Siyasət

AİHM “Nardaran işi”nin 8 fiqurantına təzminat ödənilməsi haqqında qərar çıxarıb

Avropa İnsan Haqları Məhkəməsi fevralın 9-da Azərbaycandan göndərilmiş 10-dan artıq ərizə üzrə 3 yekun qərar və qərardadlarını elan edib.

Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarının Monitorinq Qrupunun rəhbəri Xalid Ağaliyev bildirib.

Onun sözlərinə görə, ərizələrdə əsasən işgəncəyə, pis rəftara məruz qalmamaq, ədalətli məhkəmə araşdırması, mülkiyyət hüquqlarının pozuntuları mübahisələndirilib.

“Qərardadların 2-si tərəflərin dostca anlaşmalarına, digəri isə hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsasən çıxarılıb”, deyə o bildirib.

Hüquqşünas qeyd edib ki, bir işdə Avropa Konvensiyasının 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu da mübahisələndirilib.

Cabbar Cabbarov və başqaları Azərbaycana qarşı işi ilə bağlı hüquqşünas qeyd edib ki, bu məhkəmə işində ərizəçilərin hamısı 2015-ci ildə “Nardaran hadisələri” zamanı Müsəlman Birliyi Hərəkatının üzvləri kimi Bakının Nardaran qəsəbəsində və digər şəhərlərdə həbs və edilib, müxtəlif cinayətlərə görə azadlıqdan məhrum olunublar.

“Ərizələrin hamısı saxlanılan və tutulan zaman pis rəftara məruz qalmalarından, belə rəftar iddialarının effektiv araşdırılmamasından şikayət ediblər. Onlar AİHM qarşısında iddia ediblər ki, həbs edilərkən, saxlanılan və bir yerdən başa yerə aparılan zaman pis rəftarla üzləşiblər. İddialarına görə, belə rəftarın məqsədi onlardan istənilən ifadələri almaq olub”.

Xalid Ağaliyev deyir ki, Cabbar Cabbarov və başqaları Azərbaycana qarşı məhkəmə işində ərizəçilərin hamısı 2015-ci ildə “Nardaran hadisələri” zamanı Müsəlman Birliyi Hərəkatının üzvləri kimi Bakının Nardaran qəsəbəsində və digər şəhərlərdə həbs edilmiş, daha sonra müxtəlif cinayətlərə görə azadlıqdan məhrum olunmuşdular.

Ərizəçilərin hamısı saxlanılan və həbsdə tutulan zaman pis rəftara məruz qalmalarından, belə rəftar iddialarının effektiv araşdırılmamasından şikayət etmişdilər.

Onlar AİHM qarşısında iddia edirdilər ki, həbs edilərkən, saxlanılan və bir yerdən başa yerə aparılan zaman pis rəftarla üzləşiblər. İddialarına görə, belə rəftarın məqsədi onlardan istənilən ifadələri almaq olub.

Hüquqşünas deyib ki, kommunikasiya zamanı hökumət ərizəçilərin iddia etdikləri pozuntuları etiraf edib. Hökumət ərizəçilərin hər birinə 8 min avro təzminat ödəməyi və ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasını təklif edib.

“Ərizəçilər bu təklifi qəbul etməyiblər, bildiriblər ki, hökumət onların hüquqlarının pozulduğunu etiraf etsə də, Konvensiyanın öhdəliklərinə necə əməl edəcəyini və pozulmuş hüquqların nəticələrinin aradan qaldırlması üçün hansı tədbirləri görəcəyini aydın ifadə edə bilməyib. Ərizəçilər həmçinin, hökumətin təklif etdiyi mənəvi zərər əvəzinin məbləğinin çox az olduğunu ifadə ediblər.

Bununla belə, AİHM işin araşdırılmasının davam etdirilməsi üçün əsaslar görməyib, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Qərara əsasən, hökumət 3 ay ərzində ərizəçilərə – Cabbar Cabbarov, Etibar İsmayılov, Abbas Hüseynov, İbrahim Xudaverdiyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Cabir Əliyev və Ruzi İsmayılovun hər birinə 8 min avro ödəməlidir”.

Xalid Ağaliyev deyir ki, ikinci qərar İlqar Rzayevin Azərbaycana qarşı işi ilə bağlı olacaq.

Bu işdə ərizəçi Açıq Cəmiyyət Partiyasının üzvü olub. Anası və qardaşı da adı çəkilən müxalif partiyanın üzvü olan ərizəçi hadisələrin baş verdiyi vaxt daşınmaz əmlak şirkətində işləyib.

2012-ci il aprel ayında Bakı şəhərində İctimai Palata adlanan müxalif birliyin etiraz aksiyası keçirilib. Aksiyada ərizəçinin anası hökumətə yönəlik sərt tənqidi çıxış edib, ərizəçinin təqdim etdiyi press-relizlərə görə ölkə başçısını “korrupsioner və diktator” adlandırıb.

Həmin aksiyadan bir neçə gün sonra ərizəçi iş yerinin yaxınlığındakı küçədə saxlanılaraq, Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb. Polis nəzarəti altında axtarış zamanı onun üzərindən heroin aşkar edilib. Eyni gündə polislər ərizəçinin mənzilində də axtarış aparıb, orada da heroin aşkar ediblər. Ərizəçiyə narkotik cinayətlərinə görə cinayət işi açılıb, barəsində məhkəməyə qədər həbs qətimkan tədbiri seçilib.

Bir neçə ay sonra Nərimanov Rayon Məhkəməsi onu təqsirli sayaraq iki il müddətinə azadlıqdan məhrum edib. Hökm maddi sübutlara, polis əməkdaşlarının və şahidlərin ifadələri ilə əsaslandırılıb. Yuxarı məhkəmələr ərizəçinin şikayətlərini rədd edib.

Onun sözlərinə görə, ərizəçi AİHM qarşısında iddia edir ki, onunla bağlı məhkəmə prosesi ədalətli olmayıb (6-cı maddə), cinayət məsuliyyətinə məhz müxalifətçi olduğuna görə cəlb edilib (14-cü maddə).

AİHM kommunikasiya zamanı hökumətə qeyd edilən pozuntularla yanaşı, Konvensiyanın 18-ci maddəsinin pozulması kontekstində də suallar göndərib.

“Bu iş üzrə qərardad tərəflərin dostca anlaşmalarına əsasən çıxarılıb. Anlaşmaya görə, hökumət ərizəçiyə 5000 avro mənəvi zərər, 1500 avro xərc və məsrəf əvəzi ödəməlidir”, deyə o bildirib.

Zöhrə Hacıyeva Azərbaycana qarşı məhkəmə işində isə mülkiyyət hüququnun pozuntusu mübahisələndirilib.

Hüquqşünasın sözlərinə görə, ərizəçiyə məxsus mülkiyyət dövlət ehtiyacları üçün özgəninkiləşdirilib.

“Ona təzminat da ödənilib. Ancaq ərizəçi AİHM qarşısında iddia edir ki, qanunvericilik ümumi təzminatdan başqa ona 20 faiz məbləğində kompensasiyaya əlavənin ödənilməsini də nəzərdə tutur. Həmin məbləğ ərizəçiyə ödənilməyib”, deyə o qeyd edib.

Hüquqşünas deyir ki, bu iş üzrə yekun qərardad da tərəflərin dostca anlaşmasına əsaslanır.

“Qərardad ərizəçiyə 4220 avro maddi zərər, 3000 avro mənəvi zərər, 500 avro xərc və məsrəf əvəzi ödənilməsini nəzərdə tutur”, deyə X.Ağaliyev bildirib. (Turan)

Bənzər yazılar

Back to top button