İdman

“Bu görüş həyatımda ən yadda qalan hadisələrdən biri oldu” – Qurban Qurbanov

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunda “Qarabağ” Gəncədə “Kəpəz”in qonağı oldu.

Fanat.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra “CBC Sport” telekanalına açıqlamasında 1:1 hesabı ilə başa çatan görüşü dəyərləndirdi:

“Gəncədə oynamaq heç də asan deyil. İstənilən vaxt burdakı oyunlarda problemlərlə üzləşmişik. Günorta saat 2-də aktiv göstərmək heç də asan deyil. Xüsusilə də səfərdə. Düşünürəm ki, “Kəpəz” 1 xalı haqq etdi. Qol epizodlarımız oldu. Ancaq sanki qapıçıda maqnit vardı. Topu özünə tərəf çəkirdi. Futbolçularıma deyəcəyim elə bir iradım yoxdur. Mən onları çox yaxşı başa düşürəm. Bu oyun bir daha göstərdi ki, qarşıdakı matçlara daha ciddi hazırlaşmalıyıq və istənilən rəqibə qarşı hazırlıqlı olmalıyıq”.

Mütəxəssis oyunların ferval ayı üçün olan sıx qrafikdən və “Gent”lə Konfrans Liqası oyununa hazırlıqdan da danışıb: “Komandanın idman formasını indi yaxşılaşdırmaq çətindir. Ümumiyyətlə, komandanın idman formasını yaxşılaşdırmağı sürətli oyunlarda həyata keçirə bilərik. Fasilədən sonra ilk oyunu Tovuzda saat 2-də süni meydançada oynamışıq, Şamaxıda saat 4-də oynamışıq, ondan 4 gün sonra isə bu gün yenə saat 2-də meydana çıxdıq. Futbolçunun bərpası, oyuna daha yaxşı hazırlaşmaq, məşq prosesi heç də asan deyil. Uyğun olmayan bir proqramla başlamışıq çempionata. “Gent”lə oyuna kimi “Sabah”la görüşümüz var. Çox istərdik ki, bu oyuna kimi komandanı daha yaxşı səviyyəyə gətirək. Asan deyil, amma əlimizdə başqa variantımız yoxdur. Çalışırıq ki, qarşıdakı görüşlərdə futbolçuların performansını biraz da olsa yaxşılaşdıraq”.

Qeyd edək ki, 2020-ci ildə Ermənistanın Gəncəyə atdığı raket zərbəsi nəticəsində yaralanmış və ö dönəmlərdə Qurban Qurbanovun hədiyyə yolladığı Aylin və bacısı Məryəm Gəncəyə səfər edən mütəxəssisi ziyarət ediblər. Matçın start fitindən öncə Aylin və Məryəm bacıları məşqçiyə təşəkkür üçün gül dəstəsi bağışlayıblar.

Qurbanov həmin duyğusal anlar barədə də danışıb: “Bu barədə çox danışmaq istəməzdim. Əlbəttə ki, mənim üçün çox xoş oldu. Bir neçə il əvvəldən tanışlıq vardı. Hər birinə təşəkkür edirəm. Bu görüş həyatımda ən yadda qalan hadisələrdən biri oldu. Allah bütün övladlarımızı, xalqımızı qorusun”.

Bənzər yazılar

Back to top button