Siyasət

Lavrov Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini təklif edib

Çərşənbə axşamı, yanvarın 31-də Rusiya Federasiyası və Azərbaycanın xarici işlər nazirləri – Sergey Lavrov və Ceyhun Bayramov arasında telefon danışığı olub.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, nazirlər Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin həlli yollarının müzakirəsini davam etdiriblər.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının bütün yolları üzrə ritmik işin bərpasının vacibliyi vurğulanıb. Bu kontekstdə Rusiya tərəfinin Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərləri arasında iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduğu təsdiqlənib”, – daha sonra Rusiya XİN-in press-relizində deyilir.

Öz növbəsində, Azərbaycan XİN-nin məlumatına görə, Nazir Ceyhun Bayramov Üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. Blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını xatırladıb.

Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasına baxmayaraq, müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və normallaşma istiqamətində təkliflərlə çıxış etdiyi, Ermənistanla delimitasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh sazişi istiqamətində qısa müddətdə razılıq əldə edilməsi istiqamətində səy göstərdiyini diqqətə çatdırıb. Buna baxmayaraq, Ermənistan tərəfinin təxribatlarının prosesə maneçilik törətdiyini bildirib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.(Turan)

Bənzər yazılar

Back to top button