Siyasət

Paşinyan Mişustinlə görüşdə Bakını kommunikasiyaları bağlamaqda ittiham edib

Faktiki olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan Laçın dəhlizinin “bağlanması” ilə əlaqədar Ermənistanın təhlükəsizlik sahəsində xoşagəlməz vəziyyət yaranıb. Bu barədə Ermənistan prezidenti Nikol Paşinyan cümə günü Alma-Atıda Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə bildirib.

“İndi deyə bilərik ki, Dağlıq Qarabağda humanitar böhran artır. Bu, ikitərəfli münasibətlərimizdə çox vacib və həssas məsələdir”, deyən Paşinyan əlavə edib ki, “bu istiqamətdə heç bir irəliləyiş qeydə alınmır”.

Onun sözlərinə görə, Azərbaycanın “destruktiv” mövqeyi ilə əlaqədar regional nəqliyyat kommunikasiyalarını açmaq mümkün olmur. Ermənistana gəlincə, o, “kommunikasiyaların ərazisindən keçdiyi ölkələrin qanunvericiliyinə uyğun olaraq” sərbəst hərəkəti təmin etməyə hazırdır.

Öz növbəsində, Mişustin qeyd edib ki, Rusiya Zaqafqaziyada iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıdır.

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi razılaşmaların yerinə yetirilməsinin təmin edilməsini vacib hesab edirik. Yeni nəqliyyat infrastrukturu marşrutlarının yaradılması regionun bütün dövlətlərinin maraqlarına uyğundur”.(Turan)

Bənzər yazılar

Back to top button