Hadisə

Məhkəmə Bəxtiyar Hacıyevi azad etməyib

Fevralın 8-də Bakı Apellyasiya Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı şikayətini təmin etməyib.

Vəkil Zibeydə Sadıqova Turan-a bildirib ki, prosesdə 31 gündür aclıq edən Hacıyevin özü də iştirak edib.

“Onun səhhəti artıq yaxşı deyil. Dünən axşam halı pisləşib. Həkim dərman verməyib ki, mədəsində problem yarana bilər. Özü dedi ki, ancaq səhərə yaxın yuxuya gedib”, – vəkil bildirib.

Onun sözlərinə görə, Hacıyevə nə vəkilə, nə də ombudsmana zəng etməyə icazə verməyiblər.

O həmçinin bildirib ki, Hacıyev məhkəməyə vəsatət və ombudsmana müraciət hazırlayıb, lakin İstintaq Təcridxanasında bu qeydləri ondan alıblar.

*Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbilə aclıq elan edib. Dekabrın 28-də ictimaiyyətin və ailə üzvlərinin təkidli çağırışlarından sonra aclığı dayandırıb. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra yenidən aclığa başlayıb və indiyədək davam etdirir.

Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

Bənzər yazılar

Back to top button