Hadisə

Prokuror Vaqif Xaçatryanın 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Noyabrın 7-də Bakı Hərbi Məhkəməsində Qarabağ ermənisi Vaqif Xaçatryanın işi üzrə proses keçirilib. Prosesə hakim Zeynal Ağayev sədrlik edib. Dövlət ittihamçısı yekun çıxışında Xaçatryanın ilk beş ili qapalı həbsxanada, qalan müddəti isə ciddi rejimli koloniyada qalmaqla, 15 il həbs cəzasına məhkum olunmasını istəyib.

Bundan sonra prosesdə fasilə elan edilib. Saat 14: 00-da iclas yenidən başlayacaq, vəkilin və müttəhimin yekun çıxışları olmalıdır.

* Vaqif Xaçatryan iyulun 29-da Ermənistana getmək istəyərkən “Laçın” sərhəd-keçid məntəqəsində saxlanılıb. Bundan öncə 22 dekabr 1991-ci il hadisələrilə əlaqədar Azərbaycanda başlanmış cinayət işi üzrə axtarışa verilmişdi. O vaxt bir qrup silahlı erməni Xocalı rayonunun Meşəli kəndinə hücum etmişdi. Xaçatryan və onun adamları 25 azərbaycanlını öldürüb, 14 nəfəri yaralayıb, 358 azərbaycanlını qanuni yaşayış yerlərindən didərgin salıb.

Xaçatryan Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırım) və 107-ci (əhalinin deportasiyası və ya məcburi köçürülməsi) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət Məcəlləsinin həmin maddələrində ömürlük həbs cəzasına qədər uzunmüddəti həbs cəzaları nəzərdə tutulur. Məhkəmədə o, günahını etiraf etməyib.(Turan)

Bənzər yazılar

Back to top button