GündəmManşetSiyasət

Deputatlar fransız jandarmalarını Azərbaycan ordusu üçün təhlükə hesab etmirlər

Yanvarın 23-də Avropa İttifaqının xarici işlər nazirləri sərhədyanı rayonlarda sabitliyin təmin edilməsi, Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və münasibətlərin normallaşdırılması üçün Ermənistanda vətəndaş missiyasının yaradılmasını təqdir ediblər. Missiyada 100 müşahidəçi xidməti nəzərdə tutulub. Yerevan kontingentin missiyasına jandarmaların daxil edilməsilə bağlı prezident Makronla razılığa gəlib.

Avropa İttifaqının Ermənistandakı missiyası fevralın 20-dən işə başlayacaq, onun tərkibinə Fransadan 8 jandarma daxil olacaq, Avropa Parlamaentinin fransalı deputatı Natali Luazo CivilNet-ə bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa jandarmalarının Ermənistanla sərhədin yaxınlığına gözlənilən gəlişini şərh etmir.

Milli Məclisin deputatı Rasim Musabəyov Turan ilə söhbətində Avropa İttifaqı missiyasının tərkibində 8 fransız jandarmasını “çubuqsuz sıfır” adlandırıb.

“Tutaq ki, hər müşahidəçi ilə yanaşı Fransadan üç köməkçi olacaq. Nə olsun? Hərbi baxımdan onlar Azərbaycan üçün təhlükə yaratmırlar. Jandarmların ardından Fransa hərbi bazasının Ermənistana gəlməsinin mümkünlüyü barədə Ermənistan mətbuatının yaydığı fikirlər isə tamamən cəfəngiyyatdır.

Fransanın bu ölkədə hərbi bazanı saxlamaq üçün Ermənistana nəqliyyat kommunikasiyaları yoxdur. Avropa İttifaqı müşahidəçilərinin Ermənistana gəlməsi Ermənistan-Rusiya münasibətlərində problemdir, qoy, ermənilər düşünsünlər ki, bunun öhdəsindən necə gələcəklər”, – politoloq Rasim Musabəyov əlavə edib.

Milli Məclisin deputatı Arzu Nağıyev Turan-a bildirib ki, lap əvvəldən aydın idi ki, Avropa İttifaqının missiyası təkcə mülki vətəndaşlardan və siyasətçilərdən ibarət deyil.

“Onların arasında kəşfiyyatçılar da olacaq, çünki müşahidəçilərin əsas missiyası öz hökumətinə məruzə təqdim etməklə Azərbaycan ərazisinin vizual öyrənilməsidir. Fransada jandarma missiyasını məhz belə gördülər. Azərbaycan tərəfi buna hazırdır. Bu müşahidəçilərin bölgəyə, sərhədə gəlişi sabitliyin yaranmasına zərər verən, sülhü pozan amildir, çünki missiyanın məqsədi birtərəflidir, Ermənistanın kəşfiyyat maraqlarını təmin etməkdir. Hərbi baxımdan jandarmaların iştirakı Azərbaycanın sərhədləri üçün təhlükə deyil”, – Milli Məclisin deputatı və Trend Beynəlxalq İnformasiya Agentliyində baş direktorun müavini Arzu Nağıyev əlavə edib.

Hakim Yeni Azərbaycan Partiyasından deputat Aydın Mirzəzadə ermənilərə öz siyasətlərilə məşğul olmağı tövsiyə edib, bunun nəticəsi Ermənistanda Rusiya Federasiyasının 102-ci hərbi bazasının, Rusiya sərhədçilərinin, indi də avropalı müşahidəçilərin və Fransadan olan hərbçilərin yerləşdirilməsi olub.

“Qoy, Ermənistanda özləri başa düşsünlər, nə istədiklərini anlasınlar: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaq və ya Azərbaycana qarşı istifadə etmək üçün regiona üçüncü qüvvə gətirmək. Ermənistanda Avropa İttifaqı missiyası və Fransa jandarmaları bizim üçün təhlükə deyil, Yerevan öz ərazisində istədiyi hər şeyi edə bilər. Ancaq başa düşmək lazımdır ki, bu cür hərəkətlər sülh prosesinə mane olur. Bakı Yerevana sülh müqaviləsinin bağlanmasına dair təkliflər təqdim edib, cavab gözləyir. Ermənistanda Fransa hərbi bazasının yaradılması perspektivilə üçüncü ölkə hərbçilərinin regiona cəlb etməklə Azərbaycana yeni təhlükə yaratdığı üçün Yerevan dünya birliyinə cavab verəcək. Bu, Azərbaycana qarşı üçüncü qüvvələri cəlb etməklə bağlı ermənilərin ilk cəhdi deyil və bu, həmişə uğur gətirməyib. Bu dəfə də belə olacaq”, – deputat Aydın Mirzəzadə Turan-a bildirib.

Artıq Rusiya Avropa missiyasının Ermənistana dəvət olunmasını qəbul etmədiyini bildirib.

“Cənubi Qafqaza regiondankənar amilin gətirilməsinə heç bir əsas yoxdur. Amma Avropa İttifaqı işi məhz buna doğru aparır, həm də Azərbaycanla razılaşdırmadan, çox yöndəmsiz şəkildə… Bu cür hərəkətlər Rusiyanın Azərbaycan-Ermənistan normallaşması prosesindən kənarlaşdırılmasına yönəlib.

“Vətəndaş missiyası” termininə aldanmaq lazım deyil. Özünüz dediniz ki, onun tamamilə mülki olmayacağını düşünməyə əsas var… Onun mümkün hərbi komponentlərlə hansısa iştirak formasına çevrilmə ehtimalı missiyanın Qarabağ ərazisini nəzərdən keçirməyə başlaması ehtimalıdır ki, bu da mandatın pozulması olacaq və bu da risklərin olduğunu deməyə vadar edir. Əgər missiyanın Qarabağ ərazisində iştirakının genişləndirilməsi cəhdləri həyata keçirilərsə, bu, Rusiya sülhməramlıları və sərhədçiləri üçün problemlərin yaranmasına səbəb ola bilər. Belə problemlər bütün regionda, bütün Cənubi Qafqazda təhlükəsizlik üçün riskdir”, – Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnik haqqin.az-a müsahibəsində bildirib.

“Regional problemlər region ölkələrinin iştirakı ilə həll olunmalıdır. Baxmayaraq ki, digər ölkələr də regionda sülhün və təhlükəsizliyin təminatı baxımından öz töhfələrini verə bilər. Problemlərin yalnız region ölkələrinin iştirakı ilə dialoq və müzakirələr yoluyla həlli sülhü təmin edə bilər”, – İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri erməni jurnalistlərə deyib.

Bənzər yazılar

Back to top button