Dünya

ABŞ Yəmənə zərbələrdən sonra İrana “şəxsi mesaj” göndərib

Prezident Bayden bildirir ki, ABŞ qruplaşmaya ikinci zərbə endirəndən sonra Yəməndəki husilərlə bağlı İrana “şəxsi ismarış” göndərib.

“Biz onu özəl olaraq çatdırdıq və əminik ki, yaxşı hazırlaşmışıq”, deyə o, ətraflı açıqlama verib.

ABŞ son zərbəsinin radarı hədəf alan “sonrakı hərəkət” olduğunu bildirib.

İran Qırmızı dənizdə husilərin hücumlarında iştirakını inkar edir.

Bununla belə, Tehran husiləri silahla təmin etməkdə şübhəli bilinir və ABŞ bəyan edir ki, İran kəşfiyyatı onların gəmilərə hücum etməsi üçün həlledici rol oynayır.

Birləşmiş Krallıq və ABŞ-ın birgə hava hücumları cümə günü səhər saatlarında husilərin 30-a yaxın mövqelərinə zərbələr endirib. Hava hücumları Avstraliya və Kanada da daxil olmaqla Qərb müttəfiqlərinin dəstəyi ilə həyata keçirilib.

Bir gün sonra ABŞ Mərkəzi Komandanlığı yerdən atılan “Tomahawk” qanadlı raketlərindən istifadə edərək husilərin Yəməndəki radarına son hücumunu həyata keçirdiyini bildirib.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron deyib ki, Britaniyanın Yəməndəki husilərin Qırmızı dənizdəki gəmilərə hücumlarına cavab olaraq onlara qarşı hərbi əməliyyat keçirməkdən başqa “seçimi yoxdur”.

O, “The Telegraph” qəzetindəki yazısında Böyük Britaniyanın baş naziri Rişi Sunakın ABŞ-ın “məhdud və hədəfli” zərbələrlə bağlı yardım tələbinə razılıq verdiyini bildirib.

Husilərin nümayəndəsi “Reuters”ə bildirib ki, zərbələr qrupun gəmiçiliyə təsir etmək qabiliyyətinə ciddi təsir göstərməyib.

Husilər Yəmənin şiə müsəlman azlığının Zeydi məzhəbinə mənsub silahlı qruplaşmadır. Yəmənlilərin əksəriyyəti husilərin nəzarəti altında olan ərazilərdə yaşayır. Husilər Səna və Yəmənin şimalından əlavə Qırmızı dəniz sahillərinə nəzarət edirlər.

Qərb hökumətinin rəsmi mövqeyi ondan ibarətdir ki, husilərin hədəflərinə qarşı davam edən hava hücumlarının Qəzzadakı müharibə ilə tamamilə əlaqəsi yoxdur. Onlar deyirlər ki, Qırmızı dənizdəki ticarət gəmilərinə husilərin təxribatsız və qəbuledilməz hücumlarına “lazımlı və mütənasib cavab”dırlar.

Yəməndə və bütün ərəb dünyasında husilərin hədəflərinə qarşı hava hücumlarına bir qədər fərqli baxılır.

Ornlar husilərin HƏMAS və Qəzza xalqı ilə həmrəy olduqlarını bəyan etdikləri üçün ABŞ və Böyük Britaniyanın İsrailin tərəfində Qəzza müharibəsinə qoşulduğunu görürlər. Hətta bir nəzəriyyəyə görə, “Qərb Netanyahunun əmrlərini yerinə yetirir”.

Ola bilsin ki, bu hava hücumları husilərə qarşı çəkindirici təsir göstərsin. Bunlar, şübhəsiz ki, qısa müddətdə gəmilərə hücum etmək qabiliyyətini azaldacaq.

Lakin bu hava hücumları nə qədər uzun davam edərsə, ABŞ və Böyük Britaniyanın Yəməndə növbəti münaqişəyə cəlb olunma riski bir o qədər çox olar.

Səudiyyəlilərə ölkədəki vətəndaş müharibəsinə müdaxilə etdikdən sonra oradan çıxmaq üçün səkkiz ildən çox vaxt lazım oldu və husilər indi həmişəkindən daha güclüdür.(Turan)

Bənzər yazılar

Back to top button