DünyaSiyasət

ABŞ üzərində Çinin hava şarı göründükdən sonra Blinken Çinə səfərini ləğv edib

Cümə günü Dövlət Departamenti bildirib ki, dövlət katibi Entoni Blinken bu həftə sonu Pekinə səfərini ləğv edib. Səbəb ABŞ üzərində Çinin kəşfiyyat obyektinin görünməsidir. Bu, hazırda Amerikanın üç nüvə raketi şaxtasından birinin yerləşdiyi Montana ştatı üzərindəki hava şardır, – Turan-ın Vaşinqton müxbiri bildirib.

“Bu hava şarının bizim hava məkanımızda olması bizim suverenliyimizin, eləcə də beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və bu, yolverilməzdir”, – administrasiyanın yüksək səviyyəli nümayəndəsi jurnalistlərə bildirib.

Hava şarını F-22 qırıcıları ilə vurmaq olardı, lakin Pentaqon böyük bir obyektin məhv edilməsinin mülki əhali üçün təhlükə yaratdacağından ehtiyat edib.

“Hava şarı hələ də ABŞ-ın mərkəzi hissəsi üzərində 60 000 fut yüksəklikdə uçur və şərqə doğru hərəkət edir”, – Pentaqon nümayəndəsi jurnalistlərə deyib.

Cümə günü Blinken Cənubi Koreyanın xarici işlər nazirilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Çinin xarici işlər naziri Van İ ilə danışıb və insidenti “Çinin məsuliyyətsiz addımı” adlandırıb.

Blinkenin sözlərinə görə, hazırda əsas məsələ bu obyekti ABŞ-ın hava məkanından çıxarmaqdır.(Turan)

Bənzər yazılar

Back to top button