Sağlamlıq

TƏBİB-in arayış maxinasiyası – 88 qəpik hara gedir

“TƏBİB-in tabeliyindəki bütün poliklinikalarda POS-terminallar quraşdırılıb. 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi və hərbi xidmətə çağırılanların tibbi müayinəsi istisna olmaqla digər arayışlar üçün pul ödənilir”.

Bunu Meydan TV-yə adının açıqlanmasını istəməyən poliklinikalardan birinin həkimi deyib. Onun sözlərinə görə, işə qəbul olunanlar, tələbələr, sürücülük vəsiqəsi üçün tələb olunan sağlamlıq kağızı və ya tibbi arayış üçün pul ödəyir. O cümlədən, iaşə müəssisələrində çalışanların hamısı bu arayışı alır:

“Sağlamlıq haqqında lazım olan yerə təqdim edilən arayış icbari tibbi sığortanın xidmətlər zərfinə daxil deyil. Amma məsələ bundadır ki, arayışın qiyməti 40 manat 12 qəpikdr. POS-terminallar qəpik qəbul etmir, vətəndaşlar 41 manat ödəməli olurlar. Bəs 88 qəpik hara gedir? Əlavə dəyər vergisi və ya faiz tutulurmu? Vətəndaşlar haqlı olaraq soruşurlar”.

Həkim deyir ki, onlara POS-terminalların quraşdırılmasının hansı şirkət tərəfindən həyata keçirildiyi, 88 qəpiyin hansı quruma getdiyi bəlli deyil:

“88 qəpik ilk baxışdan az görünə bilər. Ancaq Azərbaycanda təkcə iaşə mərkəzlərində çalışanların aldıqları arayış nəzərə alınarsa, bu, milyonlarla manat vəsait edir”.

Arayışların qiyməti Milli Məclisin Səhiyyə Komitəsinin son iclasında da müzakirəyə çıxarılıb. Deputat Məlahət İbrahimqızı bildirib ki, sağlamlıq arayışının rüsumu 41 manatdır. Bu, kasıb ailə üçün bir kisə un deməkdir:

“Tarif Şurasında həkim olub-olmadığını bilmirəm. Amma bu məsələyə komitədə baxaq”.

TƏBİB-dən 88 qəpiklə bağlı ittihama münasibət bildirilməyib. Qurumdan deyiblər ki, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan bütün tibbi xidmətlərin göstərilməsi tibbi göstərişlərə görə həyata keçirilir:

“Prezidentin 13 may 2022-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib. Sözügedən sənəd TƏBİB-in Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə təsdiqlənib”.

Qurumdan deyilib ki, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan bütün tibbi xidmətlərin göstərilməsi tibbi göstərişlərə görə həyata keçirilir. Tibbi göstəriş hər hansı bir xidmətin alınması üçün zərurət yarandığı haldır. Yəni vətəndaşın sağlamlıqla bağlı şikayətləri varsa, həmin şikayətlərlə tibb müəssisəsinə yaxınlaşarsa, bu, tibbi göstəriş halı sayılır. Bu zaman göstərilən bütün xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfi ilə qarşılanır, amma tibbi göstərişi yoxdursa, bu zaman bu xidmətlər icbari tibbi sığorta təminatı altında ödənilmir. Arayış alınması da tibbi göstəriş əsasında deyil, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil.

“Lakin sosial bir layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb. Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışlarına aiddir: Məktəbə, məktəbəqədər müəssisələrə təqdim etmək üçün bütün sağlamlıq arayışları, hətta ali təhsil müəssisənə təqdim etmək üçün olan arayışlar da ödənişsizdir. Həqiqi hərbi xidmətə çağırılanların müayinəsi də icbari tibbi sığorta ilə qarşılanır”, – qurumdan bildirilib.

Qeyd olunub ki, ödənişli arayışlar tibbi göstərişlər olmadan müayinə edilib, arayış alan şəxslərə verilir:

“Məsələn, sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmək ödənişli arayışlardır”.

“Ola bilsin ki, həmin müayinələrin nəticəsində hansısa xəstəlik də aşkarlana bilər. Arayışların verilməsi ilə bağlı gələcəkdə hansı əhali kateqoriyası üçün güzəştlərin olması da hazırda müzakirə olunur. Amma indiki halda yalnız yuxarıda söylənilən şəxslər sağlamlıq haqqında arayış alarkən ödənişdən azad olunurlar. Digər şəxslər üçün isə bu xidmət ödənişlidir. Arayışların forması və hansı ixtisaslı həkimlərin müayinəsinin və hansı instrumental-laborator müayinələrin tələb olunması isə Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir. Sağlamlıq haqqında “Forma-86” arayışı təqdim olunur”, – qurumun cavabında bildirilir.

Sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, sidiyin ümumi analizi daxildir. Arayışlar 1 ay müddətində etibarlıdır:

“Eyni zamanda arayışların elektron formada təqdim edilməsi də müzakirə mövzusudur. Tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib”.

Bənzər yazılar

Back to top button