Cəmiyyət

“Geri dönməyən” avtobuslar, “tənha” və işəyaramaz ödəniş terminalı… Avtovağzalda nə baş verir?

Bakı Beynəlxalq Avtovağzalında vətəndaşlar gecikən avtobus xətlərindən və nasaz vəziyyətdə olan ödəniş terminallarından əziyyət çəkirlər. Avtovağzalda işlək vəziyyətdə cəmi bir ədəd ödəniş terminalı var və səhərlər bu terminalın qarşısında uzun növbələr yaranır. Həmin terminalın ekranı bərbad gündə olduğundan, sərnişinlər kartlarına yüklədikləri məbləğin ümumi miqdarını ekranda görə bilmirlər.

“Beynəlxalq” statusu daşıyan Bakı Avtovağzalında vəziyyət həm avtobus xətləri, həm də elə ödəniş terminalları cəhətdən o qədər acınacaqlıdır ki, buranın vəziyyətini görən o saat düşünür ki, görəsən, kompleksə ayrılan yüzminlərlə vəsait hara xərclənir? Hər gün onlarla avtobusun yola düşdüyü bu iri avtovağzal meydanında cəmi bir ədəd ödəniş terminalının “fəaliyyət” göstərməsi və onun da “yarımcan” olması ondan xəbər verir ki, bu sahəyə ayrılan vəsaitlər “yuyularaq” aradan çıxarılırmı? Başqa necə ola bilər ki? Vağzal meydanına, avtobusların dayandığı duracaqlara bir neçə ödəniş terminalını yerləşdirmək niyə belə “aşılmaz divar”a çevrilib?

Məsələ budur ki, həmin terminallardan konkret olaraq hansı qurumun məsuliyyət daşıdığını da demək qeyri-mümkündür. Ancaq hər bir halda bu, “beynəlxalq”lıqla əlaqəsi itən bu avtovağzalın belə biabrçı vəziyyətdə qalmasına səbəb sayılmasın gərək…

Yeri gəlmişkən, onu da qeyd edək ki, avtovağzaldan şəhərə doğru hərəkət edən 37 nömrəli avtobus xəttində cəmi 3 ədəd nəqliyyat vasitəsi fəaliyyət göstərir. Üç il öncə bu haqda maraqlananda bildirilmişdi ki, xəttəki avobuslar işğaldan azad olunan bölgələrə göndərildiyindən, avtobus xətlərində gecikmələr və sıxlıq müşahidə olunur. Yəqin ki, indi üç ildir həmin avtobuslar azad olunmuş ərazilərdən qayıdıb. Bəs indi niyə xətdə cəmi üç avtobus var? Qeyd edək ki, anoloji vəziyyət digər avtobus xətlərində də müşahidə olunur.

Bizimyol.info

Bənzər yazılar

Back to top button