliyyatına başlayacağı yaza qədər bizim fürsət pəncərəmiz var və bu, çox uzun zaman kəsiyi deyil”.
Nə vaxt hücum edilməlidir?
Zaman hücumda ən vacib uğur faktorudur. Döyüş əməliyyatlarının başlama vaxtı da zərbənin yeri kimi vacibdir.
Tarixçilər hesab edirlər ki, İkinci dünya müharibəsində, Kursk döyüşündən əvvəl alman komandanlığının səhvlərindən biri daha çox qüvvə toplamaq üçün bir neçə həftə gözləmək qərarına gəlməsidir. Bu fasilə, nəticədə müdafiəyə və sonrakı əks-hücuma daha yaxşı hazırlaşa bilən sovet ordusunun əlinə oynadı.
Kim hücuma keçməyə qərar verirsə – Rusiya və ya Ukrayna – bu hücumun başlama vaxtı bir çox amillərdən asılı olacaq.
Hər şeydən əvvəl, bu, hava şəraitidir. Qış 2022-23 hərbi əməliyyatların getdiyi bölgələrdə o qədər də soyuq keçmir. Son günlər Donetsk, Baxmut, Liman, Zaporojjya bölgələrində havanın temperaturu sıfırdan yuxarı olub. Lakin müəyyən şaxtalar olub, bəzi yerlərdə torpaq donub.
Aprel ayında bu ərazilərdə palçıqlıq olacaq, bu da yolsuzluq ərazini hətta yüngül tirtıllı avtomobillər üçün çətinləşdirəcək. Rusiya ordusu artıq işğalın lap əvvəlində bununla üzləşib.
Buna görə də hücum üçün “meteoroloji pəncərə” hər gün azalır. Eyni zamanda, tərəflərdən heç biri hücuma hələ tam hazır deyil.
İkinci amil yeni qoşunların hazır olmasıdır. İndi hər iki tərəf hücuma daha yaxşı hazırlaşmaq istəyi ilə düşmənin də eyni şeyi etməsi qorxusu arasında balans yaratmağa çalışır.
Ukrayna üçün bu, ilk növbədə, təkcə tank sürmək, özüyeriyən silahdan atəş açmaq və ya radarla səmanı skan etmək qabiliyyətini özündə əks etdirən yeni xarici texnikaya yiyələnmək deyil.
Müasir döyüşdə texnika piyada, artilleriya, mühəndis bölmələri, taktiki aviasiya, kəşfiyyat və bir çox başqalarının hərəkətləri ilə sıx əlaqədə istifadə olunur. İdealda, bütün bu hissələr uyğunlaşdırılmalıdır.
Lakin bütün bu tədbirlər belə, hücuma hazırlaşan qərargah zabitlərinin əlində yalnız bir alətdir. Qazanan tanklar və əsgərlər deyil, ilk növbədə qərargahdır. Həm də bütün planlarını sınaqdan keçirmək üçün – onları kompüterlərdə və real məşqlərdə işləmək üçün çox vaxt lazımdır.
Üçüncü amil böyük sursat ehtiyatlarının olmasıdır. Cəbhənin hər iki tərəfində son həftələrdə artilleriya fəallığının azalması həm döyüş sursatı çatışmazlığı, həm də həlledici zərbədən əvvəl onlara qənaət istəyi ola bilər. Amma məsələ təkcə mərmi və raketlərin ümumi ehtiyatlarında deyil. Məsələ logistikadır ki, onun da hazırlanması çox vaxt aparır.
İstənilən böyük hücum arxa cəbhə üçün böyük bir vəzifədir. Yanacaq, döyüş sursatı, ərzaq ehtiyatları olan anbarları təşkil etmək, bütün bunları müdafiə zamanı olduğundan daha sürətlə sərf edəcək irəliləyən bölmələrə malların, həmçinin yaralıları hospitallara çatdırılması sxemini təşkil edib çatdırmaq lazımdır.
Və düşmənin bunu görə bilməməsi üçün bunları mümkün qədər gizli etmək lazımdır. Bütün bunlar təkcə resurs deyil, həm də vaxt tələb edir.
Hücum harada başlaya bilər?
Ukrayna Silahlı Qüvvələrinin payız hücumu başlamazdan əvvəl, onun hazırlığının xarici əlamətləri avqustun sonunda artıq nəzərə çarpırdı. ABŞ-ın növbəti yardım paketində belə bir inkişafı göstərən vəsaitlər meydana çıxdı.
Bununla belə, hücumun əvvəlinə qədər Ukrayna qüvvələrinin zərbəsinin istiqamətini təxmin etmək olduqca çətin idi – Ukrayna Silahlı Qüvvələrinin komandanlığı zərbə qüvvəsini az-çox gizli şəkildə yerləşdirməyi bacardı və sentyabrın 6-da qoşunların Xarkov vilayətindən irəliləməsi rusiyalı əsgərlər üçün sürpriz oldu.
Yerləşdirmə məxfiliyi Sovet ordusunun İkinci dünya müharibəsində bir neçə dəfə – Kursk və Stalinqrad döyüşlərində istifadə olunan əsas hərbi texnikalarından biridir. “Baqration” əməliyyatında radio səssizlik, yalnız gecələr hərəkət etmə, yalançı mövqelər, saxta texnikanın yerləşdirilməsi, diqqəti yayındırmaq üçün səngərlərin qazılması kimi bütün gizlənmə vəsaitlərindən istifadə edildi.
Həm Ukrayna, həm də Rusiya ordusu Sovet ordusunun varisləridir və çox güman ki, bu təcrübədən tam istifadə etməyə çalışacaqlar və buna görə də belə bir hücumun hazırlığı yalnız son anda məlum ola bilər.
Düzdür, Ukrayna Silahlı Qüvvələri daha təkmil kəşfiyyat vasitələrindən istifadə edir və Rusiya ordusu bir çox hallarda Ukrayna agentlərinin fəaliyyət göstərdiyi işğal olunmuş ərazilərdə hücuma hazırlaşmalı olacaq və buna görə də məxfilikdə üstünlük Ukraynanın tərəfindədir.
Ümumiyyətlə, müharibə artıq hücumların həyata keçirilə biləcəyi bir neçə ən vacib sahələri üzə çıxarıb.
Xerson vilayəti
Bu döyüş sahəsinin mürəkkəbliyi ondan ibarətdir ki, hücumu həyata keçirmək üçün böyük Dnepr çayından keçmək lazımdır. Bu, həm Ukrayna Silahlı Qüvvələri, həm də Rusiya Federasiyası Silahlı Qüvvələri üçün işi xeyli çətinləşdirir.
Çayı keçmək özü artıq çox çətin əməliyyatdır, lakin bundan sonra irəliləyən bölmələrin tədarükünü qurulmuş keçidlər vasitəsilə təşkil etmək lazımdır ki, çox güman ki, düşmən itkilərə baxmayaraq, bütün gücü ilə bunu məhv etməyə çalışacaq.
Lakin Ukrayna üçün bu, Krıma gedən ən qısa yoldur. Bu vəziyyətdə Dnepr bir maneədirsə, Krım keçidinə qədər olan ərazi, əksinə, irəliləməyə kömək edir – bu, az sayda yaşayış məntəqələrinin olduğu çöl düzənliyidir.
Rusiya ordusu üçün Xerson da arzuolunan hədəf ola bilər – bu şəhəri tərk etmək Rusiya üçün ciddi hərbi-siyasi uğursuzluq idi və şəhəri geri qaytarmaq şirnikləndirici olardı, bu həm də Nikolayevə və Odessaya yol açacaq.
Zaporojye vilayəti
Rusiya üçün Zaporojye vilayəti (həmçinin Xerson vilayəti) vacibdir, çünki Vladimir Putin şəxsən bu Ukrayna bölgələrini Rusiyanın yeni subyektləri elan edib. Siyasi baxımdan, bu istiqamətdə hücuma başlamaq tamamilə məntiqlidir, xüsusən də Xersondan fərqli olaraq, Dnepri bu istiqamətdə keçmək lazım deyil.
Əməliyyat uğurlu olduqda Rusiya qoşunları cəbhə xəttini geri atacaq, bu da Krımdan quru dəhlizini, xüsusən də Ukraynanın dəqiq idarə olunan raketləri ilə vurulan dəmiryolunu daha təhlükəsiz edəcək.
Zaporojye istiqamətində Rusiya hərbçilərinin fəallığının artdığı hələ yanvarın ortalarında bildirilsə də, son günlər Rusiya ordusu daha da fəallaşıb.
Ukrayna üçün bu yerə zərbə də məntiqlidir. Bu, Azov dənizinin sahillərinə çatmağa və Xerson vilayətindəki Rusiya qoşunlarının təchizatını kəsməyə imkan verəcəkdi – Krım körpüsündə partlayışdan sonra yarımadadan təchizat problemli olub.
Bununla belə, Ukraynanın bu ərazidə hücumu təhlükəsi Moskvada kifayət qədər uzun müddət əvvəl qəbul edilib və müdafiənin dərinliklərində hücumu dayandırmağa hazır olan ehtiyatlar var.
Donbass
Bu, həm Ukrayna Silahlı Qüvvələri, həm də 2022-ci ilin fevralında işğalın əvvəlindən Baxmut şəhərinə doğru irəliləyən Rusiya ordusu üçün ən çətin hücum yeridir. Rusiya qoşunları bu istiqamətdə yavaş-yavaş irəliləməyə davam edir, böyük səylər sərf edir və ağır itkilər verir.
Buna əvvəlcədən, hətta müharibə başlamazdan əvvəl Ukrayna Silahlı Qüvvələrinin hazırladığı müdafiə kömək edir.
Ukrayna üçün bu ərazidə hücum, Rusiyanın Kramatorsk və Slavyanska hücum təhlükəsini azaldar. Bununla belə, ukraynalılar hazırlanmış mövqelərə söykənən müdafiəni də yarmalı olacaqlar. Bundan əlavə, Donbas bir çox şəhərləri olan sənaye bölgəsidir ki, bu da istənilən hərbi əməliyyatları xeyli çətinləşdirir.
Luqansk vilayəti
Luqansk vilayətinin cənub hissəsi də kifayət qədər sıx qurulub və Ukrayna Silahlı Qüvvələrinin payızda çox danışılan hücumu – Kremennaya və daha sonra Lisiçansk və Severodonetskə irəliləməsi bu yaşayış məntəqələrinə birbaşa hücum etmək zərurəti ilə əlaqələndiriləcək.
Digər mümkün istiqamət – Svatovo bölgəsi bu baxımdan daha cəlbedici görünür. Luqansk vilayətinin şimalında daha az şəhər və kənd var.
Ancaq Ukraynanın payız hücumundan sonra bu istiqamətdə Rusiya ehtiyatları yerləşdirilib.
Rusiya da bölgədə yeni hücuma keçə bilər, xüsusən də müharibənin əvvəlində bunu etdiyinə görə.
Belarus
Son bir neçə həftə ərzində Kiyev istiqamətində və ya Ukraynanın qərb vilayətləri istiqamətində yeni zərbənin mümkünlüyü barədə kifayət qədər danışılıb. Rusiya burada iki məqsədə nail olmaq istəyə bilər – Kiyevin ələ keçirilməsi və Ukrayna Silahlı Qüvvələrinin təchiz olunduğu Ukraynanın mərkəzi və şərq rayonları ilə Polşa arasında rabitənin dayandırılması.
Yanvarın əvvəlində Belarus Müdafiə Nazirliyi bildirib ki, ölkədəki Rusiya qruplaşmasının sayı cəmi 9 min nəfər, təxminən 170 tank, 200-ə qədər zirehli texnika və 100-ə qədər top və 100 mm-dən çox kalibrli minaatandır.
Gücü təxminən 50 min nəfər olan Belarus ordusu da var, lakin Minskin müharibəyə girməsi güclü eskalasiyaya səbəb olacaq və bir çox ekspertlər buna şübhə edirlər.
Müharibə başlamazdan əvvəl müdafiəyə hazırlaşan və bir hücum cəhdinə tab gətirən nəhəng Kiyev şəhərinə hücum etmək üçün bu sayda qoşun açıq-aşkar kifayət etmir.
Bundan əlavə, Ukraynanın şimal hissəsi, Kiyevdən başlayaraq və qərbdən Polşa sərhədinə qədər sıx meşələrlə örtülüdür, burada hücum etmək çətin və müdafiə etmək asandır. İrəliləyən qüvvələr tank əleyhinə silahlarla silahlanmış mobil qrupların atəşə nəzarət edə biləcəyi bir neçə əsas yolun yaxınlığında hərəkət etməyə məcbur olacaqlar.
Rusiya artıq işğalın əvvəlində böyük bir hücumun mürəkkəbliyini yaşayıb – həmin vaxt Kiyevi işğal edə bilməyən Rusiya hərbi kolonu bir magistral yol boyu uzandı və zərbə altına düşərək geri çəkilməyə məcbur oldu.
Kurskdan Poltavaya
Nəhayət, Polşa generalı Valdemar Skşiçakın dediyi başqa bir istiqamət var. Onun sözlərinə görə, Rusiya qoşunları oktyabr ayından başlayaraq Bryansk, Kursk və Voronej bölgələrindədirlər, orada bərpa olunurlar və təchizatları artırırlar.
“Onlar böyük səfərbərlik həyata keçirirlər. Və bunu kifayət qədər xaotik şəkildə həyata keçirsələr də, onların 1,2 milyon nəfərlik ehtiyatı var. Onlardan 300 mini artıq səfərbər olunub və müvafiq təlimlərdən keçir. Bu qüvvələrin əksəriyyəti indi Voronej, Kursk, Bryansk vilayətlərində cəmləşib “, – Polşa Ordusunun quru qoşunlarının keçmiş komandanı bildirib.
“Hesab edirəm ki, Rusiya Ukraynanı bu istiqamətdən vura bilər və oradan cənuba, Xarkovdan qərbə, Dneprə axan Vorskla çayı ilə hərəkət edə bilər. Bu senariyə görə, Poltava və Dnepr şəhərləri hücuma məruz qalır”, – o deyir.

Bənzər yazılar

Back to top button