İqtisadiyyatManşet

Niyə bəzi evlər dağılır, bəziləri isə yellənir və davam gətirir?

Suriya və Türkiyədə baş verən fəlakətli zəlzələlərdən sonra azərbaycanlılar ölkədə tikinti bumu illərində tikilmiş çoxmərtəbəli binalara qorxu ilə baxırlar. Bizim hündürmərtəbəli yaşayış binalarının böyük əksəriyyəti əvvəllər Türkiyə şirkətləri tərəfindən tikilirdi, tezliklə onları türklərin təcrübəsini təkrarlayan yerli şirkətlər əvəz etdi.

Ev tikən şirkətlər üçün vacib meyarlar satılan mənzillərin ucuzluğudur, AMEA yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin dediyi kimi, 2019-cu ildən Bakıda tikinti şirkətləri tikintinin aparılacağı ərazinin seysmoloji xəritəsi üçün onlara müraciət etmirlər.

“Yaxın günlərdə Azərbaycanda güclü zəlzələ gözlənilmir”, – Yetirmişli əhalini sakitləşdirib.

Sakinlər 2000-ci ildə Bakıda baş vermiş zəlzələni xatırlayırlar, sosial şəbəkələrdə sovet dövründə və daha erkən tikilmiş binaların davam gətirdiyini, hətta çatlamadığını söyləyirlər. İmran Kərimov və Akif Həsənov sadalayırlar: Nərimanovun abidəsinin yaxınlığındakı “Sinqapur” evləri (“Vellinqton Hayts”), İçərişəhərdə bir metr qalınlığında divarları olan köhnə evlər, İkinci Dünya Müharibəsi zamanı Bakıxanov küçəsində tikilmiş evlər, “stalinkalar”…

Azərbaycanın əməkdar inşaatçısı, uzun illər “Bakqorstroymexanizasiya” trestinin işlər müdiri olmuş Ədalət Babayevin (1942-2019-ci illər) oğlu Pərviz Babayev Turan ilə söhbətində sovet illərində Bakıda yaşayış evlərinin necə tikildiyindən və onların müasir çoxmərtəbəli yaşayış binalarından necə fərqləndiyindən danışıb.

– Ədalət Babayev danışırdı ki, onların tikdikləri evlər hətta normadan artıq möhkəmləndirilirdi. Məsələn, normativə görə, qalınlığı 22 mm. armatur tələb olunurdusa, qalınlığı 36 mm. tətbiq olunurdu. Əhmədlidə trest tərəfindən tikilmiş ev sürüşmə zamanı 11 metr sürüşüb, amma qalıb, dağılmayıb.

“Atamın rəhbərlik etdiyi trest 1996-cı ildə Bakıda tikintiyə ilk başlayanlardan biri idi. SSRİ-nin dağılmasından sonra bu sahədə durğunluq oldu, çünki dövlət subsidiyaları dayandırıldı, özəl şirkətlər isə hələ yox idi.

İnvestisiyalar Sinqapurdan idi və tikintiyə təcrübəli Pol Go rəhbərlik edirdi, şirkətin prezidenti Çan Lay Tonq isə idarəçiliklə bağlı məsləhətlərini verirdi. Pol sertifikatlı mütəxəssis idi, Sidneydə 100 mərtəbəli bina və çox ciddi layihələr inşa etmişdi.

Pol Qo Türkiyədən mühəndis gətirdi, o, ilk gündən sovet normativlərinə istehza etməyə başladı və dərhal 36 mm. armaturun daha incə 22 mm. ilə əvəzlənməsini təklif etdi ki, bu 17 mərtəbəli ev üçün olduqca uyğundur və vəsaitə qənaət ediləcək. Çan onu dəstəklədi, çünki tikinti daha ucuz başa gələcəkdi. Lakin Pol qəti şəkildə sovet normativlərinə uyğun inşa etməyə israr etdi və onunla əsaslandırdı ki, yerlilər tikinti şərtlərini daha yaxşı bilirlər və qaydaları dəyişdirməyəcək.

1999-cu ildə tikinti zamanı Türkiyədə 10 mindən çox insanın ölümülə nəticələnən dağıdıcı zəlzələ baş verdi. Evlər kibrit qutuları kimi yığılmışdı. Keyfiyyətsiz tikinti və bütün mövcud normaların pozulması ilə əlaqədar yüzlərlə iş qaldırılmışdı. Bakıda zəlzələ zamanı isə Polun sovet normativlərinə uyğun tikdiyi evdə suvaq belə dağılmadı”.

Ədalət Babayev Bakının mərkəzində, köhnə dəyirmanın yerində “Landmark” ofis binasının tikintisi zamanı da oxşar vəziyyətdən danışıb. Türklər tikirdilər və yerli mütəxəssislərin fikirlərini dinləmirdilər. Sonralar Ə.Babayev bir müddət orada ofislərdən birində çalışmışdı və ciddi problemləri görmüşdü: gah bir korpusda, gah digərində təmir işləri aparılırdı.

“Atam deyirdi ki, Bakının “bəxti gətirib”, şəhər qumun üstündə yerləşir və bir çox zəlzələ yumşaq torpaqla söndürülür”, – Azərbaycanın əməkdar inşaatçısının oğlu xatirələrini bölüşüb.

Azərbaycanda son 40 ildə ən güclü zəlzələ 25 noyabr 2000-ci ildə Bakıda baş verib. 22 nəfər həlak olub. Onlardan üç nəfəri zəlzələ zamanı aldığı xəsarətlərdən ölüb. Bakı təcili yardım stansiyasının məlumatına görə, ölənlərin əksəriyyəti stresdən qaynaqlanan ürək tutmasından ölüb. Bakıda yeraltı təkanlar güclü – 6,5 bala qədər olub.

Zəlzələnin episentrində-Xəzər dənizində təkanların gücü Rixter şkalası üzrə 7 baldan çox olub. Şəhər binalarına ciddi ziyan dəyməyib. Adamlar təkanların təkrar baş verməsi təhlükəsindən gecəni bayırda keçirməli olublar.

Bakının yaşayış sektorunda ən təsirli fəlakət 28 avqust 2007-ci il tarixində Bakı şəhərinin Yasamal rayonunda, Murtuza Muxtarov küçəsi, 185-də tikintisi tamamlanmamış 16-cı mərtəbənin çökməsi olub. Çökmənin səbəbi tikinti normalarının kobud şəkildə pozulması olub, hökumət komissiyası belə rəy verib.

Qəza zamanı binada 30-a yaxın işçi olub. İlk iki gün ərzində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları müxtəlif xəsarətlər almış dörd inşaatçını dağıntıların altından xilas edib və üç nəfərin cəsədini çıxarmışdı. Növbəti həftə ərzində hadisə yerində gecə-gündüz axtarış işləri zamanı daha 22 işçinin cəsədi çıxarılmışdı. Bakı prokurorluğu Cinayət Məcəlləsinin 222.2 (tikinti, mədən və ya digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması) və 222.1.2 (tikinti işlərinin aparılması qaydalarının pozulması) maddələrilə cinayət işi açmışdı. İş üzrə “Mütəfəkkir” MMC tikinti şirkətinin baş direktoru Əli Muradov, onun qardaşı, şirkətin baş mühəndisi Əsgər Əliyev, tikinti işlərinin rəhbərləri Fərhad Həsənov, Qədir Səlimov və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-kommunal İdarəsinin rəhbəri Akif Məhərrəmov həbs edilərək mühakimə olunmuşdular.

Bənzər yazılar

Back to top button