Siyasət

Azərbaycanda gənclərin digər ölkələrə münasibətləri – Sorğu

Agora Analitik Kollektiv ölkənin müxtəlif bölgələrində yaşayan 35 yaşadək şəxslər arasında rəy sorğusu keçirib. Sorğuda 400 respondent iştirak edib. Sorğunun əsas məqsədi Azərbaycanda gənc əhali arasında müxtəlif ölkələrə və iqtisadi-siyasi birliklərə qarşı münasibətlərin öyrənilməsidir. Sorğu çərçivəsində respondentlərin, həmçinin, Qarabağ münaqişəsi ilə bağlı düşüncələri öyrənilib.

Sorğu çərçivəsində respondentlərdən 14 ölkə haqqında münasibətlərini bildirmələri istənmişdir. Müvafiq cavab variantları “çox bəyənirəm”, “bəyənirəm”, “neytral”, “bəyənmirəm” və “heç bəyənmirəm” şəklində müəyyən edilib. Cavablarının analizi göstərir ki, Azərbaycanda gənclər arasında ən çox müsbət münasibət bəslənən ilk üç ölkə Türkiyə (82%), Böyük Britaniya (71%) və Almaniyadır (71%). Qeyd edək ki, müsbət münasibət dedikdə “çox bəyənirəm” və “bəyənirəm” cavab seçimlərinin cəmi nəzərdə tutulur.

Ölkənin adı Çox bəyənirəm Bəyənirəm Neytral Bəyənmirəm Heç bəyənmirəm
Türkiyə 40% 42% 12% 1% 5%
Böyük Britaniya 28% 43% 23% 4% 2%
Almaniya 28% 43% 23% 4% 2%
Ukrayna 18% 46% 31% 4% 1%
ABŞ 23% 38% 27% 9% 3%
İsrail 20% 37% 29% 10% 4%
Gürcüstan 9% 46% 37% 7% 1%
Pakistan 12% 33% 41% 9% 5%
Fransa 11% 23% 29% 23% 14%
Çin 6% 22% 42% 21% 9%
Səudiyyə Ərəbistanı 5% 15% 46% 21% 13%
Rusiya 3% 14% 32% 28% 23%
Ermənistan 1% 4% 17% 14% 64%
İran 1% 3% 24% 32% 40%

Sorğu iştirakçılarının ən çox müsbət münasibət bildirdikləri 4-cü ölkənin Ukrayna olması, Azərbaycanda gənclər arasında Rusiyanın Ukraynanı işğalından sonra sonuncuya artan dəstəyi ifadə edir. Əgər respodentlərin 64 faizi Ukraynaya qarşı müsbət mövqedə olduğunu bildiribsə, Rusiyaya qarşı bu mövqedə olanların xüsusi çəkisi cəmi 17 faizdir. Yəni, təxminən dörd dəfə daha aşağı. Sorğuda iştirak edən gənclərin yarısından çoxu – 51 faizi Rusiyaya münasibətini “bəyənmirəm” və ya “heç bəyənmirəm” kimi ifadə edib. Bu göstərici ilə, Rusiya respondentlərin ən çox mənfi münasibət göstərdiyi üç ölkədən biridir. Lakin, respondentlər arasında Rusiya ilə bağlı ən çox diqqət çəkən məqamlardan biri gənclərin yaşayış yerlərinə əsasən, Rusiyaya qarşı olan münasibətdəki fərqlərlə bağlıdır.

Respodentlərin ən az müsbət mövqe bildirdiyi ölkə Azərbaycanla 30 ildir müharibə şəraitində olan Ermənistan yox, ölkənin cənub qonşusu İrandır. Sorğu iştirakçılaırnın 5 faizi Ermənistana müsbət hislər bəslədiyini bildirdiyi halda, İranla bağlı oxşar göstərici cəmi 4 faizdir. Bu ikisi, seçimlər arasında ən aşağı müsbət hisslərin bəsləndiyi ölkələr olmaqla yanaşı, həmçinin, mənfi cavab variantlarının, yəni, “bəyənmirəm” və “heç bəyənmirəm” cavab variantlarının ən çox seçildiyi ölkələrdir. Respondentlərin 78%-i Ermənistana, 72%-i isə İrana mənfi hislər bəslədiyini bildirib.

Həmçinin, son dövlərlər Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana tənqidi mövqe ifadə edən Fransaya qarşı Azərbaycan cəmiyyətində mənfi yanaşma formalaşıb. Respondentlər arasında Fransa barədə müsbət düşüncədə olanların xüsusi çəkisi (34%) Böyük Britaniya və Almaniyaya nəzərən iki dəfə daha aşağıdır. Həmçinin respondentlərin 37 faizi Fransaya qarşı mənfi münasibət bəslədiyini bildirib. Bununla da Fransa Ermənistan, İran və Rusiyadan sonra gənclər arasında ən çox mənfi münasibət bəslənən ölkəyə çevrilib.

Respodentlərin “Azərbaycanın aşağıdakılardan hansı ilə siyasi ittifaqa daxil olmasını istərdiniz?” sualına verdikləri cavablardan aydın olur ki, ölkədə gənclər arasında Avropa İttifaqı ilə yaxınlaşmasını dəstəkləyənlərin sayı, Avrasiya İttifaqına nəzərən kəskin yüksəkdir. Onların 61 faizi Avropa İttifaqına daxil olmağı dəstəklədiyi halda, cəmi 3 faizi Avrasiya İttifaqına qoşulmağı dəstəkləyib. Sorğu iştirakçılarının 20%-i, yəni, hər beş gəncdən birinin məsələ ilə bağlı fikri olmadığını qeyd edib. Bu nəticəni də ölkədə gənclər arasında əsas xarici aktorlarla bağlı etimadın və ya məlumatlılğın aşağı olmasının göstəricisi hesab etmək olar.

“Aşağıdakı ölkələrdən hansını Azərbaycanın müttəfiqi hesab edirsiniz?” sualında respondentlərin ən çox seçdiyi ölkələr Türkiyə, Pakistan, İsrail, Ukrayna və Gürcüstandır. Avropa ölkələrinə müsbət münasibətin olmasına, eləcə də ölkə əhalisinin mütləq əksəriyyətinin Avropa Birliyi ilə yaxınlaşmanı dəstəkləməsinə baxmayaraq, heç bir qərb ölkəsi əhalinin dominant hissəsi tərəfindən müttəfiq olaraq görülmür.

“Aşağıdakı ölkələrdən hansıları Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edirsiniz?” sualına verilən cavablardan aydın olur ki, Azərbaycanda gənclər arasında ölkənin təhlükəsizliyinə ən böyük təhlükə kimi görülən ölkə Ermənistan yox, Rusiyadır. Sorğuda iştirak edən şəxslərin 81 faizi Rusiyanı Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edir. Növbəti yerləri tutan Ermənistan və İranla bağlı isə oxşar göstərici bir-birinə çox yaxındır. Fransanın son dövlər Ermənistanla ortaq mövqedən çıxış etməsi gənclərin təxminən üçdə birinin bu ölkənin Azərbaycanın milli təhlükəsizliyinə təhdid olaraq görməsinə gətirib çıxarıb. Maraqlıdır ki, respondentlərin 8 faizi ABŞ-ı Azərbaycanın müttəfiqi hesab etdiyi halda, onların 17 faizi ABŞ-ı Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edir. Hindistanla bağlı qeydə alınan nəticənin də nisbətən yüksək olması Qarabağ münaqişəsi ilə bağlı ola bilər. Nəzərə almaq lazımdır ki, Hindistan Ermənistanın silah ixracatçılarından biridir.

Sorğu çərçivəsində 35 yaşadək olan şəxslərdən, həm də, Qarabağ münaqişəsi ilə bağlı fikirləri soruşulub. “Yaxın illərdə Azərbaycan və Ermənistan arasında münaqişənin həll olacağına inanırsınızmı?” sualına verilən cavablardan aydın olur ki, gənclərin əksər hissəsi münaqişənin tezliklə başa çatacağı ilə bağlı pessimist fikirdədir. Respondentlərin 52 faizi münaqişənin yaxın illərdə həll olacağına inanmadığını bildirib. Cəmi 23% respodent yaxın illərdə münaqişənin həll olacağına inanır. acağına inanırsınızmı?

Respodentlərin böyük hissəsi yaxın illərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını gözləməsələr də, bunu istəyirlər. Belə ki, “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirsinizmi?” sualına verilən cavabların analizi göstərir ki, respodentlərin 62%-i münasibətlərin normallaşmasını dəstəklədiyini bildirib.

Sorğu iştirakçıları Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləsə də, onların böyük əksəriyyəti – 59 faizi Qarabağda azərbaycanlıların və ermənilərin birgəyaşayışını mümkün hesab etmir. 26 faiz bunu mumkun hesab edir, 15 faiz isə qərarsızdır.

Qarabağ ermənilərinə Azərbaycanın tərkibində hər hansı bir status verilməsi məsələsində də, gənclərin əksəriyyəti bir düşüncədədir. Respondentlərin dörddə üçü Qarabağ ermənilərinə Azərbaycan daxilində hər hansı status verilməsini dəstəkləmədiyini bildirib. Yalnız 10 faiz status veriləsinə müsbət münasibət göstərib, 14 faiz isə qərarsızdır.(Turan)

Bənzər yazılar

Back to top button