İdman

Rövşən Nəcəfin Qurban Qurbanov planı: Onu hansı şərtlərlə “Neftçi”yə gətirmək olar?

SOCAR-ın prezidenti və “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfin “ağ-qaralar”la bağlı planı haqda məlumat yayılıb.

Sportinfo.az saytında yer alan xəbərdə bildirilir ki, Rövşən Nəcəf “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Neftçi”yə gətirilməsini istəyir. Hətta bununla bağlı göstəriş verdiyi də iddia olunur.

Bəs Rövşən Nəcəf bu ideyasını gerçəkləşdirə bilərmi? Qurban Qurbanovun “Neftçi”yə gəlməsi realdırmı?

Əvvəlcə onu qeyd edək ki, Qurbanov məşqçilik karyerasına məhz “Neftçi”də başlayıb. İndiki “Qarabağ”ın oyun sisteminin ilk işartıları həmin vaxt “Neftçi”də hiss edilirdi. Avstriya “Rid”i ilə qarşılaşmaları izləyənlər bu iddianı təsdiq edə bilərlər. Amma həmin vaxt “Neftçi”nin qeyri-peşəkar rəhbərliyi bu sistemi qiymətləndirmək iqtidarında deyildi.

Qurban Qurbanov “Qarabağ”da öz ideyasını, futbol fəlsəfəsini inkişaf etdirə bildi. Bəli, etiraf edək ki, “Qarabağ” rəhbərliyi bəzi məsələlərdə – xüsusən də transfer siyasətində ona tam sərbəstlik verdi.

Amma bu o demək deyil ki, “Qarabağ”da hamı Qurban Qurbanovu dəstəkləyir. Yox, sabah uğursuzluq olsa, məhz Qurban Qurbanov önə veriləcək. İndi uğurların kölgəsində yatana adamlar, həmin vaxt məsuliyyəti “bütün səlahiyyəti Qurbana vermişdik” kəlməsi ilə üzərindən atacaq.

Böyük ehtimalla, bunu Qurban Qurbanov da bilir. Bəs onun “Qarabağ”dan getmək ehtimalı nə qədərdir? Olduqca realdır. Çünki Qurbanov mətbuata verdiyi açıqlamada “Aleks Ferqyuson, Arsen Venger olmaq istəmirəm” deyib.

Deməli, başqa komandaya keçmək ehtimalı var. Niyə də olmasın? Qurban Qurbanov hansı komandada işləsə, fəaliyyətinə müdaxilə olmasa, uğur qazana biləcək potensialdadır.

Bu potensialı bir daha göstərmək, bəzi ağzıgöyçəklərin ağzını bağlamaq üçün yeni çağırışa açıq olmaq lazımdır.

Ola bilsin ki, Rövşən Nəcəf də bu amili nəzərə alır. Onun, “Neftçi”ni inkişaf etdirmək üçün uzunmüddətli planı var. Bu planı həyata keçirmək üçün isə ən uyğun namizəd də elə Qurban Qurbanovdur. Ona görə də bu plan uğrunda mübarizə aparması qəbulediləndir.

Qurban Qurbanov Azərbaycanda “Qarabağ”la hər şeyi qazanıb. İndi yeni çağırışlara doğru getmək lazımdır. Necə ki, bunu vaxtilə Qvardiola, Mourinyo edib.

Yox, iddia etmirik ki, Qurbanov yaxın vaxtlarda “Qarabağ”ı tərk edəcək. Amma onu tövsiyə edirik ki, heç vaxt “heç vaxt” deməyin. Və Qurban Qurbanovun, məsələn, “Qarabağ”dan “Neftçi”yə keçməsində də heç vaxt qəbahət axtarmayın. Bir dönün, dünya futboluna baxın…

Natiq Muxtarlı

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button