Hadisə

Bakıda film kimi hadisə: Pandemiyadan istifadə edib vətəndaşın torpağında ev tikiblər?

Azərbaycan vətəndaşı Yavər İsfəndiyar oğlu İbrahimov Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərova müraciət edib.

Surəti Qaynarinfo-ya göndərilən müraciətində vətəndaş yazır ki, bir qrup şəxs birləşərək ona məxsus torpaq sahəsində özbaşına ev tikiblər. Həmin ev digər şəxsə satılıb:

“Hörmətli cənablar,

Əvvəllər Baş prokurora ünvanladığım şikayətlərə görə hədələnirəm. Suraxanı rayon 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qalır, təhdid olunuram. Vilayət Eyvazova şikayətlərim çatmır. İnanıram ki, 30-cu polis bölməsi əməkdaşlarının əməllərindən məlumatlı olsa, mənə qarşı cinayət araşdırılar, polisdən bu cinayətdən istifadə dayandırılar. Məndən tələb edirlər ki, yuxarı orqanlara şikayət etməyim. Pozulmuş hüquqlarımın bərpasından, halal mülkümdən imtina edim”.

Vətəndaş müraciətində mülkündə torpaq tikən şəxslərin adlarını sadalayır: “Mülküm Alidə Mirzəyeva və Asif Seyidov adlı şəxslər tərəfindən qəsb olunub. Bu adamlar 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən himayə edilir. Mənə məxsus mülkün özbaşına olaraq Alidə Mirzəyeva tərəfindən tikilərək vətəndaşlara satılması ilə bağlı Suraxanı rayon 30-cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdim. Amma şöbənin tədqiqatçısı, polis kapitanı Şahin Mikayılov işin hallarını düzgün araşdırmadan Alidə Mirzəyeva ilə əlbir olub, onun etdiyi cinayətə göz yumdu. Şikayətimi isə rədd etdi”.

Vətəndaş yazır ki, Baş prokurora əvvəlki müraciətindən sonra iş materialları Bakı Şəhər Prokurorluğundan tələb edilib. Lakin heç bir nəticə olmayıb: “Baş prokurora bu barədə şikayət ərizəsi ilə müraciət edəndən sonra araşdırılması üçün işi Bakı Şəhər Prokurorluğuna göndərdilər. Hələ də məsələyə baxan yoxdur. Amma Alidə Mirzəyeva guya peşman olubmuş kimi mənimlə görüşüb, halallaşmaq üçün telefonuma zəng edib. Mən də onun bu hərəkətini qəbul edib, görüşmək istəmişəm. Fikirləşmişəm ki, özünü hacıxanım adlandıran Alidə Mirzəyeva yəqin mənə dəyən zərəri ödəyər. Amma fikirləşdiyimin əksinə oldu”.

Vətəndaş deyir ki, onun torpağını qəsb edənlər şikayətlərinin qarşısını almaq üçün onu şərləməkdən də çəkinmirlər: “Alidə Mirzəyeva məni bu il sentyabrın 18-i evinə yaxın əraziyə dəvət etdi. Guya mənə dəyən zərəri ödəyəcəkdi. Görüş vaxtı dedi ki, bu şikayətlərini yığışdır, yoxsa sənin üçün pis olacaq. Səni məhv etdirəcəyəm. Sonra da hay-küy sadı ki, guya mən onun üzərinə hücum etmişəm. Bu zaman qəfildən 30-cu Polis Şöbəsinin əməkdaşları gəldi. Məni polislə təhdid etdi. Çox qəribədir ki, polislər də haqq-ədalətin tərəfini tutmaq əvəzinə, özünü “Hacı xanım” adlandıran, əslində o ərazidə hamının onu torpaq alverçisi, makler kimi tanıdığı Alidə Mirzəyevanın tərəfini saxladı. Xəbərdarlıq etdilər ki, bir də hacıxanımı incitsən, bizdən küsmə, səni başqa ad altında həbs edəcəyik!”

Vətəndaş torpağında ondan xəbərsiz ev tikilməsinin pandemiya dövrünə təsadüf etdiyini yazır: “Hörmətli Prokuror, cənab nazir!

Mənə məxsus hasara alınmış 5 sot torpaqda 2 otaq tikmişəm. Amma içərisində daim yaşamamış, vaxtaşırı aldığım əraziyə baş çəkmiş, əkin işləri ilə məşğul olmuşam. Pandemiya ilə əlaqədar olaraq bir müddət şəxsi mülkümə baş çəkə bilməmişəm. Amma bu il yanvarın 21-də ora baş çəkən zaman toprağımın 2.5 sot ərazisində naməlum şəxslər tərəfindən 2 evin tikildiyinin şahidi olmuşam. Evlərdə yaşayan insanlara yaxınlaşıb onlardan mənim torpaq sahəmdə nə üçün özbaşına ev tikdiklərinin səbəbini soruşduqda bildirdilər ki, evləri Mirzəyeva Alidə Fərəməz qızından alıblar. Alidə Mirzəyeva ilə görüşüb məsələyə aydınlıq gətirməsini istəyəndə isə bildirdi ki, torpaq sahəsini Asif Seyidovdan alıb. Onlar əlbir olub mənə məxsus torpaq sahəsini mənimsəyiblər. Hüquqlarımın pozulması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə ərizə ilə mürtaciət etdim. Amma çox təəssüf ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mikayılov araşdırmanı birtərəfli qaydada apardı. Hərtərəfli araşdırma aparılmadan cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 fevral 2021-ci ildə qərar verdi. Bu barədə Sizə də müraciət etmişəm. Hüquqlarım bərpa olunması əvəzinə, yuxarıda qeyd etdiyim kimi, mən 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən təhdid edilmiş, təhqir olunmuşam. Həyatım təhlükədədir. Xahiş edirəm, məsələni araşdırıb, qanuni ölçü götürəsiniz. Fırıldaqçılıqla məşğul olanları və onları himayə edənləri qanun çərçivəsində cəzalandırasınız”.

Vətəndaşın polisin təzyiqlərinə tuş gəlməsi ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev iddiaların əsassız olduğunu bildirdi:

“Əsassızdır. Polis qanunvericiliyə uyğun tədbirləri icra edib. Vətəndaşın məhkəməyə müracət etmək hüququ var. Ona tövsiyə edilib ki, bu hüququndan istifadə edə bilər”.

Bənzər yazılar

Back to top button