DünyaManşet

NATO sədri: “Putin qalib gələrsə, bu, hamımız üçün təhlükəli olacaq”

“Rusiya yeni hərbi hücuma hazırlaşır”, bu barədə NATO baş katibi Yens Stoltenberq çərşənbə günü Vaşinqtonda bildirib.

Stoltenberq Vaşinqtona çərşənbə günü gəlib, burada dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin, habelə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüş keçirib.

“Bu gün biz Ukraynadakı vəziyyəti müzakirə etdik”, deyə o, Entoni Blinkenlə birgə mətbuat konfransında bildirib.

“Putin qalib gələrsə, bu, Ukrayna üçün faciə olar, amma bu, həm də bizim hamımız üçün təhlükəli olar”, deyə Stoltenberq bildirib.

“Bu, təkcə Putin deyil, həm də digər avtoritar rejimlər üçün güc tətbiq etməklə öz məqsədlərinə nail ola biləcəklərinə dair aydın mesaj olacaq. Bu, dünyanın daha da təhlükəli olmasına səbəb olacaq və biz hamımız daha zəif olacağıq”, deyə o, sözünə davam edib.

Stoltenberqin fikricə, Pekin diqqətlə müşahidə edir və onun gələcək qərarlarına təsir edə biləcək dərslər çıxarır. “Bu gün Avropada baş verənlər sabah Asiyada da baş verə bilər”, deyən baş katib Çinin silahlı qüvvələrini, o cümlədən nüvə silahını ciddi şəkildə inkişaf etdirdiyini bildirib.

“Çin Cənubi Çin dənizi üzərində nəzarəti ələ keçirməyə çalışır və Tayvanla təhdid edir, kritik əhəmiyyətə malik infrastrukturu, o cümlədən NATO ölkələrindəki infrastrukturu nəzarəti altına götürməyə çalışır, öz vətəndaşlarını sıxışdırır və insan hüquqlarını tapdalayır, Moskva ilə strateji tərəfdaşlığını dərinləşdirir. Beləliklə, NATO müttəfiqlərinin real narahatlıqları var ki, biz bu gün onları müzakirə etdik”, deyə o bildirib.

Biz çəkindirmə və müdafiə vasitələrimizi möhkəmləndirməyə, habelə müdafiə xərclərimizi artırmağa davam etməliyik və belə də edirik”, deyə Stoltenberq qeyd edib.

Blinken, öz növbəsində, prezident Zelenskinin Rusiyanın təcavüzkar müharibəsinə birdəfəlik son qoymağın və ədalətli və möhkəm sülhə gedən yol çəkməyin yeganə yolunun diplomatiya olduğu haqqında sözlərindən sitat gətirib. Amma Putin “indi diplomatiyaya maraq göstərmir”.

“Cəmi bir neçə həftə əvvəl Putin belə deyib: Ukrayna “yeni ərazi reallıqlarını” qəbul edənə qədər danışacaq heç nə yoxdur. Başqa sözlə, Ukrayna və bütün dünya Ukrayna ərazilərinin işğalı ilə barışmalıdır”, deyə Blinken bildirib.

Müharibənin baş çatmasını sürətləndirməyin ən yaxşı yolu Ukraynaya hərbi dəstəyi davam etdirməkdir. Bu, danışıqlar baş tutacağı zaman bu danışıqlarda Ukrayna üçün daha yaxşı şərtlərə zəmanət verir, deyə Blinken əlavə edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button