GündəmManşet

Bakıda 11 min bina təhlükəli vəziyyətdədir

Məlum olduğu kimi, 6 fevral tarixində səhər saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7.7 və 5 saat sonra 7.6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində Türkiyənin digər bölgələrində də – Diyarbəkir, Adana, Hatay, Malatya, Adıyaman və Qaziantepdə böyük dağıntılar və insan tələfatı yaşanıb. Son məlumatlara görə, zəlzələ nəticəsində 5434 nəfər həlak olub. Təbii fəlakət nəticəsində 5 775 binanın tamamilə dağıldığı, 10 mindən artıq tikilinin isə qəzalı vəziyyətə düşdüyü bildirilir.

Qeyd edək ki, zəlzələ bütün dünyada qarşısı alına bilməyən və böyük itkilərə səbəb olan təbii fəlakətdir. Seysmik hərəkət olan zəlzələ, ən sadə dillə desək, yer qabığındakı qırılmaların səbəb olduğu dalğaların yerin səthində yaratdığı titrəmələrdir. Zəlzələn nətiəsində baş verən təkanların gücü 12 ballıq rixter şkalasıyla müəyyən olunur. Dünyada hər il minlərlə insanın maddi və mənəvi itkisinə səbəb olan zəlzələlərdə insan tələfatının ən böyük səbəbi zəlzələyə davamlı olmayan binalardır.

Hazırda qardaş Türkiyədə yaşanan bu acı olayı yaxından izləyən vətəndaşlarımızda istər-istəməz belə bir narahatlıq doğuran sual yaranıb: “Bu faciə Bakıda baş versəydi, nə olardı?”.

Təbii ki, belə bir hadisənin yaşanmasını heç kim istəməz. Lakin nəzərə almalıyıq ki, Azərbaycan tektonik zonada yerləşir və əhalinin üçdə birinin məskunaşdığı Bakı şəhəri də bu risk bölgəsinə daxildir. Ekspertlər paytaxt Bakının 8-9 ballıq zəlzələ zonasında yerləşdiyini, ona görə də yeni tikilən binalarda bu seysmik göstəricinin nəzərə alındığını bildirirlər. Ancaq o da məlumdur ki, uzun illərdir korrupsiyanın tüğyan etdiyi tikinti sahəsində əksər binaların tikintisində nəinki zəlzələ faktoru, hətta sıradan prosedurlar belə gözlənilməyib. Bu gün Bakıda iç-içə tikilən, qəzalı vəziyyətdə olan, istismar müddətini başa vuran yüzlərlə bina mövcuddur.

Bu cür binalar təhlükəsiz hesab oluna bilərmi?

Bu mövzuyla bağlı əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, Bakı şəhərində istismar müddətini başa vurmuş 11 minə yaxın köhnə çoxmənzilli yaşayış binası mövcuddur: “Bunlar, 2,3,4 və 5 mərtəbəli binalardır. Bu binalar təxminən 50-60 il yaşayış üçün nəzərdə tutulsa da, 10-15 ildir ki, istismar müddətini başa vurublar. Həmçinin 150-yə yaxın bina aidiyyatı qurumlar tərəfindən qəzalı kimi qeydiyyata alınıb. Düşünürəm ki, bu gün köhnə binaların monitorinqi aparılarsa, bu say daha da yüksək olacaq. Hazırda ən təhlükəli məqam bu cür binalarla bağlıdır. Əgər təbii fəlakət baş verərsə, bu binalarda insan təlafatı qaçınılmaz olacaq”.

Ekspert son illər tikinti sahəsinə ciddi nəzarətin olduğunu vurğulayır: “Azərbaycanın tikinti sahəsi 7-8 ildir ki, nəzarətdə saxlanılır. Tikintinin bütün elementləri laboratoriya şəraitində analiz edilir. Əgər standartlara uyğundursa, tikintiyə icazə verilir. Təbii ki, vaxtı ilə paytaxtda inşa edilən bəzi binalarda torpağın geoliji analizi aparılmayıb. Həmin binaların altından yeraltı sular axır ki, bu da ciddi təhlükə mənbəyi hesab olunur.

Ümumən götürsək, Bakıda 1997-ci ildən bugünə qədər iki min ətrafında yeni çoxmənzilli binal tikilib. Bu binaların sayı gələcəkdə daha da artacaq. Biz görürürk ki, köhnə binalar söküldükcə, onların yerində mərhələli şəkildə yeni hündürmərtəbəli binalar inşa edilir. Tikintinin çox olması müsbət amil olsa da, bəzi standartlara riayət olunmalıdır”.

“Bu gün Bakıda sıx şəkildə inşa olunan çoxlu sayda bina var. Tikinti zamanı ara məsafəsi ən önəmli faktorlardan biridir. Bu binalardan biri keyfiyyətszidirsə, onun uçması digər binalara da problem yarada bilər”,-deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, Türkiyə ilə müayisədə Azərbaycanda tikilən binalar daha keyfiyyətlidir: “Bizim binalarda armatur və betondan daha çox istifadə olunur. Həmçinin binanın sütunları da standartlara cavab verir. Lakin Türkiyədə baş verən zəlzələdən sonra ortaya çıxan mənzərədən aydın oldu ki, tikinti zamanı sözügedən elementlərdən çox az istifadə olunub. Nəticə də fəlakətin miqyası daha böyük oldu.

Hesab edirəm ki, Türkiyədə baş verən təbii fəlakət, paytaxtdakı hündürmərtəbəli binalardan mənzil alanların sayının azalmasına, həmçinin qiymətlərdə ucuzlaşmaya səbəb olacaq”.

Eviniz zəlzələyə davamlıdırmı?

Qeyd etdiyimiz kimi, mümkün fəlakətlərdə can və mal itkisinin qarşısını almaq üçün binaların zəlzələyə davamlılığı son dərəcə vacibdir. Binaların zəlzələyə davamlılıq səviyyəsi müxtəlif meyarlara əsasən müəyyən edilir. Zəlzələyə davamlı evlərin xüsusiyyətlərini müəyyən edən meyarları aşağıdakı kimi sıralamaq olar:

Tikinti yaşı

Zəlzələyə davamlılığı müəyyən edən ən mühüm meyarlardan biri olan yaş məsələsi bina tikildiyi ilin zəlzələ qaydalarına uyğunluğu haqqında məlumat əldə etməyə imkan verir. 1999-cu ildə və sonra tikilmiş binaların zəlzələlərə daha davamlı ola biləcəyi vuğulanır. Tikinti yaşı tikinti zamanı istifadə olunan materialların istifadə müddəti haqqında da məlumat verir. Bu materiallar zamanla öz funksiyasını itirə və binanın dayanıqlığının azalmasına səbəb ola bilər.

Yer hesabatı

Binaların dayanıqlığına təsir edən mühüm amillərdən olan zəmin, kiçik bir uyğunsuzluq nəticəsində binanın zəlzələlərə qarşı həssas olmasına səbəb olur. Axın yataqları və doldurma sahələri bina tikintisi üçün uyğun olmayan qeyri-sabit ərazilərdir. Binalar möhkəm, dayanıqlı və yeraltı sulardan təmizlənmiş torpaqlarda tikilməlidir. Bundan əlavə, döşəmədə istifadə olunan beton və digər materialların yüksək keyfiyyətli olması da son dərəcə vacibdir.

Layihə uyğunluğu

Zəlzələyə davamlılıq ilə bağlı digər mühüm məqam isə binanın yerli hökumət tərəfindən təsdiq edilmiş layihəyə uyğun inşa edilməsi və tikintidən sonra layihəyə zidd heç bir dəyişiklik edilməməsidir. Təmir və buna bənzər səbəblərdən binanın mühüm elementlərində edilən uyğunsuzluqlar zəlzələyə qarşı müqavimətə mənfi təsir göstərir.

Sütunlar

Binanın yükdaşıyan elementləri olan tir və sütunlar sarsıntıya cavab verən ilk konstruktiv elementlərdir. Kirişlərdə və sütunlarda çatların olması binanın zəlzələyə davamlı olmadığını göstərən ən bariz əlamətlərdən biridir. Bununla belə, çatsız sütun və tirlərin zəlzələyə davamlı olması da dəqiq deyil və ən yaxşı nəticə peşəkar sınaq nəticəsində əldə edilə bilər.

Rütubət

Rütubət tikinti elementlərində formalaşaraq, köhnəlmə və deformasiyalara səbəb ola, binanın keyfiyyətinə mənfi təsir göstərə bilər.

Binaların təhlükəsizliyinə kim cavabdehdir?

İlk növbədə, yeni binanın tikintisi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müsbət rəy verilməlidir. FHN tikilən və tikilməkdə olan binaların keyfiyyətli, tikinti norma və qaydalarına uyğun inşa edilməsi üçün tikinti başlamamışdan əvvəl bir sıra nəzarət funksiyalarını həyata keçirməlidir.

Bunun üçün Baş Ekspertiza İdarəsində layihə yoxlanılmalıdır. Binanın bütün tikinti norma və qaydalarına uyğunluğu, zəlzələyə dayanıqlığı məsələsi təsdiq edildikdən sonra layihəyə müsbət rəy verilir. Müvafiq rəy alındıqdan sonra digər qurumlar tikintiyə icazə verməlidirlər. Bakıda tikintiyə icazə verən orqan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, respublikanın digər bölgələrində isə yerli icra hakimiyyəti orqanlarıdır.

İkinci mərhələdə, yəni, bu qurumlardan icazə alındıqdan sonra tikinti işləri 3 formada nəzarətdə saxlanılmalıdır.

Birincisi, müəllif nəzarəti adlanır ki, orada müəlliflərin hər biri öz sahəsində tikinti getdikcə prosesə nəzarət edir. Məsələn, konstuktor armaturun vəziyyətini, düzgün yığılıb-yığılmamasını yoxlayır. Eyni zamanda su, elektrik, havalandırma təhcizatı ilə bağlı mütəxəssislər işlər həyata keçirildikcə, mərhələ-mərhələ yoxlayırlar. Onlar jurnala qeydlər edirlər ki, bəli, bu hissə düzgün yerinə yetirilib, layihəyə uyğundur və davam etmək olar.

İkinci nəzarət növü obyekt sahibinin apardığı nəzarətdir ki, bu da texniki nəzarət adlanır. Onlar da öz jurnallarında həyata keçirdikləri nəzarətin nəticələrini qeyd edirlər.

Üçüncü nəzarət növü tikinti şirkətinin daxili əməliyyat nəzarətidir. Məsələn, beton və ya armaturun hansı zavoddan gəlməsi, neçəyə alınması, necə saxlanılması, karroziyadan qorunub-qorunmaması, işçilərin vaxtı-vaxtında gəlib-gəlməməsi və kaskadan istifadə edib-etmədikləri qeyd edilir.

Bütün bu qeydlər sonda FHN tərəfindən növbəti dəfə yoxlanmalı və növbəti dəfə rəylər verilməlidir. Bu proses tikinti sona çatana kimi mərhələli şəkildə açar təhvilinə qədər davam etməlidir.

“Hər 20-25 ildə Bakıda güclü zəlzələ baş verə bilər”

Ekspertlər hər 20-25 ildən bir Bakıda güclü zəlzələnin baş verə biləcəyini deyirlər. Xatırldaq ki, paytaxda sonuncu dəfə 23 il öncə, 2000-ci ildə qeydə alınan ən böyük zəlzələ 6,8 bal gücündə hiss olunmuşdu. Zəlzələnin episentri Azərbaycanın Xəzər dənizi sektorunda yerləşirdi. Təkanlar iki dəfə dalğavari olmaqla 22 saniyə çəkmişdi. Məlumata görə, həmin vaxt 30 nəfər həlak olmuşdu. Zəlzələ nəticəsində müəyyən binalarda çatlar yaransa da, ümumilikdə ciddi dağıntılar müşahidə olunmamışdı.

“Yaxın günlərdə Azərbaycanda güclü zəlzələnin baş vermə ehtimalı yoxdur”

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib ki, yaxın günlərdə Azərbaycanda güclü zəlzələnin baş vermə ehtimalı yoxdur.

O bildirib ki, Türkiyədəki zəlzələ Azərbaycanla sərhəddən təxminən 700-800 km aralıda baş verib: “Bu uzaqlıqda baş verən zəlzələ ölkəmizdəki zəlzələ ocaqlarını oyada bilməz. Baxmayaraq ki, Azərbaycanda hər gün yeraltı təkanlar qeydə alınır. Lakin çoxu hiss olunmur. Odur ki, yaxın günlərdə ölkədə güclü təkanların olması gözlənilmir”.

Sonda qeyd edək ki, Türkiyədə baş verən bu hadisə müvafiq dövlət qurumlarımız üçün bir xəbərdarlıq olmalıdır. Bu gün metronun Qarayev, Nərimanov, Memar Əcəmi, Neftçilər, Əhmədli, İnşaatçılar, Həzi Aslanov kimi stansiyalarının yaxınlığında və şəhərin Bakıxanov, Yasamal, Xırdalan, Binəqədi, Masazır kimi yaşayış məntəqələrində sayısız-hesabsız yan-yana, hətta az qala iç-içə tikilən binalar var. Sual olunur ki, vaxtı ilə bu binaların tikintisinə icazə verən qurumlar və səlahiyyətli şəxslər gələcəkdə bu cür təbi fəlakətlərin nələrə səbəb ola biləcəyini düşünüblərmi? Təbiki, yox. Çünki insan həyatını heçə sayan belə məmurların əsas ideolgiyası daaha çox pul əldə etmək olub…

Əlbəttə, harda və nə vaxt təbii fəlakətin olacağını yalnız Allah bilir. Buna baxmayaraq, hadisələrə əvvəlcədən hazırlıqlı olmaq və təbii fəlakətin risk faktorlarını minimuma endirmək insan övladının öz əlindədir…

Bənzər yazılar

Back to top button