İqtisadiyyat

18 faiz ƏDV götürülməsə, quş ətinin bahalaşacağı gözlənir

Nazirlər Kabineti fevralın 8-də qida sənayesi, heyvan yemi və gübrələr üzrə bir sıra mallar üçün 15 faizlik idxal gömrük rüsumlarının sıfırlanması haqqında qərar qəbul edib. Amma quş yeminə 18 faiz ƏDV qalıb.

Dövlət Statistika Komitəsinin(DSK) məlumatına görə, 2021-ci illə müqayisədə ötən il ət istehsalı (quş əti daxil) 3 faiz artaraq 628 min tona çatıb. Yumurta istehsalı isə 9.8 faiz artaraq 2 milyard 18.1 milyon ədəd təşkil edib..

Rəsmi məlumata görə, Azərbaycanda süfrə yumurtası üzrə yerli istehsal daxili tələbatı 130 faiz ödəyir, quş ətinə tələbat da, əsasən, yerli istehsalın payına düşür.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından “Turan”a bildirilib ki, əgər ƏDV-nin ləğvi ilə bağlı qərarın müddəti uzadılmasa, yemin qiymətində artım müşahidə ediləcək, bu da toyuq ətinin qiymətinə təsir göstərəcək: “Yem xərclərinin toyuq ətinin maya dəyərində payı 70 faizə yaxındır. Yem əlavələri adətən xaricdən gətirilir. Xaricdə satılan yemlərin qiymətində hazırda bahalaşma yoxdur”.

Qurumdan qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilib: “Bəzi yemlərin rüsumdan azad edilməsi ilə bağlı müvafiq qurumlardan müsbət cavab almışıq. Hazırda sənədlər Nazirlər Kabinetindədir. Yaxın müddətdə Nazirlər Kabineti bu işə baxacaq”. Məsələyə Nazirlər Kabinetindən isə münasibət öyrənmək mümkün olmayıb.

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, yemlə bağlı güzəştlər ləğv olunursa, bu, qiymətə təsir edəcək: “Çünki Azərbaycanda toyuqculuq fermalarında istifadə olunan yemin və vitamin əlavələrin böyük hissəsi, əsasən, xaricdən alınır”.

İqtisadçının sözlərinə görə, quş istehsalçılarında gözlənti var idi ki, güzəştlərin müddəti uzadılacaq, amma bu, baş vermədi: “Bugünlərdə digər sahələrlə bağlı Nazirlər Kabinetinin qərarı oldu, amma məhz bu sahə ilə bağlı qərar nədənsə nəzərdə tutulmadı. Bu da onu göstərir ki, quş yemində, vitaminlərdə, əlavələrdə təqribən 18 faiz artım olacaq. Bu da quş ətin istehsalının maya dəyərinə təsir göstərəcək. Buna görə də quş ətinin yaxın həftələrdə bahalaşmasına şahidlik edəcəyik”.

N.Cəfərlinin fikrincə, ƏDV-nin ləğv edilməsi ilə bağlı qərarın uzadılmaması monopolistlərin maraqlarına cavab verir.

Bənzər yazılar

Back to top button