İqtisadiyyat

Sabiq deputatın ailə üzvlərinə məxsus bank “Xalq Sığorta”nı məhkəməyə verdi

Sabiq millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin ailə üzvlərinə məxsus olan “Muğanbank” ASC (VÖEN – 1400122681) “Xalq Sığorta” ASC-yə (VÖEN – 2000358551) qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın icraatına verilib.
İddianın sığorta müqaviləsi üzrə mübahisələrlə bağlı olduğu bildirilir.

Məlumat üçün bildirək ki, “Xalq Sığorta” ASC ölkənin aparıcı sığorta şirkətlərindən biridir. 2022-ci ildə “Xalq Sığorta”nın sığorta yığımları 42,3 milyon manat olub və bu göstəriciyə görə 20 sığorta şirkəti arasında 4-cü sırada yer alıb.

Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan “Xalq Sığorta” ASC-nin səhmdarları olan “İdeal Biznes Ko” MMC (50%) və “Yevro Standart” MMC (50%) barəsində məlumatlar Dövlət Vergi Xidmətinin reyestrində yoxdur. Məlum olan odur ki, bu şirkətlər həm də “Xalq Bank” ASC-nin əsas səhmdarlarıdır. “Xalq Bank” ASC-nin hesabatında hər iki şirkətin hüquqi ünvanı kimi “Neftçilər prospekti 153” göstərilir. Bu ünvanda həm də ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq” yerləşir. “Xalq Bank” ASC-nin hesabatında həmçinin qeyd olunur ki, bankın yekun mülkiyyətçiləri bank üzrə birgə nəzarəti həyata keçirən Leyla Əliyeva və Arzu Əliyevadır.

“Xalq Sığorta” barəsində iddia qaldıran “Muğanbank” ASC isə 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 107,5 milyon manat olan bankın 4 səhmdarı olub. Səhmlərin 67,74%-nə nəzarət edən Mehdiyev Elmir Maqbet oğlu Əhməd Vəliyevin kürəkənidir. Səhmlərin 10,65 %-nə nəzarət edən Vəliyeva Vəfa isə Əhməd Vəliyevin qızıdır. Digər 2 səhmdar isə Əhməd Vəliyevin qudalarıdır.

Bənzər yazılar

Back to top button