İdman

“Gent”in hücumçusu: “Qarabağ” dinamik komandadır və çox ayıq olmalıyıq”

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent”in hücumçusu Uqo Kuypersin futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”la oyun haqda nə düşünürsən?

– Bu, bizim indiyə qədərki ən uzaq Avropa səfərimiz olacaq. Uzaq məsafəyə uçuşdur. Lakin “Qarabağ” da bizimlə oyuna gələrkən eyni məsafəni qət edəcək. Azərbaycan liqası Belçikada çox az tanınır. Amma bu o demək deyil ki, biz “Qarabağ”ın zəif və ya aşağı səviyyədə komanda olduğunu düşünürük. Onların həm əvvəlki mövsümdə, həm də bu mövsümdə Avropadakı matçları göstərir ki, təhlükəli rəqibdirlər.

– Ümumiyyətlə, bu komandanın matçlarını izləmisiz? Hansısa məlumata sahibsiz?

– Mənə dedilər ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının topla daha çox oynamasını xoşlayır. Həmçinin Qurbanovun Azərbaycan milli komandasının bombardiri olduğunu bilirəm. Ona görə təcrübə çatışmazlığı yoxdur. Onlar Azərbaycan çempionatında digər rəqiblərindən böyük fərqlə irəlidədirlər və liderdirlər. Avropa Liqasında evdəki heç bir matçda məğlub olmayıblar. “Frayburq”, “Nant” və “Olimpiakos” kimi rəqiblərə çətin anlar yaşadıblar. Bütün bunları nəzərə alsaq, yaxşı rəqiblə mübarizə aparacağıq.

– “Qarabağ”dan tanıdığınız futbolçu varmı?

– Tezliklə onların oyunlarını təhlil etməyə və bütün futbolçuları öyrənməyə çalışacağıq. “Qarabağ” dinamik komandadır və çox ayıq olmalıyıq.

– “Qarabağ”ın hansı mövqeyi güclüdür?

– Onlar komanda olaraq güclüdürlər. Daha çox kollektiv oyuna üstünlük verirlər. Azərbaycanda qalib gəlmək istəyiriksə, ciddi hazırlaşmalıyıq.

– İlk oyun Bakıda olacaq. Bunun üçün “Qarabağ”dan daha şanslı olduğunuzu düşünürsünüz?

– Əksər komandalar ilk oyunu səfərdə keçirməyə üstünlük verirlər. Çünki bu matçda layiqli nəticə əldə etsəniz, taleyiniz öz əlinizdə olacaq. Amma futbolda hər şey baş verə bilər və bunu heç kim sığortalamır. Azərbaycandan inamlı nəticə ilə dönəcəyimizə ümid edirəm.

Bənzər yazılar

Back to top button